Dünya çempionatının finalından 2 gün keçsə də, Fransa prezidenti Emmanuel Makronun görüntüləri hələ də sosial media və müxalifətin dilindədir. Fransa lideri 'özəlliklə fərqlənməyə və diqqəti cəlb etməyə çalışmaqda' ittiham olunur...
Qətərdə keçirilən 2022 FIFA Dünya Kubokunun finalında Argentina 3-3 bitən matçın penaltilər seriyasında Fransanı 4-2 hesabı ilə məğlub edərək çempion oldu.
Dünya çempionatında məğlub olan fransız futbolçular böyük kədər yaşayarkən, Lusail stadionunda matçı tribunadan izləyən Fransa prezidenti Emmanuel Makron meydançaya enərək fransız futbolçuları zorla qucaqlayıb.
Final oyunundan 2 gün sonra sosial mediada hələ də Makronun fotoları görünür və Fransa lideri səhnəyə çıxmaq üçün "tamamilə ümidsiz olmaqda" günahlandırılır.
Hətta Fransa mətbuatının belə “utanc verici” kimi şərh etdiyi kadrlarda Makron matç bitdikdən dərhal sonra meydana enərək fransız futbolçu Mbappe ilə Argentina millisinin qapıçısı Emiliano Martinez arasında yaşanan emosional anı kəsir.
Fransanın məğlubiyyətindən sonra yerdə oturan Mbappeyə təsəlli vermək üçün Martinez gələndə Makron qəfildən səhnəyə çıxır və qaçaraq əllərini hücumçunun başına qoyur.
Martinez Mbappeni yerdən qaldırıb əl sıxarkən, Makron oyunçunun qolundan tutub onunla danışmağa çalışır.
Mükafatlandırma mərasimində fransız oyunçularına medal paylayan Makron Mbappeni yenidən qucaqlamağa çalışsa da, Mbappe prezidentlə göz təması belə qurmayıb və başqa bir məmurun əlini sıxmaq üçün sürətlə uzaqlaşıb.
Makronun ələ salındığı görüntülər bunlarla məhdudlaşmır. Sosial şəbəkələrdə yayılan başqa bir videoda Fransa prezidenti qol vura bilməyən Aurelien Tchouameni qucaqlamağa çalışır. Lakin üzündə heç bir ifadə nümayiş etdirməyən Tchouameni prezidentin əlini ən qısa zamanda buraxmaq niyyətində görünür.
Britaniya mətbuatı Makronun soyunub-geyinmə otağında özünü göstərmək üçün səylərini davam etdirdiyini, lakin futbolçuların heç birinin sözlərindən təsirlənmədiyini və zəif alqışlarla yola saldığını yazıb.
Makronun bu hərəkəti ilə məsxərəyə qoyulması onu müxalifətin dilinə salıb. "Onun Mbappeyə yapışqan kimi yapışdığını görmək bir az narahat idi" deyə deputat Sebastien Çenu Makronu sərt şəkildə tənqid edib.
Manuel Bompard isə Makronun daha əvvəl işlətdiyi ifadəni işlətmiş və Twitter-də “İdmanı siyasiləşdirməməliyik” mesajını paylaşmışdı.