Lukaşenko gözlənilmədən Abxaziyaya gəldi - FOTO

19:03 28.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Belarus prezidenti Aleksandr Lukaşenko Gürcüstanın Rusiya qoşunları tərəfindən işğal olunmuş ərazisi olan Abxaziyaya ilk rəsmi səfər edib.

Hafta.az Ukrayna mediasına istinadla xəbər verir ki,  belə bir məlumat  qondarma "Abxaziya respublikası"nın qanunsuz prezidenti Aslan Bjaniyanın saytında yer alıb.

Xəbərdə bildirilir ki, görüş “Pitsundadakı dövlət bağ evində” baş tutub.

Lukaşenko separatçı başçıya deyib ki, o, “böyük qardaşımız Vladimir Vladimiroviç Putinlə” Abxaziya problemlərini müzakirə edib.

“Biz bu məsələləri gecəyə qədər çox müzakirə etdik və eyni nəticəyə gəldik ki, Abxaziyanı tənha qoymaq olmaz" -deyə Belarus lideri vurğulayıb.

Avqustda Bjaniya bildirmişdi ki, Abxaziya Rusiya və Belarusun qondarma İttifaq Dövlətinin üzvü olmağa hazırdır - baxmayaraq ki, Belarus Abxaziyanı tanımır.

Lukaşenko isə hələ 2015-ci ildə bəyan etmişdi ki, Minsk Gürcüstanın ərazi bütövlüyünə hörmət edir.

Xatırladılır ki, "Rusiya və Belarus ittifaq dövləti" adlanan dövlət 2000-ci ildən mövcuddur. Onun məqsədi iki dövlətin tədricən federasiyada birləşdirilməsi idi, lakin bütün bu müddət ərzində belə bir müqavilə də qəbul edilməyib...