Kamran Əsədov: “Azərbaycanda rus məktəbinin Avropa və Fransa məktəbləri modelində yaradılması mümkündür”

16:16 02.07.2025 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda rus bölmələrinin mərhələli şəkildə bağlanması ilə bağlı planlaşdırılan islahatlar fonunda belə bir sual aktuallaşır: dövlət məktəblərində rus bölmələri bağlanarsa, bu zaman həmin təhsil modelini özəl sektor çərçivəsində – Avropa və Fransa məktəblərində olduğu kimi – “rus məktəbi” formatında həyata keçirmək mümkündürmü? Bu məsələ həm hüquqi-normativ baza, həm də təhsil siyasəti və milli təhlükəsizlik kontekstində təhlil edilməlidir.

Mövzu ilə bağlı Hafta.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13-cü və 21-ci maddələrinə əsasən, ölkədə özəl ümumtəhsil müəssisələrinin fəaliyyətinə icazə verilir və bu müəssisələr dövlət və bələdiyyə məktəblərindən fərqli olaraq, alternativ tədris proqramları tətbiq edə, müxtəlif dillərdə təlim apara və təhsil prosesini ödənişli əsaslarla təşkil edə bilərlər.

Ekspert vurğulayıb ki, hazırda Azərbaycanda fəaliyyət göstərən Fransa-Azərbaycan Liseyi, Avropa məktəbi, “British School”, “Dünya IB School”, “Turkish Maarif” kimi nümunələr göstərir ki, hüquqi baxımdan bu model tam legitimdir. Onun sözlərinə görə, bu məktəblər dövlət təhsil sisteminə daxil deyillər, lakin Elm və Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılır və onların fəaliyyətinə ümumi nəzarət mexanizmləri tətbiq olunur:

“Bu kontekstdə nəzəri baxımdan Rusiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində və ya yerli təşəbbüs əsasında rus dilində tədris aparan, ödənişli əsaslarla fəaliyyət göstərən özəl “rus məktəbi”nin yaradılması mümkündür. Lakin burada əsas sual bu modelin məzmunu, funksiyası və sosial nəticələridir. Hazırda ölkədə 300-dən çox məktəbdə rus bölməsi fəaliyyət göstərir və burada 100 mindən çox şagird təhsil alır. Dövlət məktəblərində bu bölmələrin ləğvi halında bir hissə Azərbaycan bölməsinə keçəcək, bir hissəsi isə alternativ axtaracaq. Bu baxımdan, yeni “rus məktəbi” modeli sosial tələbatın bir qismini qarşılayacaq alternativ ola bilər”.

K.Əsədov qeyd edib ki, bu məktəblərin yaradılması pedaqoji baxımdan müsbət nəticələr verə bilər:

“Məsələn, tədris dili üzrə seçimin və azadlığın qorunması, rusdilli ailələrin təhsil hüququnun təmin olunması, ödənişli təhsil modelinin daha yüksək resurslarla həyata keçirilməsi imkanlarını nəzərə alsaq, bu formatda fəaliyyət göstərən rus məktəbləri keyfiyyətli təhsil mühiti yarada bilər. Ödənişli əsaslarla fəaliyyət göstərən belə məktəblər müəllim heyətini daha yaxşı maaşla təmin edə, texniki baza və dərs vəsaitlərini müasir standartlara uyğun təşkil edə, şagirdlərə fərdi yanaşma təqdim edə bilər. Bu isə ümumilikdə özəl təhsil sektorunun inkişafına təkan verə bilər”.

