İtaliyanın dəbdəbəli kurortu Portofinoda kondisionerlərin quraşdırılmasına qoyulan qadağaya görə polisə xəbərdarlıq edilib.
Hafta.az-ın “Corriere della Sera”ya istinadən yazdığına görə, ölkənin şimal-qərbindəki Genova vilayətinin liman şəhəri 1953-cü ildən milli parkın sərhədləri daxilində olduğundan bir neçə il əvvələ qədər evlərdə kondisioner quraşdırmaq qadağan edilib.
Lakin temperaturun artması ilə əlaqədar Portofino Bələdiyyəsi rəsmi icazə almaq şərti ilə məhdud sayda kondisionerlərin quraşdırılmasına icazə verir və bu, binaların görkəmini korlamaz. Xüsusilə, kondisionerin xarici bloklarının binalardan kənarda yerləşdirilməsinə icazə verilmir.
Digər tərəfdən, bələdiyyənin şərtlərinə cavab verə bilməyən Portofino sakinləri evlərinə qeyri-qanuni kondisionerlər quraşdırırlar.
İtaliyanın tanınmış qəzetlərindən olan "Corriere della Sera"nın yazdığına görə, polis Portofino küçələrində patrul edir və qeyri-qanuni kondisioner olan mənzilləri aşkarlayır.
İyun ayında 15 nəfərin müxtəlif çardaq və terraslarda qanunsuz olaraq kondisioner quraşdırdığı müəyyən edilib. Yanvar-may ayları arasında qeydə alınan qeyri-qanuni kondisionerlərin sayı 22 olub.
Qəzet dəbdəbəli istirahət mərkəzində “kondisioner müharibələri”nin getdiyini və vətəndaşların evlərin fotolarını çəkərək bir-birini polisə xəbər verdiyini bildirir. Bəzi ev sahiblərinin kondisionerlərini bina rənginə boyayaraq gizlətməyə çalışdıqları yazılıb. Bəzi vətəndaşların qonaq kimi getdikləri evlərdəki kondisionerlərin fotolarını çəkərək bu şəxsləri polisə xəbər verdiyi də bildirilir.
Qaydalara əməl etməyənlər 43 min avroya qədər cərimələnə bilərlər. Portofino Bələdiyyə Başçısı Matteo Viacava bildirir ki, əksər vəziyyətlər məhkəmə çəkişmələrinə ehtiyac olmadan həll olunur.
İtaliya mediası da yazır ki, polis 40 dərəcəni keçən hərarətlə mübarizə aparan qəsəbədə dronlarla yoxlamalar aparıb. Ancaq Viacava bunun həqiqəti əks etdirmədiyini iddia edir və deyir: “Məqsədimiz kimisə cəzalandırmaq deyil. Biz sadəcə qaydalara əməl olunmasını və Portofinonun gözəlliyinin qorunub saxlanmasını istəyirik”.
Asiyanın ən zəngin iş adamı Mukeş Ambaninin oğlu Anant Ambani ilə Radhika Merchantın toy öncəsi məclisi də Portofinoda keçirilib. Özəl qapalı şəhərcikdə 800 nəfərin iştirakı ilə keçirilən tədbir təxminən 139 milyon avroya başa gəlib.