Dünəndən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 19-21 fevral tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunur.
Üç gün ərzində yarmarkada fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək. Hafta.az-ın əməkdaşı yarmarkadakı məhsullar, qiymətlər və digər məqamlarla bağlı üz tutdu Nərimanov rayonu ərazisindəki təşkil olunan ünvana.

Əvvəlcə bir məqamı diqqətinizə çatdıraq ki, koronavirus təhlükəsi nəzərə alınaraq, yarmarkaya daxil olan hər kəsin girişdə temperaturu ölçülür, əlləri dezinfeksiya olunur. Elə içəridə də addımbaşı antibakterial məhlulların quraşdırıldığı sütunlara rast gəlmək mümkündür. Bu həm satıcılar, həm də müştərilər üçün nəzərdə tutulub. Biz də yoxlanışdan keçib içəri daxil olduq. Yarmarkanın hələ yenicə fəaliyyətə başladığını nəzərə alsaq, bura gələnlərin sayı heç də az deyildi. Burada meyvə-tərəvəzdən tutmuş, bal və çərəzlərə, şorabaya qədər bütün növ kənd təsərrüfatı məhsullarının satışı təşkil edilir.
Ardınca isə Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Mayis Musayev bizi maraqlandıran sualları cavablandırdı:

- Mais bəy, burada nə qədər fermer iştirak edir?
- "Kənddən Şəhərə" yarmarkası bu gündən etibarən başlayıb, 3 gün ərzində davam edəcək. Yarmarka 3 ünvanda təşkil olunub. Biri bura Nərimanov rayonu, metronun “Gənclik” stansiyasının yaxınlığı, digərləri isə, Binəqədi rayonu Süleyman Sani Axundov, 5b və Xırdalan şəhəri Heydər Əliyev pr., 41a ünvanlarında yerləşir. Üç ünvanda ümumilikdə 100-dən artıq fermer yarmarkada iştirak edir. Onlar 50-yə yaxın çeşiddə məhsullarını satışa çıxarıblar. Fermerlər üçün bütün bu imkanlar tamamilə ödənişsiz olaraq təşkil edilib. Burada piştaxtalar, tərəzilər, uniformalar fermerlərə ödənişsiz verilir. Eyni zamanda karantin rejiminin tələblərinə uyğun olaraq fermerlərə tibbi ləvazimatlar, maskalar, əlcəklər və dezinfeksiya məhsulları təqdim olunur. Yarmarkanın keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, fermerlər üçün əlavə satış kanalı yaradaq. Bundan başqa, vətəndaşların kənd təsərrüfatı məhsullarına tələbatını təmin edək. Yarmarkada satışa çıxarılan məhsulların qiymətləri də kifayət qədər münasibdir.
- Məhsullara qiyməti kim təyin edir? Qurum yoxsa, fermerlər özləri?
- Qiyməti fermer özü müəyyən etsə də, münasibdir. Ona görə ki, bütün imkanlar fermerlər üçün ödənişsiz yaradılır, onların əlavə xərci çıxmır. Girişdə yerləşdirilən lövhədə isə həm təqdim edilən məhsulların siyahısı, həm də qiymətləri nümayiş edilir.
- Həftəsonları ictimai nəqliyyat işləmir. Nəzərə alsaq ki, bura gələn vətəndaşlar uzaq yol gəlməli olur. Onların rahat hərəkətini təmin etmək üçün hansı addımlar atılıb?
- Daha əvvəl yarmarka, ancaq şənbə və bazar günləri təşkil olunurdu. İndi isə karantin rejimi ilə əlaqədar olaraq, həftəsonları ictimai nəqliyyat işləmir. Vətəndaşların bura rahat gediş-gəlişini təmin etmək üçün əvvəlkindən fərqli olaraq cümə günü də yarmarkanı təşkil etdik.
Müsahibimizlə sağollaşıb, yarmarkadakı gəzintimizə davam etdik. Daha sonra vəziyyəti bir də alıcı və satıcıların özlərindən öyrənək dedik.

Fermer Qəhrəman İbrahimov:
“Balı Astara rayonundan gətirmişik. Qiyməti 25 manatdan başlayır, çeşidlərinə görə 30-35 manata qədər dəyişir. Satışda ən bahalı bal meşə bağlıdır, ən ucuz isə mayda süzülən. Bütün məhsullar təbii və qatqısızdır. Yarmarka bu gün açıldığına görə hələ ki alıcı yoxdur. Çalışırıq, qiymətə görə heç kəs bizdən narazı qalmasın”.
Fermer Zemfira İmanova:
“Gəncə şəhərindən gəlmişəm. Bal, lavaş, qurudulmuş çiçəklər, bəkməz, itburnu şirəsi kimi məhsullar satıram. Qiymətlər başqa yerlərdən xeyli ucuzdur. Alıcılar da narazılıq etmir”.
Qeyd edək ki, Zemfira xanımın satdığı məhsullar arasında piştaxtada diqqətimizi ən çox cəlb edən bankaya yığılmış arı ölüsü oldu. Xanım bildirdi ki, onu xüsusi sifarişlə, həkim üçün gətirib. Həmin arılardan dərman hazırlanacaq.
Satıcı Cavad dayı:
“Xaçmaz rayonundan gəlmişəm. Satışda gördüyünüz nə varsa hamısı öz həyətimizdə yetişdirdiyimiz məhsullardır. Xurmanın qiyməti 1 manat, alma - 0.80, armud - 2.50, nar - 2.50, heyva - 0.80 qəpik arası dəyişir. Nar başqa yerdə 4 manatdır, bizdə isə 2.50 qəpikdir. Məhsullar topdansatış qiymətindən də aşağı satılır. Çalışırıq ki, həm malımız xarab olmasın, həm də camaatın cibinə uyğun olsun. Qiymətlər bizi qane edir, “yerpulu” vermirik, əlavə də heç nəyə xərcimiz çıxmır”.
Alıcı Nisə xanım:
“Hələ ki, indi gəlmişəm. Bayramqabağı bazarlıq etmək istəyirəm. Elə gələn kimi, birinci səməni üçün buğda aldım. Qiymətlər pis deyil, pul olsa almaq olar (gülür)”.
Satıcı Allahverdi Göyüşov:
“Şamaxı rayonundan gəlmişəm. Məhsullarım şorabalardır. Satışdan narazı deyiləm, hələ ki birinci gündür. Yarmarkanın təşkil edildiyini çox adam bilmir, ancaq gələn də yan keçmir. Qiymətlər bazardan fərqlidir. Hər malda başqa yerə nisbətən 1 manat, 50 qəpik fərq var”.

Alıcı Səmayə xanım:
“Bayaqdan bütün yarmarkanı gəzmişəm. Aldıqlarım kənd məhsullarından pendir və yağdır. Qoz ləpəsi və meyvə quruları almaq istəyirəm indi də. Qiymətlər elə də pis deyil. Bəzi məhsullar var ki, elə evimizin yanında da bu qiymətədir. Xüsusən də kartof və soğan”.
Qeyd edək ki, satıcıların, demək olar ki, hər biri pandemiya olmasına baxmayaraq satışlardan razılıq etdilər. Alıcılar isə məhsulların təzəliyi və keyfiyyətini xüsusi vurğuladılar.