Laçın təxribatı, Paşinyanın etirafı - Aktual

12:05 13.04.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanla sərhəddə erməni tərəfinin növbəti təxribatı nəticəsində yenə üç şəhid verdik. Laçın istiqamətindəki təxribatın başvermə anı zamanlama baxımından bir çox sual doğurur. Belə ki, rəsmi təsdiqini tapmamasına baxmayaraq, Azərbaycan və Ermənistan arasında növbəti danışıqların Vaşinqtonda keçiriləcəyinə dair məlumatlar yayıldı.  İki gün əvvəl isə İranda növbəti Tehran-İrəvan danışıqlarının şahidi olduq. Bütün yaşanan proseslər bir çox cavabı açıq qalan suallar doğururur. Bununla belə rəsmi Bakının mövqeyi qəti və dəyişməzdir. Sərhədlər müəyyənləşməli, sülh sazişi imzalanmalı, ərazi bütövlüyünün qarşılıqlı şəkildə rəsmən tanınması elan olunmalıdır.

Yeri gəlmişkən, bu məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramov rəsmi Bakının mövqeyini bir daha açıqlayıb: "Ermənistan və Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müsbət addımlar atılanda Ermənistan tərəfindən siyasi və hərbi təxribatların şahid oluruq". Ceyhun Bayramov Bakıda Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, bu, ilk hal deyil: “Azərbaycan tərəfi məsələni araşdırır, ancaq ilkin rəylərə əsaslansaq, aydın olur ki, bu, planlaşdırılmış təxribat idi. Xüsusi təyinatlıların korpus komandirinin orada olması göstərir ki, bu, onların göstərişi ilə həyata keçirilib, bu, adi hərbçinin qərarı deyildi. Bu, bir daha onu göstərir ki, təxribatın arxasında plan olub”.

Xarici işlər naziri onu da vurğulayıb ki, təxribat baş verən yerə yaxın ərazilərdə sürətli quruculuq işləri gedir: “Bu təxribatların törədilməsi bizim vətəndaşlarımızın azad olunmuş ərazilərə qayıtmasına mane olmaq istiqamətində atılan addım kimi başa düşülə bilər. Ermənistan bu təhlükəli və təhrikedici addımlarından çəkinməlidir, bunun nəticələri Ermənistan üçün ağır ola bilər, necə ki, dünən belə oldu”.

"Əfsuslar olsun, Ermənistanın destruktiv yanaşması, ziddiyyətli addımların atılması ilə məhdudlaşmır,  həm də hərbi-siyasi təxribatların şahidi oluruq ki, ən son belə təxribat dünən baş verib", - deyə o bildirib.

Nazir Ermənistanın erməni əsilli şəxslərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinə müdaxiləsinin əsassız olduğunu deyib: “Ermənistan bu təhlükəli və təhrikedici addımlarından çəkinməlidir, bunun nəticələri Ermənistan üçün ağır ola bilər, necə ki, bu dünən belə oldu", - nazir deyib. Xarici işlər naziri qeyd edib ki, təxribat baş verən yerə yaxın ərazilərdə sürətli quruculuq işləri gedir: “Bu təxribatların törədilməsi bizim vətəndaşlarımızın azad olunmuş ərazilərə qayıtmasına mane olmaq istiqamətində atılan addım kimi başa düşülə bilər”.

Yaşanan hadisələr fonunda çətin vəziyyətə düşdüyünü anlayan rəsmi İrəvan yenidən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. 

"Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb", - Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı” zamanı çıxışında deyib. “Əgər Madrid prinsiplərindən əvvəl Qarabağın öz müqəddəratını təyinetmə yeri SSRİ idisə, Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin “parlaq” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etdiyi məkana çevrildi”, – Paşinyan bildirib. Onun sözlərinə görə, Madrid prinsiplərinə əsasən, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və onlar “bu gün həmin sənədin meyvələrini yığırlar”.

