Latviya millisinin baş məşqçisi: Azərbaycan kimi komandalarla oynayıb inkişafa nail olmaq istəyirik

18:21 06.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla oyuna 5 gün ərzində hazırlaşmışıq. Bəzi çətinliklərimiz var. Biz problemləri həll edib müvəffəqiyyət qazanmaq istəyirik.

Hafta.az xəbər verir ki, bu sözləri Latviya millisinin baş məşqçisi Paolo Nikolato sabah Azərbaycan millisi ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, sabahkı matç ərəfəsində nikbin olduğunu bildirib: "Hər görüşə ciddi yanaşırıq. Rəqibimiz FIFA reytinqində 119-cu pillədə qərarlaşır. Özümüzdən yuxarıda olan komandalarla oynayıb inkişafa nail olmaq istəyirik. Heyətimizdə yeni oyunçular var. Onlara özlərini göstərmək imkanı veririk. Belə oyunlar da bacarıqlarını ortaya qoymaq baxımından şansdır. Bizim üçün vacib olan məqam hər futbolçunun özünü vacib fiqur kimi hiss etməsidir. Yeni futbolçularda güclü komandalara qarşı matçlarda qorxu hissinin olmaması da önəmlidir. Milli komandanın gücü daxili liqanın səviyyəsi ilə ölçülür. Nə qədər çox futbolçumuz güclü klubda oynasa, millimiz üçün bir o qədər yaxşı olar".

Mütəxəssis Azərbaycan millisi ilə keçmişdə keçirdikləri oyunlara baxmadıqlarını söyləyib: "Beş il əvvəlki son oyunda Latviyanın Azərbaycana məğlub olması mənim üçün əhəmiyyətli deyil. Hər zaman bu günün tələblərinə görə hərəkət edirik. Çünki futbolda bir dəqiqənin içində çox şey dəyişir. Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dünyaca tanınmış mütəxəssisdir. Onun işinə, uğurlarına böyük hörmətlə yanaşıram. Əlbəttə ki, bunu nəzərə alırıq. Azərbaycanla oyundan sonra Albaniya ilə rəsmi matça çıxacağıq. Təbii ki, heyətdə 50 faiz dəyişiklik olub. Azərbaycanla görüşdən sonra bütün diqqətimizi albanlarla qarşılaşmaya yönəldəcəyik".

Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.