ABŞ prezidenti Co Baydenin “İranı azad edəcəyik” sözləri Tehrandakı molla rejimi tərəfindən kəskin reaksiya ilə qarşılanarkən, ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi “ABŞ-ın İrandakı rejimin çökdüyünə dair heç bir əlaməti yoxdur” deyib. İki aydır davam edən etirazlarda insan itkisinin 300-ü ötdüyü bildirilir.
İranda sular sakit deyil. Sentyabrın 16-da Tehranda kürd əsilli universitet tələbəsi Məhsa Əmininin (22) polis nəzarətində olarkən ölümündən sonra etirazlar davam edir. Kürd əhalisinin sıx məskunlaşdığı vilayətlərdə başlayan üsyan daha sonra bütün ölkədə qadın hərəkatına və nəhayət, rejim əleyhinə üsyana çevrilib. Qiyam iki aya yaxındır ki, davam edir. Polislə nümayişçilər arasında baş verən qarşıdurmada ümumi itkilərin 300-ü keçdiyi bildirilir.
Digər tərəfdən, medianın təzyiqi səbəbindən İran boyu etirazların necə olacağını proqnozlaşdırmaq çətindir. Hökumət rəsmiləri son üsyanı rejimin öyrəşdiyi nümayişlər kimi qələmə versə də, sosial mediada əks fikir var. Təəssüf ki, sağlam informasiya və xəbər axını olmadığı üçün böyük mənzərəni görmək çətindir.
ABŞ prezidenti Co Baydenin “İranı azad edəcəyik” sözlərini dəyərləndirən ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bu sözlərin iranlı etirazçılarla həmrəylik demək olduğunu, ABŞ-ın İrandakı rejimin çökdüyünə dair heç bir əlamət olmadığını bildirib.
Ötən həftə nümayişlər nisbətən nəzarət altında görünsə də, dünən ölkə boyu tələbə etirazları və biznesmenlərin tətili olub. Paytaxt Tehrandakı universitetlərdə intensiv təhlükəsizlik tədbirləri görülüb. Tələbələrdən kampuslara daxil olarkən maskalarını çıxarmaq tələb olunub. BBC Fars Xidməti tərəfindən yayımlanan videolarda Məşhəd şəhərindəki Azad Universitetində təhsil alan bəzi qız tələbələrin rejim əleyhinə “Mən azad qadınam, sən əclafsan” şüarları səsləndirdiyi görünür. Rəşt şəhərinin şimalında yerləşən Gilan Universitetində “Tələbələr təhqiri qəbul etməkdənsə, ölürlər” şüarları səsləndirilib. Yenə bəzi şəhərlərdə etirazlarda həyatını itirənlər yad edilib. Sünnilərin çoxluq təşkil etdiyi Sistan-Bəlucistan əyalətinin Haş şəhərində nümayişlər qanlı olub. Cümə namazından sonra keçirilən etirazlarda ən azı 16 nəfər həyatını itirib.
Norveçdə mənzillənən Hengaw insan haqları təşkilatı kürd əhalisinin sıx məskunlaşdığı Mahsa Amininin məmləkəti Sakızda genişmiqyaslı tətilin başladığını açıqlayıb. "Bizim birliyimiz, qəzəbimiz və müqavimətimiz silahımızdır" deyə Twitter-də fəal hüquq müdafiəçisi Hassan Ronaghi yazıb. İranın İnsan Haqları Təşkilatı (IHR QHT) sentyabr ayından bəri etirazlarda ölənlərin sayının 304 olduğunu bildirib.