“Bizim səhvimiz onda oldu ki, bunu 2018-ci ilin mayında deməli idik, lakin fikirləşdik ki, gələcəkdə birtəhər bu tələdən çıxa bilərik. Tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün bunu edə bilmədik”, – Ermənistanın hökumət başçısı əlavə edib.

Paşinyan qeyd edib ki, “Madrid prinsiplərindən əvvəl Ermənistan tərəfinin mövqeyi belə idi ki, Qarabağ heç  zaman müstəqil Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin dağılması kontekstində öz müqəddəratını təyin etmək hüququndan istifadə edir”.

“SSRİ-nin digər subyektləri, Almatı Bəyannaməsində qeyd olunanlara əsasən, öz müqəddəratını təyinetmə hüququndan istifadə edib müstəqillik əldə etdilər, o cümlədən Qarabağ və nəticədə Qarabağ SSRİ-dən ayrıldı”, - Paşinyan əlavə edib.

Baş nazir vurğulayıb ki, Madrid prinsipləri 2007-ci ildə Ermənistanda hakimiyyətin ötürülməsi zamanı Serj Sarkisyanın Baş nazir, Robert Koçaryanın isə prezident olduğu dövrdə meydana çıxıb ki, burada da ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ öz əksini tapıb: “Bu zaman müəyyən edilib ki, Qarabağın statusu Azərbaycan tərəfindən də razılaşdırılmalı olan mexanizmlə tənzimlənməlidir və bununla da çox ciddi konseptual dəyişiklik baş verdi. Etibarlı mənbələrin məlumatlarına görə, Madrid prinsiplərinin müəllifi elə erməni tərəfi olub.

Əgər biz Qarabağı Azərbaycanın bir hissəsi hesab etmiriksə, onda onun statusu məsələsi niyə Azərbaycanla razılaşdırılmalıdır?

Bu isə məntiqlə o deməkdir ki, Qarabağ öz müqəddəratını təyin etmək üçün Azərbaycanın tərkib hissəsi olmalıdır, əks halda, o, öz müqəddəratını kimdən müəyyən edir?

Beləliklə, bizim ən böyük səhvimiz bu barədə 2018-ci ildə xalqa izahat verməməyimizdir.

Qarabağı danışıqlar prosesindən çıxaran Ermənistan sonradan “Mən Qarabağın öz müqəddəratını təyinetmə hüququndan istifadə etməyə gəlmişəm”, – dedi.

Bunun cavabında isə Ermənistana dedilər ki, əgər bunu sən deyirsənsə, o zaman bu, ərazi mübahisəsidir, ərazi iddiasıdır. Qarabağ probleminin bütün mahiyyəti deformasiyaya uğrayıb”, – Paşinyan bildirib.

Elxan Şıxəliyev, hərbi ekspert:

