Hizbullah dünyanın ən ağır silahlı qeyri-dövlət qruplarından biridir və Yaxın Şərqdə İranın dəstəklədiyi, İsrail və ABŞ əleyhinə müqavimət oxunun güclü üzvüdür.
Hafta.az-ın yazdığına görə, Qəzza zolağında səkkiz aydan artıq İsraillə davam edən münaqişə zamanı Hizbullah silahlarını qismən də olsa göstərdi.
“Reuters” xəbər verir ki, toqquşmalar Hizbullah-ın hərbi arsenalının şəklini təqdim edib.
Hizbullah-ın hərbi qüdrətini dəstəkləyən böyük raket arsenalı var. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) dünya ölkələri ilə bağlı məlumatların toplandığı “The World Factbook” adlı mənbəsinə görə, Hizbullah-ın 150 minə yaxın müxtəlif model və diapazonlu raketlərə sahib olduğu təxmin edilir.
Hizbullah-dan deyilir ki, onun İsrailin bütün ərazilərini vura biləcək raketləri var. Bu raketlərin əksəriyyəti idarə olunmayan olsa da, Hizbullah-ın tank əleyhinə, təyyarə və gəmi əleyhinə raketləri, həmçinin dəqiq raketləri və pilotsuz uçuş aparatları (PUA) var.
İran Hizbullah-ın əsas dəstəkçisi və silah tədarükçüsüdür. “Reuters” agentliyinin məlumatına görə, ekspertlər İranın İraq və Suriya vasitəsilə Hizbullah-a silah göndərdiyini, Tehranın yaxın əlaqələri və nüfuzunun olduğu bildirir. Hizbullah əsasən İran, Rusiya və Çin istehsalı olan silahlara malikdir.
Hizbullah-ın baş katibi Həsən Nəsrullah 2021-ci ildə təşkilatın 100 min üzvü olduğunu açıqlayıb. CIA World Factbook-a görə, 2022-ci il üçün hesablamalar Hizbullah üzvlərinin sayının 45 min nəfər olduğunu göstərir ki, onlardan təxminən 20 mini müntəzəm, 25 mini isə ehtiyatdadır.
Hizbullah 2006-cı ildə İsraillə müharibədə idarə olunan tank əleyhinə raketlərdən geniş istifadə edib. O, həmçinin son münaqişələrdə idarə olunan raketlərdən istifadə etməkdədir. Təşkilat, İsrailin sərhəddəki mövqelərini bombalayıb. Onun tank əleyhinə raketləri arasında Rusiya istehsalı “Kornet”lər də var.
İrana yaxınlığı ilə tanınan “Al Mayadeen” telekanalının xəbərinə görə, Hizbullah son qarşıdurmalar zamanı ilk dəfə İran istehsalı olan “Almaz” adlı idarə olunan tank əleyhinə raketdən istifadə edib.
İsrailin ALMA Tədqiqat və Tədris Mərkəzinin aprel ayında dərc etdiyi hesabatda “Almaz” raketi, görmə nöqtəsindən kənarda olan hədəfləri vura bilən, trayektoriyasını dəyişən və yuxarıdan hücum edə bilən tank əleyhinə raket kimi təsvir edilib.
Hesabatda “Almaz” raketinin İranın İsrailin “Spike” model raket ailəsinə əsaslanaraq tərs mühəndislik üsulu ilə istehsal etdiyi raket ailəsinin bir hissəsi olduğu və bunun Hizbullah-ın əlində İran müdafiə sənayesi tərəfindən istehsal edilən “ən əhəmiyyətli silah” olduğu ifadə edilib.
Keçən il oktyabrın 29-da Hizbullah-ın yaydığı açıqlamada İsrailə məxsus PUA-nın Livanın cənubunda yer-hava raketi ilə vurulduğu bildirilmişdi. Hizbullah uzun müddətdir arsenalında olduğu düşünülən bu tip silahdan ilk dəfə istifadə etdiyini açıqlayıb.
