Kubanın Azərbaycanda, eyni zamanda Türkmənistanda akkreditə olunmuş səfiri Alfredo Nieves Portuondo Aşqabada səfəri çərçivəsində bu ölkənin Boks Federasiyasının prezidenti Əliasker Bəşirovla görüşüb.
Hafta.az yazır ki, Aşqabaddakı Olimpiya kəndində baş tutan görüşdə tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Kubalı diplomat görüşün böyük əhəmiyyət daşıdığını və Türkmənistan tərəfinin iki xalq arasında təmasları artırmaq üçün göstərdiyi maraqdan məmnun olduğunu bildirib.
Öz növbəsində, Ə.Bəşirov Kuba boksunun keyfiyyətini yüksək qiymətləndirib. Bildirib ki, gələcəkdə kubalı boksçularla bu idman döyüş növünü təkmilləşdirmək üçün əməkdaşlıq edəcəklər. Bu əməkdaşlığa hətta boksçuların mübadiləsi də daxildir. O, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya hazırlıq məqsədilə iki ölkə idmançılarının birlikdə hazırlaşmasını da məqsədəuyğun hesab edib.
Söhbət zamanı hər iki tərəf bu fikirlə birmənalı şəkildə razılaşıb ki, Kuba Boks Məktəbi dünyanın ən nüfuzlu və müvəffəqiyyətli məktəblərindən biridir və əsas beynəlxalq mərhələlərdə davamlı şəkildə böyük uğurlar qazanan möhkəm sistemə malikdir.