- Ermənistanla şərti sərhəddə yaranan hərbi münaqişə təsadüf deyil. 44 günlük müharibədən sonra dəfələrlə belə təxribatlar törədilib. Son erməni təxribatı nəticəsində 10 nəfərə yaxın sərhəd pozucusu - 4-ü məhv edilməklə, 6-sı müxtəlif yaralarla zərərsizləşdirilib. Gorus istiqamətində əməliyyat bölgəsinə cavabdeh olan korpus komandiri, polkovnik Gözəlyan da  atdığı atəşin cavabını alıb. Ermənistanın şərti sərhəddəki təxribatlarının Avropa İttifaqının Ermənistandakı missiyasına, Rusiya və İranın məqsədlərinə xidmət edən niyyətləri var. Bunlar Avropa İttifaqına demək istəyir ki, sülh sazişinə getmək üçün şərait yoxdur, çünki atəşkəs pozulur, hərbçilər yaralanır, məhv edilir. İrana mesaj verir ki, təhlükəsizliyimizin təminatında problemlər var, kömək edin. Bir tərəfdən, Rusiyanın, KTMT-nin qüvvələrini cəlb etməyə cəhd edir. Bütün bu qarışıq mövqelər Ermənistanın sülh sazişinin bağlanmaması və zamanı uzatmaq üçün atdığı təxribatçı addımlarıdır. Ermənistan ona görə sülh sazişini imzalamaq istəmir ki, sərhədlərimizi tanımalıdır, demorkasiya, delimitasiya prosesi başa çatmalıdır. Sırf bundan yayınmaq üçün hər zaman bu kimi təxribatçı addımları atırdılar, bundan sonra da atacaqlar. Azərbaycan  bu təxribatlara adekvat cavab verərək birtərəfli qaydada olsa, şərti sərhədlərimizi müəyyənləşdirəcək. Siyasilər bu demorkasiya, delimitasiyanı anlaşma ilə həll etməyəcəksə, o zaman hərbçilər prosesə silahları ilə müdaxilə edəcək. Ermənistanın bizimlə müharibə etməyə gücü yoxdur, amma İranı bizim üzərimizə təhrik edirlər. İran özü də bu qarışıq dönəmdə öz qüvvələrini regiona cəlb etməkdə maraqlıdır. İran propsi qüvvələrlə Ermənistan silahlı qüvvələrin silahlandırılmasında yardımçı olmağa və yaxud diversiya qruplarının hazırlanmasında mütəxəssislər kimi iştirak etməyə çalışır və edir. Formasını dəyişib Ermənistanın hərbi formasını geyinən qeyri-qanuni hərbçiləri var. Ermənistanda Avropa İttifaqının missiyası, Rusiyanın FTB-si, 102-ci bazanın hərbi gücü var. Bu müxtəlif istəklər üzərində Ermənistana o qədər güc toplayırlar ki, Ermənistan bunu qaldıra bilməyəcək. Müxtəlif hərbi, siyasi istəkləri olan qüvvələrin güclərinin bir respublikanın ərazisində cəmləşməsi Ermənistana Suriya variantını vəd edir. Ona görə də, ermənilərin lokal atəşkəs pozuntuları ilə ərazilərimizə müdaxilə etmələrini, hərbçilərimizin üzərinə atəş açmalarını gözləməliyik. Çalışmalıyıq ki, itkilərimiz olmasın. Bütün hallarda Ermənistan konstruktiv davranmalıdır. Ermənistan bir az öncə sülh mesajları verməli, silahlı qüvvələrini ərazilərimizdən çıxarmalıdır. Bundan sonra bu coğrafiyada bizim siyasi istəklərimiz tamamlanmış olacaq.

Elxan Şahinoğlu, politoloq:

- Ermənistan Laçın istiqamətində hərbçilərimizi İran istehsalı olan hərbi texnikaların vasitəsilə atəşə tutub. Bizə təmas xəttində istehkamlarımızı qurmağa maneə olmağa çalışırlar. İranın Ermənistanı silahlandırdığı gözlənilən idi. Ukraynaya qarşı işğalçı müharibəni genişləndirmək üçün Rusiyaya pilotsuz uçuş aparatları və raket qurğuları verən İran eyni silahları strateji tərəfdaşı Ermənistana da ötürüb. İki gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağıran İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin erməni həmkarına lazımi təlimatlar verdiyi aşkardır. Görüşdən sonra “Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişikliyin əleyhinəyik”, – deyən Əli Şamxani Armen Qriqoryanı Azərbaycan əleyhinə gərəkli addımlara “cəsarətləndirib”. Qriqoryan da bu təlimatları baş nazir Nikol Paşinyana və ordu rəhbərliyinə çatdırıb. Ermənistan və Qarabağ separatçıları  Rusiya və İranın Azərbaycana qarşı istifadə etdikləri alətlərdir. Halbuki, İkinci Qarabağ müharibəsindən və ötənilik sentyabr döyüşlərindən sonra Ermənistan Azərbaycana qarşı istənilən təxribatdan çəkinməliydi. Çəkinmirlərsə, demək, onları qızışdıranlar var. Bunun nəticəsidir ki, Ermənistan nə Azərbaycanla sülh sazişi imzalamaq istəyir, nə sərhədin müəyyələşməsiylə bağlı danışıqlara başlayır, nə də Zəngəzur dəhlizini açmağa həvəs göstərir. Biz isə təmas xəttində möhkəmlənməli və Qarabağın tamamında ərazi bütövlüyü və suverenliyimizin bərpası çalışmalarını davan etdirməliyik. Başqa alternatimiviz yoxdur.

