Meksikada yunan tanrısı Poseydonun heykəli söküldü

10:05 15.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Meksika hakimiyyəti turistlərin diqqətini çəkən Poseydon heykəlini ziyarətçilərin üzünə bağlamaq qərarına gəlib.

Hafta.az-ın “Ekatimerini”yə istinadən yazdığına görə, Meksika Ətraf Mühitin Mühafizəsi Agentliyinin cümə axşamı verdiyi açıqlamada, 3 metrlik heykəlin "lazımi icazələr alınmadan" inşa edildiyi bildirilib.

Bildirilib ki, heykəlin yerləşdiyi əraziyə girişlər bağlanıb və strukturun sökülməsi nəzərdə tutulub.

Agentliyin açıqlaması bir qrup fəal hüquqşünasın yunan mifologiyasında dəniz tanrısı Poseydonun heykəlinin Mayya xalqının inanclarını təhqir etməsi ilə bağlı şikayət ərizəsi verməsindən sonra verilib.

Maya yerlilərinin “Chaac” adlı öz su tanrılarına üstünlük verdiyini bildirən şikayət mətnində bu ifadələr yer alır: "Poseydon bizim Maya mədəniyyətimizə yad olan yunan tanrısıdır. Maya mədəniyyətimizin qorunması bizim üçün insan haqları məsələsidir".

İddianı qaldıran vəkillərdən Karlos Morales "Poseydonun Maya mədəniyyətinə yad olduğu və qanuni tələblərə cavab vermədiyi üçün Proqreso çimərliyindən çıxarılmasını istəyirəm" deyib.

Meksikanın şərqindəki Yukatan əyalətində yerləşən Proqreso liman şəhərindəki heykəl may ayında ictimaiyyətə açılıb. Bir çox turistin fotoşəkil çəkdirdiyi heykəlin bir hissəsi suyun içində olması Poseydonun dənizdən yaba ilə çıxdığı təəssüratı yaradır.

Ətraf Mühitin Mühafizəsi Agentliyindən verilən açıqlamada heykəlin Proqreso Bələdiyyəsi tərəfindən ucaldıldığı, struktur üçün lazımi ekoloji icazələrin alınmadığı bildirilib.

Sosial şəbəkələrdəki bəzi paylaşımlarda məsələyə “tanrıların savaşı” prizmasından baxılıb. Bir “X” istifadəçisi öz yazısında "Chaac 1, Poseidon 0" yazıb.