O vaxtdan bəri Hizbullah İsrail təyyarələrini, o cümlədən Hermes 450 və Hermes 900 model PUA-ları yer-hava raketləri ilə dəfələrlə hədəfə alıb.
Hizbullah son münaqişələr zamanı bir neçə dəfə İsrailə partlayıcı yüklü pilotsuz təyyarələr göndərib.
Hizbullah PUA-lardan bəzən daha mürəkkəb hücumlarda, bəzən İsrailin hava hücumundan müdafiə sistemini, bəzən də hədəflərini birbaşa vurmaq üçün istifadə edirdi.
Hizbullah bu yaxınlarda hədəflərinə uçmaq əvəzinə Livana geri dönən və bomba atan PUA-larla hücumlar həyata keçirdiyini açıqlasa da, PUA-ların nə daşıdığını bildirməyib.
Hizbullah-dan deyilir ki, yerli atelyelərdə yığılan “Əyyub” və “Mersad” model PUA-ları da var. Mütəxəssislərin fikrincə, sözügedən PUA-ları aşağı qiymətə çox sayda istehsal etmək olar.
İsrail keçən il İranı Livanın cənubunda hava zolağı tikməkdə ittiham edib və onun ona qarşı hücumlar üçün istifadə oluna biləcəyini bildirib. Bölgə ilə bağlı məlumatlı mənbə bildirib ki, uçuş-enmə zolağı böyükdür və çox güman ki, silahlı PUA-ları qəbul edə bilər.
2006-cı ildə Hizbullah-ın İsraillə son müharibəsində onun raket arsenalının əksəriyyəti idarə olunmayan raketlərdən ibarət idi. Hizbullah 2006-cı ildəki müharibədə İsrailə qarşı 30 kilometr mənzilli, əksəriyyəti Rusiya istehsalı olan Katyuşa raketləri olmaqla təxminən 4 min raket atmışdı.
Hizbullahın baş katibi Nəsrullah bildirib ki, 2006-cı ildən bəri Hizbullah-ın arsenalında ən böyük dəyişiklik dəqiq idarə olunan raket sistemlərinin genişləndirilməsidir. O, Hizbullah-ın minlərlə raketi 2022-ci ilə qədər dəqiq raketlərə çevirəcək istiqamətləndirmə sistemləri ilə təchiz etmək imkanlarına malik olduğunu açıqlamışdı.
Hizbullah-ın İran istehsalı olan “Raad”, “Fəcr” və “Zilzal” kimi raketləri də “Katyuşa” raketlərindən daha güclü və uzun məsafəlidir.
Ötən ilin oktyabr ayından Qəzzada davam edən müharibə zamanı Hizbullah İsrailə çoxsaylı raket hücumları həyata keçirib, o cümlədən 300-500 kiloqram partlayıcı yüklü “Katyuşa” və “Burkan” model raketləri atıb.
2016-cı ildə Nəsrullah Hizbullah-ın İsrailin şimalındakı Hayfa liman şəhərində ammonyak konteynerlərini vuracağı ilə hədələmişdi. Belə bir hücumun nəticəsinin nüvə bombası effekti verəcəyini bildirən Nəsrullah Hizbullah-ın İsrailə vura biləcəyi zərərin işarəsini verdi.
Hizbullah gəmi əleyhinə raketlərə malik olduğunu ilk dəfə 2006-cı ildə sahildən 16 kilometr aralıdakı İsrail hərbi gəmisini vurub, dörd israillini öldürərkən sübut edib.
Hizbullah-ın silahlarından xəbəri olan mənbələr onun 2006-cı ildəki müharibədən sonra Rusiya istehsalı olan 300 kilometr mənzilli “Yaxont” gəmi əleyhinə raketi əldə etdiyini desələr də, Hizbullah heç vaxt bu silaha malik olduğunu təsdiqləməyib.
Hizbullah 2006-cı ildə istifadə edilənlərdən daha çox gəmi əleyhinə raketlərə malik olduğunu göstərən videolar da yayımlayıb.