22 iyul Milli Mətbuat günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Hafta.az yazır ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatın məsul işçiləri, bir sıra mətbuat orqanlarının əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Milli mətbuatımızın yaranmasından 143 il ötdüyünü bildirərək, bütün mətbuat nümayəndələrini ürəkdən təbrik edib. "143 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib” E.Abbasov deyib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək, Ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində mətbuata, söz azadlığına qoyulan bütün süni maneələrin aradan qaldırılaraq, kütləvi informasiya vasitələrinin işini tənzimləyən, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının təkmilləşdirilərək KİV haqqında Qanunun təsdiq olunmasını vurğulayıb. Bu gün də hörmətli Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində mətbuatın maddi-texniki bazasının gücləndirildiyini, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib.
Mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün mərhələli şəkildə yaşayış binalarının inşa edilərək istifadəyə verilməsi bunun bariz nümunəsidir.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti adından KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.