Məlum olduğu kimi, mayın 1-dən Azərbaycanda pandemiya ilə bağlı tətbiq olunan bəzi qadağalar aradan qaldırılacaq. Eyni zamanda, maska tələbi ləğv olunacaq. Elə bu səbəbdən pandemiya dövründə karantin qaydalarının pozulmasına görə yazılan cərimələrin ləğvi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Bu məsələnin parlamentin komitələri tərəfindən müzakirəyə çıxarılması təklif edilir. Yeri gəlmişkən, belə bir təcrübə başqa ölkələrdə mövcuddur. Məsələn, qonşu Gürcüstanda pandemiya cərimələri hökumətin təqdimatı ilə parlament tərəfindən çoxdan ləğv edilib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, Azərbaycanda vətəndaş törətdiyi xətaya görə aldığı cəriməni 30 gün müddətində ödəməlidir.
Bəs, görəsən bu təklifin reallaşması nə dərəcədə mümkündür? İndiyədək nə qədər vətəndaş cərimələnib? Hazırda ödənməyən cərimələrin sayı və məbləği bilinirmi?
Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən millət vəkili Müşfiq Cəfərov bildirib ki, karantin cərimələrinin silinməsi təklifini dəstəkləyir:
“Bildiyiniz kimi, Milli Məclisin iclasında həmkarlarım tərəfindən karantin cərimələrinin silinməsi təklif olundu. Mən də mətbuatda çıxış edərək bu təklifi dəstəkləmişəm. Karantinin bu dərəcədə sərtləşməsinin, cərimələrin tətbiq olunmasının əsas səbəbi əhalinin pandemiyaya adaptasiya olması və sağlamlıqlarının qorunması üçün idi. Artıq bu hallara ehtiyac qalmayıb, əhali özü tam şəkildə adaptasiya olub. İctimai nəqliyyatda, qapalı məkanlarda maska taxmaq qadağasının ləğvi pandemiyanın sona çatdığını göstərir. Ümumiyyətlə, bu cərimələrin tətbiqi sadəcə pandemiyaya uyğunlaşmaq, qaydalara əməl edilmək üçün idi. Düşünürəm ki, qanunverici hakimiyyət tərəfindən ümumilikdə pandemiya şərtlərinin pozulmasına görə inzibati məsuliyyət tədbirləri tətbiq edilmiş şəxslər barəsində amnistiya qəbul edilə bilər.
İnanmıram ki, bu cərimələrin silinməsi əks-effekt də verə bilər. İnsanlar pandemiya barədə tamamilə maariflənib, fəsadlarını isə az-çox ölkə olaraq yaşadıq. İnsanların maddi vəziyyətini nəzərə alıb, cərimələri ləğv etmək yaxşı haldır. Əgər bu təklif bir il bundan əvvəl müzakirə olunsaydı, mən də müəyyən mənada tərəddüd edərdim ki, bu insanlara da arxayınlıq yarada bilər. Bir halda ki, pandemiya şərtləri aradan qalxıbsa, qapanmalar və digər məsələlər aktuallığını itiribsə, vaksinasiya prosesi də daha geniş miqyasda həyata keçirilibsə, niyə də karantin cərimələri aradan qaldırılmasın? Mənə görə bu daha doğru addım olardı”.
Mövzu ilə bağlı hafta.az-a danışan millət vəkili Vüqar Bayramov da deyib ki, karantin cərimələrinin ləğv edilməsinin tərəfdarıdır:
“Karantin qaydalarının xeyli dərəcədə yumşaldılması müşahidə olunur və çoxsaylı qadağalar ləğv olunub. Gələn aydan da bu proses davam etdiriləcək. Düşünürəm ki, karantin qaydaları tamamilə aradan qalxdıqdan və eləcə də pandemiya sonlandıqdan sonra cərimələrə baxılması və həssas kateqoriyalar üçün cərimələrin bağışlanması məsələsi müzakirə oluna bilər. Düzdür, bütün hallarda bununla bağlı qərar Nazirlər Kabineti tərəfindən veriləcək. Nazirlər Kabineti praktiki olaraq prosesə məsul qrumdur və bu istiqamətdə də həm qərarların verilməsi, həm müzakirələrin aparılmasını həyata keçirir. Məsələnin sosial tərəfini nəzərə alsaq, düşünürəm ki, pandemiya başa çatdıqdan sonra məsələnin müzakirəsi və bu istiqamətdə Nazirlər Kabineti tərəfindən qərarların qəbul edilməsi məqsədəuyğun olardı”.
Məsələyə münasibət bildirən hüquqşünas Sahib Məmmədov isə bildirib ki, karantin cərimələrinin silinməsi mümkündür:
“Bunun hüquqi yolları var. Cərimələri silmək mümkündür. Belə cərimələr yığılıb silinəndə cəmiyyətdə bir növ huquqa qarşı hörmətsizlik yaranır. Məsələn, xeyli adam var ki, cərimə olunublar və cərimələrini də ödəyiblər. Cərimələrini ödəməyənlərə bu məbləğ bağışlanırsa, onlar növbəti də istənilən cəriməni ödəməyəcəklər ki, yəqin bağışlanacaq. Düzdür, bu işin mənfi tərəfləri var, amma əlbəttə ki, humanist tərəfləri də mövcuddur”.
İndiyədək nə qədər şəxsin cərimələndiyini, eyni zamanda, ödənməyən cərimələrin sayı və məbləğini dəqiqləşdirmək məqsədilə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bizə bildirdilər ki, bununla bağlı konkret statistika yoxdur.