Makaron böhranı: buğda ucuzlaşıb, qiymət isə düşmür

12:19 12.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Buğdanın ucuzlaşmasına baxmayaraq, makaron məhsullarının qiymətinin artması italiyalıları çaş-baş salıb. Ölkədə makaron məhsullarının qiymətinin artması ilə əlaqədar hökumət iclas keçirəcək.

Hafta.az-ın “Reuters”ə istinadən ayzdığına görə, İtaliya hökuməti dünən sənaye naziri Adolfo Ursonun çağırışı ilə fövqəladə iclas keçirərək makaron qiymətlərindəki ciddi artımı dəyərləndirib. Nazirliyin məlumatına görə, buğdanın ucuzlaşmasına baxmayaraq, martda spagetti və digər makaron məmulatlarının qiymətləri illik bazda 17,5 faiz artıb.

Eyni dövrdə İtaliyanın Avropa Birliyi (AB) uyğunlaşdırılmış istehlak qiymətləri indeksində (HICP) artım yüzdə 8,1 olub. Apreldə bu göstərici 8,8-ə yüksəlib. HICP, avro bölgəsindəki ölkələr arasında inflyasiya hesablama uyğunsuzluğunu həll etmək üçün Avropa Mərkəzi Bankı tərəfindən hazırlanmış bir hesablama üsuludur.

Ölkədə makaron məmulatının istehsal olunduğu bərk buğdanın qiyməti rəsmi məlumatlara görə, ötən illə müqayisədə 30 faiz ucuzlaşıb.

Hökumətin təyin etdiyi xüsusi komissiyanın keçirəcəyi iclasda xammal, enerji və istehsal xərclərinin artmasının qiymətlərə təsiri araşdırılacaq. Bundan əlavə, onlarla bağlı hansı addımların atılacağına qərar veriləcək.

Ölkənin aparıcı istehlakçı hüquqları təşkilatlarından olan “Assoutenti” qiymət artımında qida şirkətlərini günahlandırır. Qrupun sədri Furio Truzzi ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post”a deyib: "Artımların yeganə izahı əsas qida qruplarının mənfəətlərini artırmaq üçün spekulyasiya etməsidir".

“Assoutenti”nin aprel ayında dərc etdiyi hesabatda ölkədə makaron qiymətlərinin keçən ilə nisbətən orta hesabla yüzdə 25 artdığı görülüb. İstehsalçılar isə enerji, qablaşdırma və logistika xərclərinə görə xərclərin artdığını və bunun makaron qiymətlərində əks olunduğunu iddia edirlər.

Qida istehsalçılarını təmsil edən “Unione Italiana Food”un sözçüsü İvana Kalo, makaronun əsasən ucuz olduğunu və qiymət artımlarının ailələrin büdcələrinə "məhdud təsir" göstərəcəyini söyləyib.