Ekspert bununla yanaşı, bu modelin tətbiqi ilə bağlı ciddi narahatlıqların olduğuna da vurğulayıb. Onun fikrincə, ilk növbədə, belə məktəblər ideoloji və informasiya təhlükəsizliyi baxımından həssas sahəyə çevrilə bilər:

“Məlum olduğu kimi, Rusiya Federasiyası rusdilli təhsil müəssisələrindən uzun illər ərzində postsovet məkanında “yumşaq güc” aləti kimi istifadə edib. Bu təcrübə Ukrayna, Moldova, Gürcüstan və Baltik ölkələrinin nümunəsində aydın müşahidə olunub. Estoniya və Latviya bu riskləri nəzərə alaraq rus dilində təhsili dövlət məktəblərində qadağan etməklə yanaşı, özəl sektorda da sərt tənzimləmələr tətbiq ediblər. Estoniyada yalnız xarici akkreditasiyaya malik beynəlxalq məktəblərdə ingilis və ya digər dillərdə təhsil aparıla bilər. Rus dilində təhsil verən özəl məktəblər ciddi nəzarət altındadır.

Azərbaycan da oxşar geosiyasi kontekstdə yerləşdiyindən, burada rus dilində fəaliyyət göstərəcək özəl məktəblər sadəcə tədris dili məsələsi deyil, milli təhlükəsizlik məsələsinə çevrilə bilər. Əgər bu məktəblərin dərs proqramı, idarəetmə strukturu və maliyyə mənbəyi Rusiya ilə birbaşa əlaqəli olarsa, bu zaman bu qurumların üzərindən nəzarətsiz ideoloji təsir mexanizmləri yarana bilər. Bu isə təhsil sahəsində dövlətin suverenliyinə təhlükədir. Ona görə də belə məktəblərin yaranmasına icazə verilərsə, onların fəaliyyəti xüsusi akkreditasiya və lisenziyalaşdırma əsasında, kurikulumun və tədris materiallarının məzmununa ciddi nəzarət mexanizmləri ilə müşayiət olunmalıdır”.

Ekspert bildirib ki, tərəfdən, sosial ədalət və bərabər imkanlar baxımından da bu model problemlidir. K.Əsədov hesab edir ki, əgər rus bölməsi dövlət məktəblərindən çıxarılaraq yalnız ödənişli məktəblərlə əvəzlənərsə, bu, təhsil imkanlarının təbəqələşməsinə səbəb olacaq:

“İmkanı olan ailələr öz övladlarını “rus məktəbi”nə verəcək, digər ailələr isə bu imkandan məhrum qalacaq. Bu isə cəmiyyətdə sosial gərginlik və narazılıq yarada bilər. Ona görə də belə məktəblər dövlət məktəblərindəki rus bölməsinin davamı və ya əvəzləyicisi kimi yox, yalnız fərdi seçim, pedaqoji alternativ və beynəlxalq məktəb modeli çərçivəsində nəzərdən keçirilməlidir.

Nəticədə bu tip məktəblərin yaradılması hüquqi və təşkilati baxımdan mümkündür. Amma bu məktəblərin fəaliyyəti ilə bağlı hüquqi çərçivə tam aydın olmalı, Elm və Təhsil Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti orqanlar tərəfindən məzmun, müəllim heyəti, dərsliklər, maliyyələşmə və təbliğat imkanları üzərində ciddi nəzarət tətbiq olunmalıdır. Eyni zamanda, bu modelin sadəcə sosial sifarişin cavabı deyil, milli maraqların və təhlükəsizlik prioritetlərinin nəzərə alındığı kontekstdə həyata keçirilməsi vacibdir.

Beləliklə, Azərbaycanda rus məktəbinin Avropa və Fransa məktəbləri modelində yaradılması mümkündür. Amma bu, yalnız hüquqi çərçivədə və pedaqoji-funksional əsaslarla aparılmalı, ideoloji və siyasi alətə çevrilməsinə imkan verilməməlidir. Əgər bu şərtlər qorunarsa, belə məktəb dövlət təhsil sisteminə zərər verməyəcək, əksinə, rəqabətli özəl təhsil sektorunun bir parçası kimi fəaliyyət göstərə bilər. Əks halda bu addım milli suverenlik və informasiya təhlükəsizliyi baxımından ciddi nəticələr doğura bilər”.