Məsləhətsiz pəhriz sağlamlığınıza təhlükədir - Ekspert rəyi

10:14 20.02.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Pəhriz proqramı hər kəs üçün fərqli olmalıdır

Bu gün artıq çəkidən əziyyət çəkən hər kəsin həyatları boyu, ən azı, bir dəfə belə olsa, pəhriz saxlamağa cəhd etdikləri bilinməkdədir. Bundan başqa, tez-tez pəhriz saxlayan insanlardan, “Pəhriz saxladım, arıqlamadım, əksinə, daha da kökəldim”, “Dietin bir faydasını görmədim” kimi ifadələr eşidirik. Ən məsuliyyətli və dürüst insanlar belə, mövzu pəhriz saxlamağa gəldikdə qərar dəyişikliyinə gedirlər.

Diet zamanı xoşagəlməz halların yaşanmasına bir neçə amil səbəb ola bilər. Belə ki, kor-koranə pəhriz saxlayanların təcrübəsizliyi mədə-bağırsaq xəstəliklərinə yol açır. Bəs görəsən, bu tip hallarla qarşılaşmamaq üçün nə etməli? Pəhriz zamanı nələrə diqqət olunmalıdır? Dietoloqlara müraciət edənlər daha çox kimlərdir?

Hafta.az-ın əməkdaşı mövzu ilə bağlı mütəxəssisə müraciət etdi. Tanınmış həkim-dietoloq Şəfa Yadigarova bildirdi ki, indi arıqlamaq istəyən insanların əksəriyyətində "Mən qısa zamanda çox kilodan azad olum" kimi yanlış düşüncə var:

“Ətrafdan, sosial şəbəkələrdən, hansısa bir həkimdən ya da insandan eşidirlər ki, filan məhsul arıqlada bilir. Daha sonra, artıqçəkili şəxs o məhsuldan kor-koranə, həddindən artıq istifadə edir.  Hər bir məhsulun öz isitfadə qaydası olur. Unutmaq olmaz ki, eyni şey həm müalicəvi təsir bağışlaya, həm də xəstəlik yarada bilər. Misal olaraq zəncəfili göstərə bilərəm. Zəncəfil kökü olduqca faydalıdır, immun sisteminə müsbət təsir göstərir, insanı arıqladır, maddələr mübadiləsini sürətləndirir. Zəncəfil kökü ilə tozunun təsiri tamam başqadır. Tozu  həzm prosesinə yaxşı təsir bağışlayır, kökü isə arıqladıcı, yağyandırıcı xüsusiyyətə malikdir. Bu qədər faydalı ədviyyatın həddindən artıq istifadəsi xeyirdən çox ziyan verə bilir. Bunu dərman qəbulu ilə də müqayisə etmək olar. Onun normal istifadəsi insanı sağlam etdiyi halda, artıq istifadəsi orqanizmi zəhərləyir”.

Heç kəs zəmanət vermir ki,  həmin insan yenidən kökəlməyəcək

Mütəxəssisin fikrincə, pəhriz saxlayan insanların "Mən ac qalmalıyam", "Ancaq bir yeməkdən istifadə etməliyəm",  "Başqa birinə effekt verən pəhriz məni də arıqladar" kimi düşüncələri olduqca yanlışdır. Bundan başqa, hər zaman kökəlməyə səbəb olan amillər olur ki, ilk növbədə, bunu bilmək vacibdir:

“Digər təhlükəli məqam isə son zamanlar tez-tez qarşılaşdığımız 10-15 manatlıq, ucuz marafonlardır. 100 nəfər adamın hər birinə, eyni şablon menyu tərtib edilir. Burada heç kəsin xəstəliyi, çəkiartımının səbəbi nəzərə alınmır. Kökəlmənin səbəbi psixoloji vəziyyətlə, metobalizma ilə, immun sistemi, həyat tərzi, fiziki aktivlik və s. bağlı ola bilər. Heç kəsdə piylənmə səbəbsiz olaraq yaranmır. Bu özü “obez sindromu” deyilən xəstəlikdir. Ona görə də xəstəliyi yalnız həkim müalicə etməlidir.

