Malvin adaları: 251 illik işğalın gerçəklikləri

12:45 10.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda Argentinanın Malvin, Cənubi Georgiya və Cənubi Sandviç adaları və müvafiq ərazi səth suları üzərində hüquqlarının tanınması Günü qeyd olunur. Coğrafi baxımdan Argentina sahillərinə daha yaxın olan və hüquqən də bu ölkənin ərazisi hesab edilməli olan bu torpaqlar nə yazıq ki, uzun müddətdir ingilislərin müstəmləkəsidir. Təbii ki, argentinalılar heç vaxt öz halal torpaqlarından vaz keçmədilər və hər zaman haqlarını əldə etmək üçün mübarizə apardılar. 

Malvin adalarının tarixinə qısaca nəzər salaq: 1771-ci il yanvarın 21-dən 22-nə keçən gecə Cənubi Amerika materiki üzərində ağalıq edən İspaniya Atlantik okeanının cənub-qərbində yerləşən Malvin (Folklend) adalarına nəzarəti İngiltəryə verib. Bununla da Cənubi Amerikanın ikinci ən iri dövləti olan Argentina ilə Böyük Britanıya arasında bu günədək davam edən münaqişənin əsası qoyulub. Hansı ki, İspaniyanın o dövrdə buraxdığı yanlışlıq istər dil, istərsə də dini baxımdan qan qardaşları sayıla biləcək argentinalıları 251 ildir ki, zərərə salmaqda, hətta insan itkiləri ilə üz-üzə qoymaqdadır. Bunun ən bariz nümunəsi 1982-ci ildə İngiltərə ilə Argentina arasında bu adalar uğrunda baş vermiş müharibədir. 42 gün davam edən müharibəni tərəflərdən heç biri rəsmən elan etməsə də, hər halda baş verdi və böyük itkilərə yol açdı.

1690-cı ildə ingilis səyyah Con Devis tərəfindən kəşf edilmiş adalar toplusu "Folkend" adlandırılıb. Hansı ki, cəmi 4 il sonra bura gələn fransızlar adalara San-Malo şəhərinin şərəfinə Malvin adını veriblər. 

Yeri gəlmişkən, Argentinada da adalar “Malvin” adı ilə tanınır.

Argentina 1816-cı ildə müstəqilliyini qazandıqdan sonra bu adaları öz ərazisinin bir hissəsi elan edir və onu fransızlar kimi, "Malvin adaları" adlandırıb. Lakin o vaxtlar İngiltərənin başqalarının torpaqlarına qarşı bitib-tükənməyən iddiaları – qəsb siyasəti argentinalıların ədalətini kölgədə qoyur və London 1832-ci ildə hərbi gəmilərini göndərərək adaları zəbt edir. Təbii ki, Argentina tərəfi bununla razılaşmır və Londonun işğalçılıq siyasətinə qarşı davam edən haqlı etirazları 1981-ci ildə daha da şiddətlənir. 1981-ci ildə Argentina ordusunun general-leytenantı Leopar Qaltiyeri bu məsələni yenidən gündəmə gətirir.

Beləliklə, Malvin (Folklend) adaları üzərindəki suverenlik problemi 1964-cü ildə Birləşmiş Millətlər Müstəmləkə Problemləri Komissiyasının gündəliyinə salınır. Rəsmi Buenos Ayres bildirir ki, Malvin (Folklend) adaları birmənalı şəkildə Argentinanın bir parçasıdır. Ən azından, Atlantik suları içində olan bu torpaq parçası Argentinanın ikiaddımlığında yerləşir, İngiltərə isə buradan minlərlə kilometr (12 min kilometr) uzaqdadır. Necə ola bilər ki, ingilislər minlərlə kilometr uzaqdan gəlib Argentina sahillərinin lap yaxınlığındakı ərazini özlərininki hesab etsinlər? Bütün bunları nəzərə alaraq, İngiltərə adaları Argentinaya qaytarmalıdır. Rəsmi Argentina hətta adada bir müddət İngiltərə idarəetmə sisteminin qalmasına da razılaşır. Amma London adada yaşayanların ingilisəsilli olduğunu deyir və oranı heç vaxt güzəştə getməyəcəyini bəyan edir.

