Məkkə, Mədinə və Ər-Riyadın rəqəmsal surətləri yaradılacaq

09:10 25.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreyanın texnoloji şirkəti Naver Corporation Səudiyyə Ərəbistanı üçün ölkənin beş şəhərinin rəqəmsal surətini yaradacaq bulud platformasının hazırlanması və istismarı üçün müqavilə imzalayıb.

Hafta.az-ın yazdığına görə, müqavilənin şərtlərinə əsasən, “Naver” Ər-Riyad, Mədinə, Ciddə, Dammam və Məkkənin virtual versiyasını yaradacaq, 2024-cü ildən başlayaraq beş il müddətində bulud platformasını işlədəcək.

Şəhərlərin rəqəmsal nüsxələri ağıllı şəhər layihələrinin həyata keçirilməsi üzərində işləmək, rəqəmsal simulyasiyalardan istifadə edərək müxtəlif ideyaları sınaqdan keçirmək, şəhərsalma, monitorinq, habelə təbii fəlakətlərin proqnozlaşdırılması üçün lazımdır.

Səudiyyə layihəsi çərçivəsində şəhərlərin rəqəmsal surətləri üçün bulud platforması, naviqatorlar, yol hərəkəti şəraiti, pilotsuz nəqliyyat vasitələrinin hərəkəti və s. ilə bağlı müxtəlif xidmətlərin inkişafında iştirak edə biləcək yerli təşəbbüslər və ixtisaslaşmış təşkilatlar üçün açıq olacaq.

“Naver” tenderə girən digər şirkətləri geridə qoyaraq bu sifarişi götürüb. 2023-cü ilin martında şirkət Səudiyyə Ərəbistanı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Mart ayından bəri Səudiyyə Ərəbistanı rəsmiləri şirkətin işini yoxlamaq və layihənin şərtlərini müzakirə etmək üçün “Naver”in Cənubi Koreyadakı ofisinə bir neçə dəfə baş çəkib. Yekun razılaşma Cənubi Koreya prezidenti Yoon Seok-yeolun Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanıb.

Sövdələşmənin maliyyə şərtləri açıqlanmır, lakin Yonha agentliyinin mənbələri sövdələşmənin 100 milyon dolları ötdüyünü bildirir. Razılaşma xəbərindən sonra “Naver”in səhmləri birjada təxminən 5 faiz bahalaşıb.