Kosmik fəza və qəhrəman kosmonavtlar (Araşdırma)

16:40 12.04.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Aprelin 12-si Beynəlxalq Kosmonavtika günü kimi bütün dünyada qeyd olunmaqdadır. Düzdür, bu bayram əvvəllər ancaq SSRİ-də keçirilirdi. Amma 2011-ci ildə BMT Baş Assambleyasının 65-ci sessiyasında yekdilliklə qəbul edilən qətnaməyə əsasən 12 Aprel Beynəxalq Kosmosa Uçuş Günü (Space Probe Day) kimi bütün dünyada qeyd olunur.

 

Qaqarin - ilk kosmonavt

Yer kürəsindən kosmik fəzaya uzanan yolun ilk yolçusu çoxlarımızın yaxşı tanıdığı rusiyalı (keçmiş Sovet vətəndaşı) Yuri Qaqarin olub. O, 1961-ci il aprel ayının 12-də “Vostok” kosmik gəmisində Yer kürəsinin ətrafında orbital uçuş həyata keçirib. Cəmi 108 dəqiqə davam edən bu uçuş kosmosun tədqiqinin və mənimsənilməsinin başlanğıcı sayılır.

Aleksey Leonov (Rusiya), Nil Armstronq (ABŞ), Anatoli Solovyev (Rusiya), German Titov (Rusiya), Con Qlen (ABŞ), Yucin Sernan (ABŞ), Harisson Şmit (ABŞ) və sair də dünyada ad çıxarmış kosmonavtlardır.

Dünyanın kosmosa ilk turist səfəri edən milyarder sakini isə ABŞ vətəndaşı Denis Titodur.

Həmin vaxtdan kosmosa maraq SSRİ ilə ABŞ arasında rəqabəti qızışdırır, hətta “soyuq müharibə”ni bir az da alovlandırır. Amma tarix yalnız iki rəqib qütbün əsiri deyildi – tezliklə başqa ölkələr də sürətlə kosmik proqramlar həyata keçirirlər. Nəticəsi isə budur ki, o vaxtdan üzübəri 30-dan çox ölkə 250-dən çox kosmik proqram icra edib və Yerdən kosmik fəzaya 520-yə yaxın kosmonavt göndərilib. Hansı ki, onlardan da 55-i qadındır.

 

Tereşkova - əfsanəyə dönən qadın

Qeyd edək ki, kosmosa ilk uçan qadın kosmonavt da rus mənşəli Sovet vətəndaşı olub. Bu, Valentina Tereşkovadır.

Digər qadın kosmonavtlar isə Selli Rayd Peggi Vitsn (ABŞ), Svetlana Savitskaya (Rusiya), Ketrin D. Sallivan (ABŞ), Helen Şarman (Böyük Britaniya), Mae Cemison (ABŞ), Roberta Bondar (Kanada), Çiaki Mukai (Yaponiya), Klaudiye Heyqner (Fransa) və sairdir.

Ümumiyyətlə, vətəndaşları kosmosa uçuş keçirən ölkələr Rusiya, ABŞ, Çexiya, Polşa, Almaniya, Bolqarıstan, Macarıstan, Vyetnam, Kuba, Monqolustan, Rumıniya, Fransa, Hindistan, Kanada, Səudiyyə Ərəbistanı, Niderland, Meksika, Suriya, Əfqanıstan, Yaponiya, Böyük Britaniya, Avstriya, Qazaxıstan, Belçika, İtaliya, İsveçrə, Ukrayna, İspaniya, Slovakiya, Cənubi Afrika Respublikası, İsrail, Çin, Braziliya, İsveç, Malayziya və Koreyadır.

Təəssüf ki, indiyədək 22 kosmonavt fəaliyyəti zamanı müxtəlif şəraitdə həlak olub.

Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavtdır. Sergey Avdeyev açıq fəzada 747 sutka 17 saat keçirib. Bir uçuşun davamiyyətinə görə isə lider ixtisasca həkim olan Valeri Polyakovdur. O, "Mir" stansiyasında bir ildən çox - 437 sutka 17 saat olub.