Şair Ramaldanov, hərbi ekspert:

- Erməni hərbi siyasi rəhbərliyi təxribatlar törətməklə özünün siyasi hədəflərinə çatmaq istəyir. Ermənistan bunun üçün atəşkəsi pozur, hansısa istiqamətlərdə təxribatları törədərək vəziyyətin gərginləşməsinə çalışır. Son zamanlar belə təxribatların olması ermənilərin siyasi hədəflərinə çatması üçün münbit şərait yaradılmasına xidmət edir. ABŞ-da  sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlara başlanır, digər tərəfdən, sülhün bağlanması üçün Azərbaycan tərəfindən ciddi lokal addımlar atdı. Laçın-Xankəndi yolunda yüksəkliklərin nəzarətə götürülməsi ilə  aparılan əməliyyatlar Ermənistandan Azərbaycan ərazisinə daşınan silah-sursatın, şəxsi heyətin qarşısının alınması ilə nəticələndi. Azərbaycan Ali Baş Komandanı, cənab Prezident  tərəfindən Laçın istiqamətində sərhəd buraxılış məntəqələrinin, gömrük xidmətinin  yaradılması fikirlərinin səslənməsi də ermənilərin buna təxribatla cavab verməsinə səbəb ola bilər. Erməni təxribatları, həmçinin sülh müqaviləsi, üçtərəfli bəyannamədən irəli gələn bəndələrin yerinə yetirilməsindən fikri yayındırmaq məqsədi daşıyır. Ermənilər bu təxribatla heç bir nəticə əldə edə bilməyəcək. Vəziyyəti gərginləşdirməklə yeni oyunçuların bu regiona daxil olmasına, gərginlik fonunda KTMT-ni regiona cəlb etmək, Rusiyanın fəaliyyətsizliyi ilə bağlı bəyanatlar verib Avrropa İtifaqı missiyasının əhəmiyyətini qaldırmağa şərait yaradırlar. Ermənilərin nə istəməsindən, hansı hiylələr işlətməsindən asılı olmayaraq Azərbaycan Ordusu əməliyyat şəraitini nəzarət altında saxlayaraq adekvat addımlar atmağa davam edir və bundan sonra da qəti addımlarını atacaq. Azərbaycan ordusu təxribatın nəticələrinə görə cavab tədbiri görəcək. Biz yaxın zamanlarda müəyyən addımların nəticələrini görəcəyik. Ermənistanın öz itkilərini gizlətməyə çalışır. Ermənistan hər təxribatdan sonra ilkin məlumatda itkilərinin sayını az göztərir, bir müddətdən sonra bu itkilərin çoxalması ilə nəticələnən məlumatların yayıldığı  müşahid olunur. Ermənistanın cəmiyyətinin itkilərə münasibətini nəzərə alsaq, sadə insanlar müharinədən qorxurlar.  Bu xəbərlər Ermənistanda narazılığı yaratmasın deyə, itkilər gizlədilir. Nə qədər Azərbaycan-Ermənistan arasında sülh bağlanmayıb, Ermənistan vəziyyətin gərgin saxlanılmasında maraqlıdır, belə təxribatları gözləməliyik. Azərbaycanın cavabı daha sərt olacaq. Əgər hər hansı bir təhlükə yaranarsa Azərbaycan dərhal cavab addımını atacaq.

Siyasət rubrikasından digər xəbərlər