Misir-Azərbaycan Dostluq Cəmiyyəti, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində bu ilin may ayında elan edilmiş ərəb xəttatlar arasında müsabiqənin nəticələrini açıqlayıb. Cəmiyyət tərəfindən müsabiqədə iştirak edənlərin mükafatlandırma tədbiri təşkil olunub.
Hafta.az-ın yazdığına görə, tədbirdə çıxış edən cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür və “Heydər Əliyev İli” çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir. Xəttatlar arasında keçirilən müsabiqənin də bu tədbirlər silsiləsindən biri olduğunu qeyd edib. Çıxışında Ulu Öndərin həyatından bəhs edən S.Nəsirov, ölkəmizdə 30 il öncə baş verən hadisələrin canlı şahidi olduğunu vurğulayıb. Bildirib ki, böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasına, Azərbaycanın vətəndaş qarşıdurmasına və parçalanmasına sürüklənməsinin qarşısının alınmasına, dərin siyasi-ictimai böhrana son qoyulmasına nail olub. Bir müddət sonra xalqın iradəsi ilə prezident seçilən Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda böyük quruculuq mərhələsi başlanıb və həmin dövr ölkə tarixinə qızıl hərflərlə yazılıb.

Xəttatlar arasında keçirilən müsabiqənin mətni, Ulu Öndərin müdrik kəlamı - "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir", Ərəb dilindəki tərcüməsi və məşhur şair əl-Buhturinin Azərbaycan xalqını mədh edən şeiri olub. Həmin şeirin tərcüməsini sizə təqdim edirik:
Ey gizli və aşkar gözəl əməllərə
Sahib olan Azərbaycan xalqı.
Sizin nə bir qələbəniz məzəmmət edilər,
Nə də ki, bir yaxşılığınız pisliyə qarışar.
Vəfalılıq ayrı-ayrı və bir yerdə,
Sizin dillərinizdə və qəlblərinizdə yer tutub.
Sizin ulduzunuz düşmənlər istəməsələr də ucalır,
Mehiniz artaraq güclü külək olur...

Qeyd edək ki, müsabiqənin iştirakçılarına diplomlomlar təqdim edilib və 6 qalibə pul mükafatı verilib.
Müsabiqlərin 5 qalibinin Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycana səfəri nəzərdə tutulur.