2013-cü il avqustun 14-də Misirin paytaxtı Qahirənin Rabia meydanında yüzlərlə nümayişçinin qətlə yetirilməsindən 10 il ötür.
Hafta.az-ın İndependent Arabia-ya istinadən yazdığına görə, 2011-ci ildə Misirdə başlayan “Ərəb baharı” prosesi zamanı ölkəni uzun illər idarə edən Hüsnü Mübarək devrilib və azad seçkilər keçirilib və “Müsəlman Qardaşlar” (İhvan) böyük uğur qazanıb. “Müsəlman Qardaşlar”ın siyasi qolu olan Azadlıq və Ədalət Partiyasının prezidentliyə namizədi Məhəmməd Mursi 16-17 iyun 2012-ci ildə keçirilən seçkilərdə qalib gələrək ölkənin ilk seçilmiş prezidenti olub.

Bununla belə, ölkədəki siyasi gərginlik və etirazlar bitməyib. Təxminən bir ilə yaxın sürən gərgin dövrdə çoxlu etiraz aksiyaları keçirilib və Misir hərbi çevrilişin astanasına gəlib.
3 iyul 2013-cü ildə Baş Qərargah rəisi Əbdülfəttah əs Sisinin rəhbərlik etdiyi hərbi çevrilişlə Məhəmməd Mursinin hakimiyyətinə son qoyulub. Bununla belə, ölkədəki gərginlik bitməyib. Çevriliş əleyhinə etirazlar günü-gündən artdıqca yüz minlərlə insan, xüsusilə də İslami kəsim və “Müsəlman Qardaşlar”ın tərəfdarları küçələrə axışıb. Etirazlar zamanı ordu qüvvələri onlarla dinc sakini qətlə yetirib.
Çevriliş əleyhinə etirazların ən əhatəlisi paytaxt Qahirənin Rabia meydanında keçirilən oturaq aksiyalar olub. Sisi avqustun 11-də etiraz aksiyasına son qoyulmalı, əks halda müdaxilə edəcəyi ilə bağlı bəyanat verib. Aksiya başa çatmayanda avqustun 14-də səhər namazından sonra Rabia və Nahda meydanlarında mülki nümayişçilərə hücum edilib.

Meydandakı nümayişçilərə yüngül və ağır silahlar, snayperlər və hərbi maşınlar hücum edib. Eyni zamanda çadırlar, plakatlar və nümayişçilərin qaldıqları yerlər yandırılıb. Sisinin başçılıq etdiyi hərbi qüvvələrin törətdiyi qırğında mindən çox dinc sakin həlak olub. Bir çox mülki vətəndaşın cəsədi yandırılıb, cəsədlər tikinti texnikası ilə çıxarılıb. Meydanlarda məscidlərə sığınan onlarla mülki şəxs məscidlərə edilən hücumlarda həlak olub. Rabia və Nahda meydanlarında törədilən qırğınlarda ölənlərin faktiki sayı heç vaxt açıqlanmayıb.