Keyt Middletonun müalicəsi başa çatdıb

09:05 10.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Uels şahzadəsi Keyt Middlton uzun sürən kimyaterapiya müalicəsini başa çatdırıb. Mart ayında xərçəng diaqnozu qoyulduğunu açıqlayan Middleton müalicə prosesi bitdikdən sonra duyğu və düşüncələrini ictimaiyyətlə bölüşüb.

Hafta.az-ın yazdığına görə, Middlton sosial mediada verdiyi açıqlamada yay mövsümünün bitməsi ilə onun kimyaterapiya müalicəsinin nəhayət başa çatdığını bildirib. Bu prosesin özü və ailəsi üçün olduqca çətin olduğunu vurğulayan Middleton, həyatın nə qədər tez dəyişə biləcəyinə və çətin anlarda güc tapmağın vacibliyinə diqqət çəkib.

Şahzadə xərçənglə mübarizə prosesinin hər kəs üçün fərqli çətinliklər olduğunu və bu prosesin insanı təvazökarlığa sövq etdiyini, həyata yeni baxışlar bəxş etdiyini bildirib. Middleton bildirib ki, bu proses zamanı o və həyat yoldaşı Şahzadə Uilyam həyatın tez-tez gözdən qaçırılan sadə, lakin dəyərli tərəfləri üçün təqdir hissi inkişaf etdirib.

Uzun və çətin bir kimyaterapiya prosesindən sonra Şahzadə Middleton, sağalma prosesinə diqqət yetirməyə başladığını deyib. "Kimyaterapiya bitsə də, sağalma yolum hələ də davam edir. Mən hər günü gəldiyi kimi qəbul edib səbirsizliklə gözləməyə çalışıram" deyə vəziyyətini ümumiləşdirib. O, yaxın aylarda işə qayıtmağı və mümkün qədər daha çox ictimai vəzifələr götürməyi planlaşdırdığını söyləyib.

Müalicə prosesi boyunca yaşadıqlarından güc alaraq həyatın yeni mərhələsinə qədəm qoyan şahzadə Middleton həyat yoldaşı Şahzadə Uilyamla birlikdə aldıqları dəstəyə görə minnətdar olduqlarını paylaşıb. "Bu prosesdə bizə kömək edən hər kəsdən böyük güc aldıq. İnsanların mehribanlığı, empatiyası və mərhəməti bizim üçün böyük motivasiya mənbəyi oldu" deyib. Xərçənglə mübarizə aparan hər kəsə ümidverici mesajını çatdıran Middleton, "İşıq qaranlıqdan gələ bilər, qoy bu işıq parlasın" deyib.