“Düşünürəm ki, Ukrayna böhranı ciddi səbəblərə, əsaslara malik olmaqla yanaşı, orada bir təhrikçilik də var. Məsələ burasındadır ki, istər Rusiya, istərsə də ona qarşı dayanan NATO ölkələri Ukrayna məsələsində, sanki etmək istədiklərini deyil, qarşı tərəfə etdirmək istədiklərini qabardırlar. Məsələn, başda ABŞ olmaqla, NATO ölkələri uzun müddətdir, iddia edirlər ki, Rusiya hücum edəcək. Bu gün hücum edəcək, sabah hücum edəcək... Son olaraq dedilər, fevralın 16-sı Bakı vaxtilə saat 05:00-da hücum olunacaq. Artıq fevralın 16-sı gündüzdür və heç bir hücum-filan yoxdur...”.
Bu fikirləri Hafta.az-a açıqlamasında Rusiya-Ukrayna gərginliyini təhlil edən politoloq Ərəstun Oruclu dilə gətirib.
“Rusiya da Ukrayna faktorundan Qərb ölkələrinə qarşı təhdid kimi istifadə edir. Məsələ burasındadır ki, bu hərbi təhdid, yəni sözdə hərbi təhdid yaratmaq elə bir şeydir ki, burada gücdən artıq qüvvədən istifadə etmək mümkün deyil. Yəni hər kəsin hərbi potensialı qarşı tərəfə bəllidir. NATO ölkələri də əvvəlcədən bilirlər ki, əslində, Rusiya Ukraynaya hücum etmək istəmir. Bəlkə də istərdilər ki, bu olsun. Ona görə də Ukraynanı silahlandırdılar, silahlı qüvvələrinə hərbi təlimlər keçdilər. Hesab edirəm, burada Qərbin, ABŞ-ın məqsədi Rusiyanı konfliktə çəkərək onun əslində zəif olduğunu göstərmək idi. Kreml hazırkı yeni geosiyasi düzənin yaradılmasında böyük iddialar ortaya qoyur və Avrasiya məkanında hökmranlığı ələ keçirmək istəyir. Odur ki, onun opponentləri – Qərb, NATO ölkələri göstərmək istəyirdilər ki, Rusiya ilə hesabın çürüdülməsi üçün o, hərbi gücünü nümayiş etdirməlidir. Çin isə sakit oturub öz məqamını gözləyir”, - deyə politoloq açıqlamasının davamında bildirib.
“Rusiya Avropada təhlükəsizlik məsələlərinə dair NATO ilə danışıqlarda tələb edirdi ki, razılaşmaya Ukraynanın NATO-ya üzv qəbul edilməyəcəyi bəndi də əlavə edilsin. Qərb deyirdi ki, bu, başqa məsələdir, Ukrayna bunu istəyərsə, biz ona “yox” deyə bilmərik, bunu müzakirə etməliyik. Nəticədə Rusiyanı bir qədər çətin seçim qarşısında qoyurdu. Qərb də öz növbəsində, Rusiyadan Ukrayanaya hücum etməyəcəyi barədə təminat istəyirdi, qoşunlarını sərhəddən çıxaracaq, Krımı qaytaracaq və s. Tərəflər bir-birlərinə qarşı tərəf üçün mümkün olmayan təkliflər irəli sürməklə belə çoxgedişli oyun qurmuşdular. Həmin oyun son nəticədə prinsip etibarilə başa çatdı. Əvvəlcədən də bəlli idi ki, heç bir hücum olmayacaq. Moskva Ukraynaya hücum etməklə özünü böyük problemlə üz-üzə qoymuş olardı. Söhbət ondan getmir ki, Ukrayna bu savaşda Rusiyaya qalib gələcək... Tutaq ki, amerikalılar Ukraynanı silahlandırdılar, hərbi qüvvələrinə təlimlər keçdilər, savaş baş verdi və Rusiya çox ciddi zərbə aldı. Bundan sonra onun dünyada ortaya qoyacağı ciddi arqument qalmır. Yəni Rusiyanın iqtisadiyyatı yoxdur, Qərblə müqayisədə heç nədir. Pulu da Qərblə müqayisədə heç nədir. Ölkə əhalisinin sosial-maddi durumu hər kəsə bəllidir. Bu yandan da Kremlin yeganə istinad nöqtəsi olan hərbi gücünün zəifliyi görünür. Deməli, bu səbəblərdən Rusiya qarşıdurmaya getməyəcəkdi. Bu minvalla Qərb çalışırdı ki, Rusiyanı tələyə salsın”, – deyən analitik hesab edir ki, Putin hakimiyyəti tələyə düşüb.
