Kanadada tarixdə ilk dəfə fövqəladə vəziyyət elan olundu

09:44 15.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kanadanın tarixində ilk dəfə, bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib.  

Hafta.az-ın yazdığına görə, bu barədə Baş nazir Justin Trudeau mətbuat konfransında məlumat verib. Fözqəladə vəziyyətin elan edilməsinə səbəb ölkədə baş qaldıran aşı əleyhdarlarının fəaliyyətini dayandırmaq, şəhərlərdə insanların sərbəst hərəkətini təmin eləməkdir. 

"İstəyirik qanunsuz fəaliyyətlər dayandırılsın, insanlar işə, məktəbə - hər yerə sərbəst gedib-gələ bilsinlər. Bunun üçün təhlükəsizlik qüvvələri öz səlahiyyətləri çərçivəsində hərəkət edəcəklər. İndiyədək bunu yerli polis qüvvələri etmək istədi, amma bütün cəhdləri boşa çıxdı, aksiyaçılar onlara məhəl qoymadı və proses insanların yaşayışına təsir etməyə başladı. Bu səbəbdən də prosesin daha da dərinləşməməsi üçün fövqəladə vəziyyət elan etmək qərarına gəldik", - deyib Kanadanın Baş naziri.

Fövqəladə vəziyyət rejimi müddətincə sərhədlərdən ölkəyə giriş və çıxış, hava limanları xüsusilə nəzarətdə olacaq. 

Baş nazir Trudeau onu da qeyd edib ki, ölkədə nizam-intizam yaratmaq üçün bütün növ təhlükəsizlik qüvvələri səfərbər edilsələr də, ordu bu prosesə müdaxilə etməyəcək.

Məlumat üçün bildirək ki, Kanadada 1980-ci ilədək mövcud olan Hərbi Vəziyyət haqda Qanun, sonradan adı və mətni dəyişdirilərək Fövqəladə Vəziyyətlər Haqda qanun edilib. Birinci və İkinci Dünya müharibələri zamanı tətbiq edilmiş Hərbi Tədbirlər Qanunu, sonuncu dəfə 1970-ci ildə Quebekdə insanları girovluqdan azad etmək üçün tətbiq olunmuşdu. 1980-ci ildə yeni qaydalara əsasən adı və mətni dəyişdirilən qanun Fövqəladə Vəziyyətlər Qanunu olaraq qüvvəyə minib.