Hollandiya prokurorluğu MH17 araşdırmasının yeni nəticələrini dərc edəcək

20:42 25.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hollandiya prokurorluğu 2014-cü ildə Donbassda Malayziyanın MH17 reysi olan Boeing təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın yeni nəticələrini açıqlayacaq. Bu barədə TASS məlumat yayıb.

Yeni məlumatlar fevralın 8-də dərc olunacaq. Dekabrda Hollandiya prokurorluğu təyyarə qəzası ilə bağlı Haaqa məhkəməsinin qərarını qəti hesab etdiyini bildirmişdi. Nəticədə, hökmdən şikayət verilməyəcək.

Noyabrın 17-də keçirilən iclasdan sonra Haaqa məhkəməsi İqor Girkin (Strelkov), Sergey Dubinski və Leonid Xarçenkonu təyyarədə olan 298 nəfərin ölümündə təqsirli bilərək qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib. Eyni zamanda, iş üzrə təqsirləndirilən 4 nəfərdən biri Oleq Pulatov məhkəmə tərəfindən təqsirsiz hesab edilib. Məhkəmə izah edib ki, Pulatovun "Buk" zenit-raket kompleksinin (SAM) istifadəsində əli olduğunu müəyyən etmək mümkün deyil.