Təəssüf ki bugün Azərbaycanda kitaba kütləvi təlabat yoxdur. Lakin bu, kitabsevərlərin az olduğu anlamına da gəlməz. Ölkədə kitab oxumaq hər zaman öz aktuallığını qoruyub saxlayan vərdişlər sırasındadır.
Bəs görəsən, kıtabı, nəşriyyatlarda ən yüksək tirajla çapa verilən yerli müəllif kimdir? Ən yüksək qonorarı hansı yazıçılar ala bilir? Vətən müharibəsindən sonra müvafiq mövzu ilə bağlı kitab çapı üçün müraciətlərdə artım olubmu?
Hafta.az-ın əməkdaşı, mövzu ilə əlaqədar naşirlər və kitabçılar arasında sorğu apardı. Araşdırmanı sizə təqdim edirik:
Tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu:
-Vətən müharibəsinin ardınca elə isti-isti, itkilərlə bağlı əsərlər olub. Biz qələbədən dərhal sonra, Prezidentin kitabını nəşr etdik. Burada onun 44 gün ərzindəki çıxışları, müsahibələri və tvitləri yer alırdı. Bədii əsərlərə gəldikdə isə onu deyim ki, bu qısa zaman ərzində ərsəyə gələ bilməz. Bəzən müvafiq mövzuda əsərin yazılması üçün müharibənin üzərindən 20-30 il vaxt keçməlidir.
“Maraq daha çox hansı kitablaradır?” sualına gələn cavablar əsasən tərcümələrlə bağlı olsa da, burada naşir yerli müəlliflərdən İlkin Rüstəmzadəni xüsusi vurğuladı.
-Əsərləri daimi olaraq çox satılan müəlliflər var. Bunlar əsasən özünü inkişaf kitablarıdır. Özünü inkişaf sahəsində “Xırda Vərdişlər” kitabını nəşr etmişik. O birinci yerdə satılır. Yanaşı olaraq çox satılanlar əsasən tərcümə əsaslı olan kitablardır. Uzun illərdir tərcümələr yüksək reytinqini qoruyub saxlayır.
Yerli müəlliflərdən kitabı ən çox satılan İlkin Rüstəmzadədir. Onun kitabının 2000 nəşrdən ibarət birinci tirajı bitdikdən sonra, eyni sayda ikinci nəşr də olundu.
Qanun nəşriyyatının direktoru bir sıra yerli müəllifə yüksək qonorar verildiyini də açıqladı:
-Qonorar sistemi elədir ki, burada hər kəsə fərdi yanaşılır. Elə müəllif var ki onun kitabı satılmır. Bu halda biz necə qonorar verə bilərik? Kitabı çox satılan müəllifə isə verilir. Misal üçün, Çingiz Abdullayevi, Şərif Ağayarı, Qaraqanı, İlkin Rüstəmzadəni göstərə bilərik. Demirəm ki, onlara yüksək qonorar veririk. Ancaq cüzi də olsa ödənişlər edilir.
“Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov:
-Biz daha çox uşaq kitabları və dərsliklərlə məşğuluq. Belə kitablar arasında daha çox Reyhan Yusifqızının kitablarını çap etmişik. Qalanları isə daha çox dünya ədəbiyyatının uşaqlar üçün adaptasiyasıdır (bir növ sadələşmiş versiya).
Qonorar
-Kitabı çap olunan yerli müəlliflərə qonorar verilir. Bu məbləğ dünya standartı ilə müqayisədə o qədər böyük deyil, ancaq buna uyğundur. O müəllifə qonorar verilir ki, həmin kitabın çapından naşir də yüksək gəlir əldə edə bilsin. Bu, dövlət büdcəsi hesabına baş vermir. Buna görə də özünümaliyyələşdirmədə olan nəşriyyatlar, müəlliflərə kitabın gəlirindən olan faiz, yaxud da birdəfəlik qonorar ödəyirlər.
Vətən müharibəsi mövzusunda əsərlər və kitablar
-Vətən müharibəsi mövzusunda əsərlərə gəldikdə isə bununla bağlı ayrıca kitab çapı üçün müraciət edən olmayıb. Lakin biz özümüz dərsliklərə həm birinci, həm də ikinci Qarabağ müharibəsindən bəhs edən hekayələr yazıb əlavə edirik.
"Hədəf Nəşrləri"nin baş redaktoru Cavid Qədir:
- "General Polad Həşimov xatirələrdə" kitabı Vətən müharibəsindən sonra geniş tirajla oxuculara təqdim olunub. Ümumiyyətlə, nəşriyyatımızın ən yüksək tirajla çap olunan məhsuludur.
Konkret müəllifin məhsulu olmayan kitab "Xatirə ədəbiyyatı" seriyasında çap olunub. Nəşr şəhid general haqqında ailə üzvləri, qohumları, dostları, eləcə də zabit və əsgərləri, döyüş yoldaşlarının xatirələrindən ibarətdir. Kitabın sonunda Milli Qəhrəmanın ömür yoluna nəzər salmaq üçün hazırlanmış 60 səhifəlik fotoalbom yer alır.
Qonorar
- Bu məsələ nəşriyyatların qonorar siyasəti və yerli kitab bazarının vəziyyəti ilə əlaqədar dəyişə bilər. Ona görə də konkret ad çəkmək, yaxud məbləğ göstərmək doğru deyil. Lakin söhbət bizim nəşrlərdən gedirsə, ən yüksək qonorar 2021-ci ildə elan etdiyimiz tenderin qalibləri olan Aynur Cavid və Cəmilə Məmmədliyə ödənilib. Tenderin qalibləri 50 müəllif arasından seçilib və hazırda "Bilgənin macəraları" silsiləsi üzərində işləyirlər. Silsilənin ilk kitabı yaxın vaxtlarda işıq üzü görəcək.
Əli və Nino” kitab evinin təsisçisi Nigar Köçərli
-Hazırda kitabları ən çox satılan yerli müəlliflər İlkin Rüstəmzadə və Aytən Cavanşirdir.