Müharibə 2 aprel 1982-ci ildə başlayır. Argentina tərəfi ilk başda bir sıra uğurlar qazansa da, hərbi üstünlük üzü yaya doğru tədricən İngiltərənin xeyrinə dəyişir. ABŞ İngiltərəni çox ciddi şəkildə müdafiə edir, silah-sursatdan tutmuş hərbi məlumatlaradək - hər şeylə təmin edirdi. Beləliklə, ingilislər iyunun 12-də Malvin (Folklend) adalarının inzibati mərkəzi olan Port-Stenliyə hücuma edirlər və iki gün sonra – iyunun 14-də şəhərə nəzarəti ələ alırlar. İyunun 20-də isə 649 argentinalının və 258 ingilisin həlak olduğu, eləcə də 1068 argentinalının və 777 ingilisin yaralandığı müharibə İngiltərənin qələbəsi ilə yekunlaşır.

Əslində, Malvin (Folklend) adaları Argentina və İngiltərə üçün iqtisadi və ya ərazi baxımından o qədər də önəmli deyildi. Amma ədalət naminə, bu əraziyə Argentinanın tam haqqı çatır. Çünki ən azından adalar Argentinanın ərazisinə coğrafi baxımdan qonşudur. İngilislər üçün isə, bura qürur məsələsidir – adaları güzəştə getməyi məğlubiyyət kimi qiymətləndirir. Yoxsa ki, Malvin (Folklend) adaları Londonun büdcəsinə heç nə vermir, əksinə, alır. İngiltərə buradan ən yaxşı halda hərbi məqsədlər üçün yararlanır. Argentinalı yazıçı Xorxe Luis Borxes də haqlı olaraq yaxdığı şeirlərdən birində bu adalar uğrunda Argentina ilə İngiltərə arasında baş vermiş döyüşü "İki keçəlin daraq uğrunda müharibəsi" adlandırmışdı.

Malvin (Folklend) adaları Atlantik okeanının cənub-qərb hissəsində - Argentina sahillərindən 483 kilometr aralıda, İngiltərədən 12 min kilometr uzaqda yerləşir. İki böyük adadan – Soledad (Şərqi Folklend) və Qrand-Malkina (Qərbi Folklend), eləcə də 200-ə yaxın kiçik adadan ibarətdir. Sahəsi 12,1 min kvadratkilometr, əhalisinin sayı 3,2 min nəfərdir. Rəsmi dil ingilis dili, hakim din protestantlıq, inzibati mərkəzi Soledad (Şərqi Folklend) adasında yerləşən Port-Stenli şəhəridir.

Adaların üzəri əsasən 200 metrədək yüksəkliyi olan düzənlikdən ibarətdir. Mərkəzlərinə doğru 700 metrədək hündürlüyü olan alçaq yaylalar ucalır. Sərin, nisbətən rütubətli havası olan bu adalarda illik orta temperatur 10 dərəcədir. Səthinin əksər hissəsini çəmənliklər və torflu bataqlıqlar örtən adaların sahil sularında son vaxtlar o qədər də böyük olmayan neft yataqları tapılıb.

Hazırda Malvin (Folklend) adaları Böyük Britaniyanın rəsmi nümayəndəsi - ingilis qubernator tərəfindən idarə olunur.

Adalarda İngiltərənin hərbi-hava və hərbi-dəniz bazaları yerləşdirilib.

İngilis və şotlandlardan ibarət əhalisi əsasən yulaf və tərəvəz becərir, ətlik-yunluq qoyunlar saxlayır, balıqçılıqla məşğul olur. Bir neçə kiçik yeyinti müəssisəsi var və sair.