Azərbaycana qarşı siyasi və hərbi cəbhədə qurulan məkrli planlar iflasa uğrasa da, anti-Azərbaycan qüvvələrin informasiya cəbhəsində ölkəmiz əleyhinə fəaliyyətləri tam sürətlə davam edir. Bu məsələdə əsas maliyyəçi rolunda Qərbin bir sıra “iinsan hüquq və azadlıqları” təşkilatları, fondları, institutları çıxış edirsə, ölkə daxilində azad media üçün yaradılan şəraitdən öz məqsədləri naminə istifadə edənlər aparıcı mövqedədir. Özü də bu şəxslər, artıq konkret şəbəkə sistemi ilə fəaliyyətlərini yürüdürlər. Qanunla qadağan edilən xaricdən maliyyələşmə, “çirkli pullar”ın yuyulması kimi müddəalardan yan keçməklə üçüncü ölkələr vasitəsilə müxtəlif üsullara əl atırlar. Bu antimilli şəbəkələrin ifşası istiqamətində konkret addımlar atılmaqda, qanunsuz fəaliyyətə görə cavabdeh şəxslər məsuliyyətə cəlb olunmaqdadır.
“Bu gün Azərbaycan dövləti, xalqı torpaqlarını işğaldan azad edib, öz suverenliyini bütün ərazilərində bərpa edəndən sonra özünə hörməti artıb. Xalqımız dünyanın necə idarə olunduğunu dərk etdikcə, bu cür xaricdən sızan dağıdıcı şəbəkələrə müqaviməti çoxalıb. Bu olduqca vacib məqamdır”. Bunu hafta.az-a siyasi şərhçi Əli Mustafa deyib.
Ə.Mustafa qeyd edib ki, uzun illər Azərbaycanda müxtəlif şəbəkələr vasitəsilə qarışıqlıq yaratmaq cəhdləri olub. Hansı ki, bu şəbəkələrin arxasında öz məkirli maraqları ilə bir sıra dövlətlər və böyük şirkətlər dayanıb.
“Bu şəbəkələr Azərbaycanda hansısa rəyin formalaşması, hansısa prosesin getməsinə, yaxud da dayandırılmasına təsir ediblər. Azərbaycan müstəqillik qazandığı 33 ildə daha böyük uğurlar əldə edə bilərdi. Eləcə də normal demokratik təsisatlar qurub, əhalinin sosial mədəni rifahını daha yaxşı səviyyəyə çatdıra bilərdik. Bu cür şəbəkələrin ölkədə yaratdığı ab-hava, onlarla aparılan mübarizə bizə kifayət qədər ağır zərərlə başa gəldi. Onlar vaxtımızı, enerjimizi alıb, bir çox hallarda o enerjinin daxildə bir-birimizə qarşı çevrilməsinə təkan veriblər. Bəzən dövlətlə xalqın müəyyən kəsimini üz-üzə qoyublar. Antimilli şəbəkələr bizim milli maraqlarımıza qarşı çıxıb, dövlətin güclənməsinə, iqtisadiyyatımızın yüksəlməsinə maneə olublar”.
Ekspert qeyd edib ki, böyük güclər digər dövlətləri öz təsiri altında saxlamaq üçün həmin dövlətlərin inkişafını istəmir.
“O cümlədən də İran, Rusiya, Qərb şəbəkələri Azərbaycanda öz nüfuz dairələrini qorumaq üçün çox işlər görüblər. Hər halda bugünkü vəziyyətimizi nəzərə alsaq, vurulan zərər aydın görünür. Amma gec də olsa, işğalçı erməni separatçıların ərazilərimizdən təmizlənməsi, iqtisadi qlobal layihələrdə əldə olunan uğurlarımız var. Deməli, həmin şəbəkələr nə qədər güclü cəhdlər etsələr də, vahid olan Azərbaycan xalqını öz hədəflərindən yayındıra bilməyib və getdikcə daha çox iflasa uğrayacaqlar”.
