Azərbaycanda təhsilverənlərin vahid geyim forması ilə bağlı hüquqi baza yaradılır. Belə ki, “Ümumi təhsil haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyən edilməsi təsbit olunub.
Məsələyə münasibət bildirən təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, müəllimlər üçün vahid geyim standartlarının tətbiqi məktəblərdə peşəkar mühitin formalaşdırılması baxımından mühüm addımlardan biri ola bilər. Onun fikrincə, dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən Türkiyədə tətbiq olunan bu təcrübə təhsil müəssisələrində nizam-intizamın gücləndirilməsinə xidmət edir.
Ekspert bildirib ki, yeni qaydalar müəllimlər üçün konkret geyim standartlarının müəyyənləşdirilməsini nəzərdə tutur. Bu standartlar geyimin rəngi, forması, ölçüləri və ümumi görünüşü ilə bağlı tələbləri əhatə edə bilər. Onun sözlərinə görə, məqsəd müəllimlərin fərdiliyini məhdudlaşdırmaq deyil, məktəb mühitinə uyğun vahid peşəkar görünüş formalaşdırmaqdır.
R.Nurəliyev qeyd edir ki, uzun illərdir şagirdlərin vahid məktəbli formasında təhsil almasına baxmayaraq, bu məsələ ətrafında zaman-zaman valideyn və şagird narazılıqları müşahidə olunub. O hesab edir ki, müəllimlərin də eyni prinsiplə vahid geyim qaydalarına əməl etməsi məktəbdə daha ədalətli və bərabər yanaşmanın formalaşmasına kömək edə bilər.
Ekspertin fikrincə, vahid geyim forması yalnız zahiri görünüş məsələsi deyil, həm də məktəb daxilində sosial bərabərliyin və korporativ mədəniyyətin gücləndirilməsi vasitəsidir. Müəllimlərin eyni standartlara uyğun geyinməsi təhsil müəssisəsinin daha ciddi və təşkilatlanmış görüntü yaratmasına şərait yaradır. Bu isə həm şagirdlərdə, həm də valideynlərdə məktəbə qarşı məsuliyyət hissinin artmasına müsbət təsir göstərə bilər.
R. Nurəliyev vurğulayır ki, özəl təhsil müəssisələrinin əksəriyyətində müəllimlər üçün geyim kodeksi artıq uzun illərdir tətbiq olunur və bu təcrübə özünü doğruldub. Onun sözlərinə görə, dövlət məktəblərində də oxşar yanaşmanın tətbiqi müəllim peşəsinin nüfuzunun artırılmasına, təhsil mühitində vahid idarəetmə prinsiplərinin möhkəmlənməsinə və peşəkar müəllim obrazının formalaşmasına töhfə verəcək.
Ekspert hesab edir ki, qanun layihəsinin qəbulundan sonra müvafiq qurumlar tərəfindən müəyyən ediləcək geyim standartları həm praktik, həm də müəllimlərin gündəlik fəaliyyətinə uyğun şəkildə hazırlanmalıdır. Çünki əsas məqsəd məhdudiyyət yaratmaq deyil, məktəblərdə vahid mədəniyyət və nizam-intizam mühitini daha da gücləndirməkdir.
Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi də müəllimlər üçün vahid geyim standartlarının tətbiqini müsbət qiymətləndirib. Onun fikrincə, bu addım məktəblərdə daha səliqəli və peşəkar mühitin formalaşmasına xidmət etməklə yanaşı, sosial bərabərlik prinsipinin güclənməsinə də töhfə verəcək.
Ekspert bildirib ki, bu günə qədər müəllimlər arasında geyim seçimi baxımından nəzərəçarpacaq fərqlər müşahidə olunurdu. Bahalı geyimlərə və aksessuarlara üstünlük verənlərlə daha sadə geyinən müəllimlər arasında görünən fərqlər bəzən sosial status göstəricisi kimi qəbul edilirdi. Vahid geyim formasının tətbiqi isə bu fərqlərin aradan qaldırılmasına və bütün müəllimlərin eyni standart çərçivəsində fəaliyyət göstərməsinə imkan yaradacaq.
E.Əfəndinin sözlərinə görə, vahid geyim müəllim peşəsinin cəmiyyətdə daha aydın tanınmasına da kömək edə bilər. Belə ki, məktəb mühitində və ya ictimai yerlərdə müəllimlərin peşə mənsubiyyətini əks etdirən ümumi görünüş onların nüfuzunun və peşə kimliyinin daha qabarıq şəkildə hiss olunmasına şərait yaradır.
Ekspert qeyd edir ki, bu təcrübə yalnız Azərbaycana xas deyil. Dünyanın bir çox inkişaf etmiş ölkələrində müəllimlər üçün ya vahid forma, ya da ciddi geyim kodeksi tətbiq olunur. Məqsəd təhsil müəssisələrində peşəkarlığı, intizamı və institusional mədəniyyəti gücləndirməkdir.
Bununla belə, Elçin Əfəndi hesab edir ki, təhsil sistemində əsas prioritet yalnız geyim məsələsi olmamalıdır. Onun fikrincə, müəllimlərin xarici görünüşü ilə bağlı standartların tətbiqi vacib olsa da, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı, tədris metodlarının təkmilləşdirilməsi və şagird nailiyyətlərinin artırılması daha mühüm məsələlər olaraq qalır.
Ekspert vurğulayıb ki, məktəblərdə vahid geyim standartlarının tətbiqi müsbət nəticələr verə bilər, lakin bu addım təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş daha geniş islahatların tərkib hissəsi kimi həyata keçirilməlidir. Onun qənaətincə, keyfiyyətli təhsil göstəricilərinin yüksəldilməsi uzunmüddətli perspektivdə həm müəllim nüfuzunun, həm də ölkənin insan kapitalının inkişafına daha böyük töhfə verəcək.