Kahramanmaraşda Azərbaycan evləri

10:24 04.05.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin dərin tarixi kökləri vardır. Əsrlərin sınağından çıxan Azərbaycan-Türkiyə münasibətləri bu gün uğurla inkişaf edir. Azərbaycan və Türkiyə arasındakı əsl dostluq və qardaşlıq münasibətlərinin mahiyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarında dəqiq ifadə olunub. Bu yaxınlarda dövlətimizin başçısı İlham Əliyev Türkiyəyə səfəri çərçivəsində həmin tezislərə belə bir əlavəni etdi: “Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”. Sözsüz ki, böyük əminliklə qeyd olunan bu reallıq Azərbaycan-Türkiyə birliyinin dünəninə və bu gününə, bunların fonunda gələcəklə bağlı müəyyənləşdirilən hədəflərə əsaslanır.

Bu gün çox haqlı olaraq ölkələrimiz və xalqlarımız arasında olan münasibətlər dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dəyərləndirilir. Son dövrlərdə baş verən olaylar – 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın böyük Zəfərlə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə ölkəmizin postmüharibə mərhələsində start verdiyi bərpa işləri, tarixi Şuşa Bəyannaməsinin imzalanması, həmçinin Türkiyənin ayrı-ayrı bölgələrində baş verən yanğınların qarşısının alınması istiqamətində birgə fəaliyyət, eyni zamanda, bu ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələ zamanı ilk olaraq Azərbaycanın yardım əlini uzatması Azərbaycanla Türkiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi.

Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət təyyarələr, həmçinin 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə yola salındı. Yardımların göndərilməsi sonrakı günlərdə də fasiləsiz davam etdirildi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyəyə yardım çağırışına qoşulan xalqımız qardaş xalqın köməyinə yetişmək üçün bir nəfər kimi səfərbər oldu. Azərbaycan Hökuməti, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları və sıravi vətəndaşlar Türkiyəyə humanitar yardım göstərilməsi kampaniyasına fəal şəkildə qoşuldular. Zəlzələ ilə bağlı Azərbaycanın İstanbuldakı və Qarsdakı baş konsulluqlarında dərhal qaynar xətt yaradıldı və zərərçəkmişlərə yardım göstərilməsinə başlanıldı. Azərbaycan Respublikası tərəfindən qardaş ölkəyə xilasedicilər, tibbi və inzibati heyət, hərbi həkimlər, könüllülərdən ibarət 867 həmvətənimiz iştirak edib. Bundan başqa, dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən birbaşa maliyyə yardımı edilib. Bu işdə Heydər Əliyev Fondu xüsusilə diqqəti cəlb edir. Fondun təşkil etdiyi kampaniya çərçivəsində qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərilib.

Bu yaxınlarda dünya növbəti dəfə Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlığının şahidinə çevrildi. Belə ki, Prezident İlham Əliyev cari ilin ötən dövründə qardaş ölkəyə sayca 3-cü səfərini reallaşdırdı və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etdi, “TEKNOFEST” çərçivəsində Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin onlayn rejimdə təməli qoyuldu. Bu, addımla birliyimizin sarsılmazlığı bir daha nümayişi olundu.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir:

“Biz artıq bütün istiqamətlərdə bu əlaqələrinin inkişaf etdiyinin şahidiyik. Bu gün Azərbaycan Qarabağda böyük quruculuq və bərpa işləri həyata keçirməsinə baxmayaraq Türkiyədən də yardımlarını əsirgəmir. Qardaş ölkədə baş vermiş zəlzələnin ilk günündən başlayaraq cənab Prezidentin müvafiq tapşırıqlarına əsasən, həmin ərazilərə yardımların aparılmasına başlanıldı. Və burada artıq cənab Prezidentin göstərişi ilə ayrı-ayrı dövlət qurumları, eyni zamanda Fövqəladə Hallar Nazirliyi, Heydər Əliyev Fondu çox ciddi addımlar ataraq bir sıra işləri uğurla həyata keçirdilər. Dövlət başçımızın açıqladığı kimi Azərbaycan zəlzələdən zərər çəkmiş Kahramanmaraş bölgəsində 1000 ev, məscid, müxtəlif sosial obyektlər tikəcək. Bu addım bir daha onu göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu sürətlə inkişaf edir və bu əlaqələrin inkişafı bütün aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu göstərir. Azərbaycan heç bir zaman Türkiyəni tək qoymayacaq, iki ölkə arasındakı dostluq əbədi və sarsılmazdır. Bu münasibətlər digər dövlətlər üçün də ən gözəl nümunələrdən biridir. Gələcəkdə də bu əlaqələrin inkişafı üçün gərəkli bütün addımlar atılacaq. Vətən müharibəsi dövründə də Türkiyə Azərbaycanın yanında idi. Bu tarixən də belə olub. Keçən əsrin əvvəlində də belə olub. Türkiyənin yaradıcısı Atatürk deyirdi ki, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Ulu öndər Heydər Əliyev də deyirdi ki,  “Bir millət, iki dövlət”. Bu gün bir millət, iki dövlət olaraq Azərbaycanla Türkiyə davamlı olaraq inkişaf edir, davamlı olaraq əlaqələrini gücləndirir. Bu da bütövlükdə əlaqələrimizin daha da inkişafına öz töhfəsini verir”.