Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın TF1 televiziyasına müsahibəsində deyib ki, Ukraynanın Donbas bölgəsinin “azad edilməsi” Moskva üçün qeyd-şərtsiz prioritetdir. Lavrov Rusiya prezidenti Putinin səhhətinin vəziyyəti ilə bağlı da flaş açıqlamalar verib.
Hafta.az xəbər verir ki, Lavrov Rusiyanın davamlı işğalını müdafiə etdiyi çıxışında onların əməliyyatlarının məqsədinin Ukraynanı “silahsızlaşdırmaq” olduğunu iddia edib.
Rusiya xarici işlər naziri Moskvanın bir müddətdir davam edən “neonasist rejimi ilə mübarizə apardıqları” arqumentini də təkrarlayıb.
Rusiyalı nazir Putinin xəstə olması ilə bağlı iddiaları qəti şəkildə rədd edib. Putinin mütəmadi olaraq ictimaiyyət qarşısına çıxdığını qeyd edən Lavrov “Mən düşünmürəm ki, müdrik insanlar bu insanda hansısa xəstəlik və ya pozğunluq əlaməti görsünlər” - deyib.
"Rusiya Federasiyası tərəfindən müstəqil dövlətlər kimi tanınan Donetsk və Luqanskda qələbə bizim qeyd-şərtsiz prioritetimizdir", - Lavrov TF1 televiziyasına deyib.
Ukraynanın qalan hissəsinə müraciət edən Lavrov, “Əslində anti-Rusiya olan neo-nasist rejimi altında yaşamağa qayıtmaqdan xoşbəxt olub-olmamaları onların öz işidir” deyib.
Ukrayna şəhərlərində baş verən humanitar dağıntılarla bağlı sualı cavablandıran Lavrov, “Rusiya əsgərlərinə mülki infrastruktura zərər vurmamaq üçün ciddi əmr verilir” deyib.