Minsk Qrupu yerinə yeni format – xüsusi nümayəndələr

11:27 22.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədə maraqlı proseslər yaşanır. Azərbaycanın əldə etdiyi qələbə sayəsində yaranan yeni reallıqlar artıq “Dağlıq Qarabağ” bölgəsi, “Dağlıq Qarabağ münaqişəsi”, “ATƏT-in MQ həmsədrləri” kimi ifadələri də tarixin arxivinə qovuşdurur.

Siyasi şərhçi Aytən Qurbanova hafta.az-a bildirib ki, proseslərin inkişaf istiqaməti onu göstərir ki, Azərbaycan öz maraqlarını təmin etmək üçün kifayət qədər qətiyyətli addımlar atır. 10 noyabr bəyanatından sonrakı dövrdə ilk gündən etibarən Minsk qrupunun faktiki olaraq olmadığını və artıq münaqişə bitdiyi üçün heç bir halda onun vasitəçiliyinə ehtiyac olmayacağını bəyan edən Azərbaycan Respublikası, nəhayət ki, bu reallığın həmsədr dövlətlər tərəfindən də qəbul edilməsinə nail olub. Düzdür, Ermənistan tərəfi hər vəchlə Minsk qrupunu yenidən danışıqlar prosesinə cəlb etməyə cəhd etsə də, buna nail olması qeyri-mümkündür.

A.Qurbanovanın sözlərinə görə, artıq həmsədr ölkələr sülh danışıqalarından kənarda qalmamaq üçün yeni yaranmış reallığa uyğun olaraq öz nüməyəndələri səviyyəsində tərəflər arasında vasitəçilik etməyə çalışırlar.

“Bu yeni formatın nə qədər uğurlu olacağını gələcək göstərəcək, ancaq əminliklə deyə bilərik ki, istənilən halda Azərbaycan Respublikasının öz maraqlarını təmin etmək üçün nümayiş etdirdiyi qətiyyətli mövqe dəyişməz olaraq qalacaq. Keçmiş həmsədr ölkələrin ayrı-ayrılıqda prosesdə iştirakının uğurlu olması üçün isə əsas şərt, təbii ki, bundan sonrakı mərhələdə onların hansı səviyyədə beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqe nümayiş etdirmələrindən asılıdır”.