Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz bildirib ki, builki Həcc mövsümünün xəstəlik və epidemiyadan uzaq, sağlam mühitdə uğurlu keçməsi hər kəsin, ilk növbədə təhlükəsizlik, profilaktik, təşkilati, səhiyyə xidmətləri və nəqliyyatın həyata keçirilməsində müstəsna səyləri ilə bağlıdır.
Hafta.az-ın yazdığına görə, kral Salman qeyd edib ki, bütün bu uğurları sayəsində sayı koronavirus epidemiyasından əvvəlki vaxta qayıdan Rəhmanın qonaqları həm rahatlıq, həm də güvən içində, eyni zamanda mənəviyyat, əmin-amanlıq və imanla dolu bir atmosferdə namazlarını qıla biliblər.
Kral Salman Qurban bayramında müsəlmanların ibadətlərini asanlıqla yerinə yetirməkdə göstərdiyi səylərə görə Səudiyyə Ərəbistanının daxili işlər naziri və Həcc Ali Komitəsinin sədri şahzadə Əbdüləziz bin Səud bin Nayefə təşəkkür teleqramı göndərib.
Kral Salman mesajında, “Biz Uca Allaha həmd edirik və builki Həcc mövsümünün uğuruna görə Ona şükür edirik. Biz Məscidül-Həram və Məscid-i Nəbəviyə, eləcə də zəvvarlara və ziyarətçilərə xidmət etməkdən şərəf duyuruq. Səudiyyə Ərəbistanı Krallığının fəxr etdiyi bu şərəf onun üzərinə böyük məsuliyyət qoyub, beləliklə də bütün resurslarını, maddi və insani istedadlarını onlara xidmət üçün səfərbər edib” deyib.
Vəliəhd şahzadə və baş nazir Məhəmməd bin Salman da Qurban bayramında müsəlmanlara göstərdikləri üstün xidmət və qeyri-adi nailiyyətlərə görə bütün heyətə təşəkkür edib. O, həmçinin Qurban bayramında müsəlmanların namazlarını rahat şəkildə qılmaqda göstərdiyi səylərə görə şahzadə Əbdüləziz bin Səud bin Nayifə təşəkkür teleqramı göndərib.
Məhəmməd bin Salman mesajında "Builki Həcc mövsümündə Rəhmanın qonaqlarına xidmət göstərdiyiniz üçün bölgə əmirlərinə, Ziyarət Komitəsinin üzvlərinə, mühafizəçilərə və bütün dövlət və özəl qurumlara təşəkkür edirik” deyib.