Bu gün qonşu ölkələrdən sızan şəbəkələrin zərərsizləşdirildiyini deyən ekspert Qərbin bu istiqamtdə daha incə işlədiyini vurğulayıb.
“Qərb şəbəkələri demokratiya, ədalət, insan haqları istəyirmiş kimi, özlərini dost, xeyirxah kimi göstərib, maraqlarını təmin etmək üçün çalışırlar. Məqsəd Azərbaycan dövlətini güclənməməsini təmin etməkdir. Çünki güclü dövləti yönəltmək mümkün deyil”.
Ə.Mustafa bildirir ki, bir çox xarici şəbəkələrin televiziyalar, sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı hücuma keçdiyi görünür. Onun fikrincə, həmin şəbəkələr milli dəyərlərin qorunmasına, cəmiyyətin bütövləşməsinə zərbə vuran proqramlarla işləyirlər.
Siyasi şərhçi Fuad Əliyev hafta.az-a bildirib ki, uzun illərdir, Azərbaycanda fəaliyyət göstərən Milli Demokratiya, Respublikaçılar İnstitutu, Soros Fondu ayrı-ayrı QHT-lərin adına külli miqdarda vəsaitlər köçürür, internet televiziyaları, saytlar açır və bu media seqmentləri üzərindən Azərbaycanın milli-mənəvi dəyərlərinə, daxili sabitliyinə zərbə endirmək üçün istifadə edirdilər. Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra xarici kəşfiyyat orqanlarının ölkə daxilində yaratdığı şəbəkələr daha da aktivləşib.
Ekspert Qərbin bu cür şəbəkə təşkilatlarının Azərbaycan xalqının rifahına yox, dövlətçiliyə və xalqa qarşı fəaliyyət göstərdiyini, daxili sabitliyi pozmaq üçün külli miqdarda vəsaitlər xərclədiyini deyib.
O, 2003-cü il seçkilərində baş verən iğtişaşların, eləcə də “İsmayıllı hadisələri”nin arxasında Qərbin 5-ci kolonunun dayandığını qeyd edir.
F.Əliyev bildirir ki, hazırda ABŞ-ın qeyd olunan məlum institutlarının Azərbaycandakı fəaliyyəti dayandırılsa da, bir çox şəbəkələr öz işinə davam edir. Onun sözlərinə görə, həmin qüvvələr birbaşa öz nümayəndələrini Azərbaycana göndərə bilməsə də, işlərini üçüncü ölkələr, xüsusilə də Gürcüstan vasitəsilə həyata keçirirlər.
“Bu gün Azərbaycanda normal fəaliyyət göstərən internet kanalları hökumətdən maliyyə alaraq, yalnız onun maraqlarını qoruduğunu iddia edən 5-ci kolon, bu iddialarla özünün qeyri-leqal fəaliyyətinə don geyindirməyə çalışır. Qərbin şəbəkələri vasitəsilə yaranan “toplum tv”lər, bəzi saytlar dövlətə qarşı verilişlər, yazılar təqdim edir, qeyri-qanuni qrantlar alırlar. Onların fəaliyyəti dövlətə, xalqa qarşıdır”.
F.Əliyev qeyd edir ki, ölkə daxilində bəzi radikal qüvvələr hələ də var.
“Onları “psevdodemokrat” adlandırıaram. Həmin qüvvələr Azərbaycanda sabitliyi istəmir, ölkəni Suriyaya, Əfqanıstana döndərmək istəyirlər. Bunlar üçün dövlət, xalq anlayışı yoxdur. Bunlar üçün öz şəxsi cibləri, maraqları mühümdür. Bu qruplar ətraflarında 3-5 nəfər saxlayıb, qeyri-qanuni fəaliyyət göstərirlər”.
Azərbaycan xaqlının milli maraqlarına, dövlət əleyhinə işləyən şəbəkələrin müəyyən edilərək neytrallaşdırılmasını alqışlayan F.Əliyev mövcud vəziyyətə uyğun olaraq həmin şəbəkələrin aşkar edilərək ictimaiyyətə təqdim edilməsinin zəruriliyini önə çəkib.