"Ağ Ev Azərbaycanın Qəzzada beynəlxalq qüvvələrin tərkibində təmsil olunmasını istəyir. Pentaqon həm İsrail, həm də Fələstinlə yaxşı münasibətlərə malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Qəzzaya hərbçilərinin göndərməsinin tərəfdarıdır".
Bunu Hafta.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Donald Tramp administrasiyasının Azərbaycan Prezidenti İlham Əliyevi Misirdəki sammitə dəvət etməsi də buna dəlalət edir.
E.Şahinoğlu vurğulayıb ki, Azərbaycan hərbçilərinin beynəlxalq qüvvələrin tərkibində Kosovo, İraq və Əfqanıstanda fəaliyyət təcrübəsi var. Ancaq Qəzzada vəziyyət daha mürəkkəbdir:
"Digər tərəfdən, beynəlxalq qüvvələrin Qəzzadakı rolunun nədən ibarət olacağı hələ müəyyənləşməyib. HƏMAS tərksilah olunmasa bölgədə gərginlik yenə artacaq. Bunu ABŞ Prezidenti Donald Trampın və İsrailin baş naziri Benyamin Netanyahunun son açıqlamaları da sübut edir. Tramp CNN kanalına müsahibəsində deyib ki, HƏMAS hərəkatı Amerika prezidentinin sülh planının şərtlərinə əməl etməsə, o İsrail ordusunun Qəzza küçələrinə qayıtmasına icazə verəcək. Bu açıqlama İsrail rəsmilərinin HƏMAS-ın ünvanına daha sərt açqlamalarına yol açıb".
Politloq İsrailin müdafiə naziri İsrael Katzin "HƏMAS hərəkatı tərksilah etməkdən imtina edərsə, İsrail Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək" - fikrinə və İsrailin baş naziri Binyamin Netanyahunun isə daha sərt bəyanat verərək ölkəsinin HƏMAS-a qarşı mübarizəni hələ başa çatdırmadığını və məqsədin terror təşkilatını tamamilə məhv etməsi fikrinə diqqət çəkib:
"Yəni Qəzzada atəşkəsə riayət olunsa da, İsrail HƏMAS-ın varlığına seyrçi qalmayacaq. HƏMAS isə tərksilah olunmağa hazır deyil. Belə bir vəziyyətdə Qəzzadakı beynəlxalq qüvvələr atəşin mərkəzində qala bilərlər. Bu mənada beynəlxalq qüvvələrin Qəzzada fəaliyyətə başlaması HƏMAS qruplaşmasının tərksilahından asılı olacaq".