Kanalizasiyadan yunan tanrısının heykəli tapılıb

10:29 08.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qədim Roma kanalizasiyasında yunan tanrılarından birinin təsvir olunduğu düşünülən heykəl aşkar edilib.

Hafta.az-ın “Heritage Daily”a istinadən yazdığına görə, Bolqarıstanın cənub-qərbindəki Heraklea Sintika antik şəhərində qazıntı aparan arxeoloqlar bu həftə mərmər heykəl tapıblar. Yaxşı qorunan heykəlin Qədim Yunan tanrılarından biri olan Hermesi təsvir etdiyi güman edilir.

Bugünkü Bolqarıstanda, Yunanıstan sərhədinə yaxın olan Herakl Sintika Makedoniya kralı II Filip tərəfindən eramızdan əvvəl 356-339-cu illər arasında tikilib.

Alimlər bildirirlər ki, şəhər eramızın 4-cü əsrinin sonlarında baş verən zəlzələ nəticəsində böyük ölçüdə dağılıb. Təbii fəlakətdən sonra sürətlə dağılan Herakl Sintika eramızdan əvvəl 500-cü ildə tamamilə tərk edilib.

Yeni qazıntıları aparan qrup, təxminən 2 metr hündürlüyündə olan heykəlin zəlzələdən sonra kanalizasiyaya qoyularaq üstünü torpaqla örtməklə çox yaxşı qorunduğunu düşünür.

Araşdırmaya rəhbərlik edən Lyudmil Vaqalinski deyir: "Onun başı qorunub saxlanılıb, vəziyyəti çox yaxşıdır. Əllərində bir neçə sınıq var". Arxeoloq əlavə edir ki, heykəl romalılar tərəfindən hazırlanmış qədim yunan əsərinin surətidir.

Arxeoloqlar hesab edirlər ki, Herakl Sintika əhalisi xristianlığın Roma İmperiyasında rəsmi dinə çevrilməsindən sonra da heykəli qoruyub saxlamağa çalışmış ola bilər. Vaqalinski deyir: “Bütpərəstlik üçün hər şey qadağan edildi və onlar yeni ideologiyaya qoşuldular, lakin sanki köhnə tanrılarını qoruyub saxladılar”.

Digər tərəfdən, heykəlin kanalizasiyaya qoyulması köhnə inancların simvolik olaraq rədd edilməsi kimi də şərh oluna bilər.

Arxeoloqlar hesab edirlər ki, mərmər heykəl həm Herakl Sintika, həm də Bolqarıstanda tapılmış ən yaxşı qorunan qədim heykəllərdən biridir.