Latviya səfirliyi Milli Kitabxanaya yeni kitablar hədiyyə edib

11:45 02.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Latviyanın ölkəmizdəki səfirliyi tərəfindən Azərbaycan Milli Kitabxanasına bir sıra kitablar təqdim olundu.

Hafta.az-ın yazdığına görə, təqdimatda çıxış edən kitabxananın direktoru Kərim Tahirov bildirib ki, hazırda iştirak etdiyimiz kitab guşəsi iki il öncə yaradılıb. Bu qısa müddətdə guşədə ümumilikdə 300-dən artıq kitab toplaya biliblər. Hansı ki, bu əsərlərin hamısı ya latış, ya da ingilis və digər dillərdədir. Amma bu heç də hamısı deyil. Çünki, Milli Kitabxananın ehtiyyatında Latviya yazarlarının qələminin məhsulu olan minlərlə kitab mövcuddur.

"Azərbaycan Milli Kitabxanası Latviya Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində kitabxana-informasiya sahəsində, sərgilərin təşkili, kitab və resurs mübadiləsi və s. həyata keçirir. Səfirlikdən hədiyyə edilən kitablar Beynəlxalq Əməkdaşlıq zalının Latviya daimi guşəsində və Xarici ədəbiyyat kolleksiyasında öz layiqli yerini tutacaq. Həmçinin, oxucular buradakı kompyuterlərdən yararlanaraq birbaşa Latviya Milli Kitabxanasının elektron kataloquna daxil olaraq ölkənin mədəniyyətinə, tarixinə, ədəbiyyatına dair nəşrlərə baxmaq imkanı əldə edirlər", - deyib K.Tahirov.

“Guşədəki kitablar zaman-zaman yeni gələn əsərlərin hesabına yenilənməkdədir. Kitabxanamıza gələn oxucular burada dost Latviyaya aid bütün janrlarda əsərlərlə tanış ola bilərlər. Bu gün də bir sıra əsərlər hədiyyə olunub. Latviya səfirliyi ilə kitabxanamız arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən yeni kitabların alımı prosesi davam edəcək”, - deyib K.Tahirov.

K.Tahirov çıxışının sonunda gətirdikləri kitablara görə Latviya səfirliyinə və şəxsən V.Busaya təşəkkürlərini bildirib.

Latviya səfirliyinin müvəqqəti işlər vəkili xanım Vija Buşa deyib ki, bu gün ölkəsi adından növbəti kitab dəstlərini kitabxanaya hədiyyə etdiyi üçün çox şaddır. O, gətirilən kitabların Latviya Mədəniyyət Nazirliyinin Azərbaycana hədiyyələri olduğunu da vurğulayıb.

“Kitablar cəmiyyətləri inkişaf etdirmək, marifləndirmək üçün mənbədir, onlara aydınlıq bəxş edən işıqdır. Çox sevinirik ki, Latviya dövləti Milli Kitabxanada öz guşəsi ilə təmsil olunur və biz də öz növbəmizdə bura vaxtaşırı kitablar hədiyyə etdiyimiz üçün şadıq. Hesab edirəm ki, guşədə toplanan kitablar xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək”, - deyən xanım V.Buşa daha sonra gətirdikləri “Terra Mariana” tarixi, eləcə də “Europe – 100”, “100 beautiful places in Latvia”, “Vaira Vike-Freiberga. The singer of songs” və sair kitabları kitabxananın direktoru K.Tahirova təqdim edib. 

Qeyd edək ki, Latviya səfirliyi bu gün Milli Kitabxanaya 9 adda kitab bağışlayıb ki, onlarda altısı ingilis, qalan üçün isə latış və ingilis dillərində çap olunub.