Moskva Ukrayna müharibəsində maddi baxımından nə qədər davam etdirəcək?

10:40 16.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynadakı müharibəsi dövlətin xəzinəsini boşaldır. Bununla belə, Moskvanın son 20 ildə formalaşdırdığı maliyyə ehtiyatları neftin qiyməti 60 dollar/barelə düşsə belə, illərlə kifayət edəcək.

Hafta.az-ın yazdığına görə, 2022-ci ilin fevralında Ukraynaya müdaxilə başlayandan bəri Rusiyanın Milli Sərvət Fondunun (NWF) likvid hissəsi yarıdan çox azalaraq 58 milyard dollara düşüb, çünki hökumət bu pulları büdcə kəsirini maliyyələşdirmək və dövlət şirkətlərini dəstəkləmək üçün istifadə edib.

Yığılmış enerji gəlirlərindən ibarət ehtiyat fondu olan NWF 1 fevral 2024-cü il tarixinə 55 milyard dollar olmaqla, ümumi daxili məhsulun (ÜDM) 2,7 faizini təşkil edib.

Bu göstərici 2022-ci il fevralın 1-nə 112,7 milyard dollar olaraq qeydə alınıb, yəni ÜDM-in 6,6 faizi.

Məlumatlar göstərir ki, Rusiyanın Qərbdəki təxminən 300 milyard dollar ehtiyatının dondurulması, həmçinin Moskvaya qarşı sanksiyalar və Rusiyanın hərbi xərcləri prezident Vladimir Putinin maliyyə gücünü azaldıb.

“Renaissance Capital Russia” və MDB-nin baş iqtisadçısı Sofiya Donets məsələ ilə bağlı belə bir qiymətləndirmə ediblər: “Mənə elə gəlir ki, biz artıq pulun çatmadığı, daha çox ehtiyac duyulduğu hissi yaranan bir nöqtədəyik”.

Mövcud vəsaitlərin həcmi azalır, Maliyyə Nazirliyi bu il kəsir xərclərinə 1,3 trilyon rubl, şirkətlərə və investisiya layihələrinə isə təxminən 900 milyard rubl xərcləməyi planlaşdırır.

Maliyyə Nazirliyi 2023-cü ildə büdcə kəsirini bağlamaq üçün NWF-dən 3,46 trilyon rubl və başqa yerlərdə 1 trilyon rubldan çox vəsait xərcləyib.

Donets öz qiymətləndirməsində deyib: “NWF təhlükəsizlik marjasına malikdir, lakin bunun sonsuz olmadığını başa düşməliyik. Neftin barel qiyməti 65 dollar əvəzinə 60 dollar olarsa, NWF-dən daha bir trilyon rubl çıxarılmalı olacaq”.

CentroCreditBank-ın iqtisadçısı Yevgeni Suvorov bildirib ki, bu il neftin qiymətinin 50 dollar/barel olması Rusiyanın ehtiyatlarını daha 2 trilyon rubl azaldacaq. Suvorov, “Bu ssenaridə 2025-ci ilin əvvəlində ehtiyatların tükənməsinə yaxınlaşacağıq. Sadə dillə desək, Rusiya artıq neftin aşağı qiymətindən sığortalanmayıb” deyib.

Brent markalı neftin qiyməti hazırda 82 dollar/barel civarındadır. Rusiyanın Ural markalı xam neftinin bir barreli 74 dollar civarında satılır və qaçılmaz eniş əlaməti göstərmir.

Əslində, Rusiya Maliyyə Nazirliyi bu il NWF-ə təxminən 20 milyard dollar əlavə etməyə ümid edir.

Astra Asset Management Baş İnvestisiya Direktoru Dmitri Polevoy bildirib ki, Rusiya yəqin ki, təhlükəsizlik marjasını hətta illər boyu 60 dollar/barel səviyyəsində saxlaya bilər. Lakin o, əlavə edib ki, NWF-nin fondun qeyri-likvid aktivlərini artıran layihələrə investisiyaları əmtəə qiymətləri aşağı düşərsə, manevr üçün daha az yer buraxacaq.

Fondun qeyri-likvid hissəsi dövlət banklarındakı əmanətlərdən, səhm investisiyalarından, korporativ istiqrazlardan və digər investisiya layihələrindən ibarətdir.

İki il ərzində likvid olmayan aktivlər fondun 38 faizindən 59 faizinə və ya 78,6 milyard dollara yüksəlib.

NWF-nin qeyri-likvid hissəsindəki cəmi 7 trilyon rublun təxminən 3,1 trilyon rublu dominant kredit təşkilatı Sberbank-da dövlətin səhmlərindən, 1,5 trilyon rublu isə Qazprombank, Aeroflot, Rusiya Dəmir Yolları və VTB kimi digər şirkətlərin səhmlərindən ibarətdir.

Bununla belə, Polevoy bildirib ki, Maliyyə Nazirliyi likvid olmayan aktivlər müqabilində Mərkəzi Bankın repo hərraclarından vəsait ala bilər.

Astra Asset Management Investment prezidenti Polevoy deyib: “Başqa sözlə, “qeyri-likvid” aktivin hüquqi statusu o demək deyil ki, ondan qısa və orta müddətdə faktiki istifadə etmək mümkün deyil. Statusundan asılı olmayaraq, NWF həmişə Mərkəzi Bankdan “likvid olmayan” aktivlərinə görə rubl ala biləcək”.

Fiskal baxımdan mühafizəkar Rusiya rəsmiləri bu məsələ ilə bağlı danışmaqdan çəkinirlər.

Maliyyə naziri Anton Siluanov dekabrda demişdi ki, onun nazirliyi NWF-ni sıfıra endirməyə hazır deyil. "NWF balansının azaldığını görsək, büdcəni tarazlaşdırmaq üçün başqa tədbirlər görəcəyik" deyib Siluanov xərclərin azaldılmasına işarə edərək.

Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun və Kiyev İqtisadiyyat Məktəbinin (KSE) baş elmi işçisi Elina Ribakova vurğulayıb ki, Rusiyanın ehtiyatlarının tez tükənə biləcəyini düşünmək yanlışdır. Ribakova 2014-cü ildən bəri Moskvanın büdcə kəsirlərini azaltmaq və neft gəlirlərini gizlətmək səylərinə diqqət çəkib. “Onlar müharibəni sosial xərclərdən üstün tutmaq və Qərbin təzyiqindən qorunmaq üçün lazım olduğundan daha ciddi maliyyə tənzimləməsi hazırlamağa çalışdılar. Neftin qiymətinin 80 dollar olması Rusiyaya son dərəcə rahatlıq gətirir. Ola bilsin ki, 60-70 dollardan problem hiss etməyə başlayacaq, amma Rusiya nefti 60 dollardan yuxarı satırsa, böhrandan danışmağa başlaya bilmərik”.