Həkim öncə problemin səbəbini araşdırır, ona diaqnoz qoyur, ardınca isə müalicə edir. Müalicə ilə paralel olaraq, xəstəyə pəhriz menyusu yazır”.

Həkimin sözlərinə görə, pəhriz proqramı hər kəs üçün fərqli olmalıdır. Eyni pəhriz proqramı hər kəsdə bənzər nəticə vermir. Bəzən bunun ağır fəsadları meydana gələ bilir:

“İnsanda şəkərli diabet, qalxanvari vəzi xəstəliyi kimi bir sıra sağlıq problemləri ola bilər. Tutaq ki, pəhriz zamanı badımcan və başqa tərəvəzlərdən, kofedən istifadə olunur.  Kofe çox yüksək arıqladıcı effektə malikdir. Onun istifadəsi bir çox xəstəlikdən əziyyət çəkənlərə qadağandır. Buna görə də kor-koranə tətbiq edilən pəhriz proqramları orqanizmdə ciddi narahatlıqlara səbəb ola bilər. İndi hər kəs bir-birinə məsləhət verə bilər. Bütün yanaşmalar individual olmalıdır. Ona görə də bir peşəkar həkim kimi deyə bilərəm ki, hər insana mütləq şəkildə özəl yanaşma olmalıdır. Burada şəxsin cinsi belə nəzərə alınmalıdır. Bəylərin qida rasionuna paxlalı qidalar daha az salınmalıdır. Paxlalı qidaların tərkibində çox miqdarda bitki mənşəli qadın hormonları olur. Biz bunu bəylərə həddən artıq verən zaman kişi hormonları aşağı düşür, qadın hormonları isə artır. Bu amil qadınlara da aiddir. Həddən artıq tüklənmə olan, kişitipli saç tökülməsi yaşayan, qarında piylənməsi və əl-ayaq nazikliyi müşahidə edilən xanımlarda kökəlmə kişitipli piylənmə ilə bağlı ola bilər. Ona görə də, belə insanlarda təbii yolla qadın hormonlarını artırmaq üçün xüsusi qidalardan istifadə etmək vacibdir”.

Sonda Ş.Yadigarova bir məqamı da qeyd etdi ki, hazırda artıq çəkidən əziyyət çəkən, 10 yaşdan başlayaraq, 70 yaşa kimi şəxslər ona müraciət edirlər. Həkim hər birinə, ilk növbədə, düzgün qidalanmağı və bunu həyat tərzinə çevirməyi tövsiyə edir:

"Mən bunu yeyəcəm və arıqlayacam" düşüncəsi çox yanlışdır. Sən onu yeyib arıqlaya bilərsən. Heç kəs zəmanət vermir ki,  həmin insan yenidən kökəlməyəcək. Öz orqanizmini və metobalizmini tanımayan insan yanlış qida qəbul edən zaman əks-təsirləri ilə qarşılaşır. Belə ki, pəhrizdən sonra normal qidalanma zamanı bəzən bir günə iki kilo çəki artımı halları belə yaşana bilər. Bu, o deməkdir ki, həmin insanda metobalizm çox zəif işləyir. Ona görə mən hər zaman pəhrizə yox, sağlam və düzgün qidalanmağa “hə” deyirəm.  Mənim həyat devizim sağlam qidalanmaqdır. İnsan ömrüboyu pəhriz saxlaya bilməz. Bu səbəbdən də elə həyat tərzi qurmaq lazımdır ki, sizin yeməyiniz, sağlam qidalanma olsun və bu da adi həyat tərzinizə çevrilsin. Onda siz həm gözəl, həm sağlam, həm də daim formada qalacaqsınız”.

Qeyd edək ki, aparılan araşdırmalar piylənmə risqinin günün əksər saatlarını televizor qarşısında və ya kompüter arxasında keçirən uşaqlarda, digərlərinə nisbətən çox olduğunu sübut edib.