Kosmonavtlar üçün əla mahnılar da bəstələnib. Bunlardan ilki, 1960-cı illərdə Oskar Feltsman və Vladimir Voynoviç tərəfindən yazılan "14 minut do starta" (Uçuşa son 14 dəqiqə) mahnısı qeyri-rəsmi də olsa, "kosmonavtlar marşı" olaraq tanındı. Amma 1980-ci illərdə VIA qrupunun "Zemlyane" (Yerlilər) mahnısı məşhurlaşandan sonra "14 minut do starta" yaddaşlardan silindi. "Zemlyane" mahnısı isə 2010 ildə Rusiya Kosmonovtika Günündə rəsmi status qazanır. O vaxtdan bəri rus kosmonavtlar kosmosa uçarkən bu mahnının kassetini də özləri ilə götürürlər ki, darıxanda dinləsinlər.

 

Töhfə verən azərbaycanlılar

Bu yerdə qeyd edək ki, Sovet kosmos elminin baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb.1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.

Bu arada, Musa Manarov, Kərim Kərimov və Tofiq İsmayılov keçmiş SSRİ-nin kosmik proqramda mühüm rol oynayan əslən azərbaycanlı olan mütəxəssislərdir.

Azərbaycandan söz açmışkən, dünyanın bir parçası olaraq, ölkəmizdə aerokosmik sənaye sürətlə inkişaf etdirilməkdədir. Bu sahəyə ölkəmizdə diqqət 2008-ci ildə prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamdan sonra başlanılıb. Ölkədə fəaliyyət göstərən aerokosmik agentliyin qarşısında duran başlıca vəzifə ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə və inkişafına xidmət edən layihələri icra etməkdir.

Bu yerdə qeyd edək ki, Azərbaycanda kosmik sənayenin tarixi yeni deyil – Sovet illərindən başlayır. Hələ SSRİ-də bu sahə inkişaf etdirilərkən azərbaycanlı Kərim Kərimov böyük töhfələr verib. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb.

Müstəqillik dövründə - 2010-cu il may ayının 3-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində (indiki Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib. O Qafqazda əsas peyk operatorudur. ASC-nin əsas fəaliyyəti müştəri tələblərinə cavab verən operator kimi müəyyən edilib. "Azərkosmos" peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətlərinin göstərilməsi və hökumət müştərilərinin yüksək etibarlı rabitə platformaları ilə təmini istiqamətində iş aparır.

"Azərkosmos" yerüstü şəbəkələrin əhatə dairəsinə daxil olmayan peyk əsaslı xidmətlərdən faydalanmaq üçün əhaliyə geniş imkanlar yaradır. O telekommunikasiya peykinin inkişaf etmiş dizaynı və qoşulma imkanları vasitəsilə, dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə edə bilər. Milli peykimiz Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda əsas rol oynayır.

 

Azərbaycanın peykləri

Azərbaycanın ilk milli süni telekommunikasiya peyki "Azerspace-1" 2012-ci il fevralın 8-də orbitə çıxarılıb. "Azerspace-1" Bakı vaxtı ilə saat 01:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın "Arianespace" şirkətinin "Ariane 5" raket daşıyıcısı vasitəsilə qaldırılıb.

Çəkisi 3,2 ton olan "Azerspace-1" Malayziyanın "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə olunan və "Azərkosmos" ASC-yə icarəyə verilən 46° Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşir.

Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti tərəfindən işlənən "STAR-2" platforması əsasında hazırlanıb. Peykin istismar müddəti 15 ildir.

Azərbaycan növbəti dəfə orbitə 2014-cü il iyunun 30-da “Azersky” adlı müşahidə peykini buraxıb. 157 milyon avro dəyəri olan peyk əsasən ölkəmizin müdafiə və təhlükəsizliyinə xidmət edir.

Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki olan "Azerspace-2" ABŞ-ın Space Systems Loral (SSL) şirkəti tərəfindən hazırlanıb. “Azerspace-2” də 25 sentyabr 2018-ci ildə Fransız Qvineyasının Kuru kosmodromundan orbitə buraxılıb. Peykin istismar müddəti 15 il nəzərdə tutulub. “Azerspace-2” peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir.

Oxunma sayı 1051
Gündəm rubrikasından digər xəbərlər