“Nəticə etibarilə Moskva tələyə düşdü. Rusiya dünənədək Qərbin ona təklif etdiyi oyunu oynayırdı. Düzdür, paralel olaraq Putin Qazaxıstan prosesini həyata keçirdi. Özbəkistanı da nəzarətə almağa cəhd etdi, bu ölkəni təhdid etdi. Ancaq gördü ki, Özbəkistan geri çəkilmir. Hələlik bu məsələni dondurdular, təxirə saldılar. Kreml eyni uğursuzluqla Özbəkistanda da üzləşə bilərdi. Həmçinin Güney Qafqazda hərəkətlənməyə cəhd etdilər. Qarşılığında Azərbaycan təcili Türkiyə ilə Şuşa bəyannaməsini ratifikasiya etdirdi. Azərbaycanın hərbi müttəfiqi var. Bir sözlə, görürük ki, Rusiya ətrafında halqanın daralması gedir. Putin də çalışır ki, həmin mühasirəni ən etibarlı yerdən, ən az itki verəcəyi yerdən yarsın. Öz sərhədlərinə qapanmış imperiya, artıq imperiya deyil, heç bir iddia ortaya qoya bilməz. Bu halda həmin ölkənin yalnız öz ərazilərini, öz sərhədlərini qorumaq şansı qalır. Bu səbəblərdən Rusiya Ukraynada baş qataraq çalışırdı ki, postsovet məkanının digər ərazilərində öz problemlərini həll etsin. Belə problemlərindən birini ilk baxışdan Qazaxıstanda həll etdi. Onu da tam həll edib-etmədiyini bilmək olmaz. Qazaxıstanda, artıq etirazlar baş qaldırıb və insanlar əslində nə baş verdiyini anlamağa başlayıb”, - politoloq belə deyir.
Ərəstun Oruclu hesab edir ki, Putin administrasiyası ciddi xarici siyasət strategiyasına malik deyil.
“Bütün deyilənlər Rusiyanın ciddi xarici siyasət strategiyasının olmadığını göstərir. Qərb də Moskva üçün elə təəssürat yaradır ki, guya bu ölkələr arasında birlik yoxdur, ABŞ-la Almaniya arasında ziddiyyətlər var, ABŞ-la Britaniya birdir, amma kontinental Avropada, məsələn, Almaniya və Fransa arasında mövqelər fərqlidir. Nəticə etibarilə bəlli oldu ki, bütün Qərb ölkələri NATO çərçivəsində müştərək maraqlar platformasından birgə çıxış edə bilirlər. Rusiya bu istiqamətdəki hesablamalarında da yanlışlığa yol verib. Beləliklə, Ukrayna oyunu bitdi. İnanmıram ki, bundan sonra Ukraynaya hücum olsun və bu ölkəyə qarşı Moskva tərəfindən hansısa digər təhlükəli addımlar atılsın. Oyun, təbii ki, Qərbin oyunu idi. Qərb Rusiyanı oyuna saldı və o, həmin oyundan, demək olar ki, məğlub çıxdı. Yüzminlik qoşunu Ukrayna ilə sərhədə daşıyıb yığdı, bu ölkəni təhdid etdi. Həmin təhdid nəticə vermədi. Qərb ölkələri faktiki olaraq Rusiyaya güzəştə getmədilər. “Şimal-2” qaz kəmərinə sanksiya qoyulmadı, heç qoyulacaq da deyildi. İstər Tramp, istərsə də Bayden hökuməti etiraf etdi ki, bu, artıq baş tutmuş faktdır, gerçəklikdir. NATO-nun genişlənməsi məsələsində də Rusiyanın şərtləri qəbul olunmadı. Qaldı ki, Avropadakı strateji silahlara dair danışıqlara, bu əsas məsələdə Putinin mövqeyi zəifdir. Rusiyanın silahlarının sayı çoxdur, amma keyfiyyəti aşağıdır və texnoloji baxımdan geri qalır”, - deyə şərhçi bildirib.
Təhlükəsizlik üzrə ekspert Qərb və Rusiyanın bəzi məsələlərdə müştərək maraqlarının da olduğunu iddia edib.
“Oyunda müəyyən müştərək maraqlar da var idi. Məsələn, Qazaxıstandakı son proseslərə diqqət yetirsək, görərik ki, Qərb Rusiyanı bu məsələdə zərrə qədər də tənqid etmədi. Əksinə, “Biz Qazaxıstanda qanunçuluğun bərpasını istəyirik” deyəndə dolayısı ilə, az qala, Putinə dəstək verdilər. Bunun ardınca da Rusiya qoşunu həmin ölkəyə daxil oldu. Azərbaycan məsələsində Moskva ilə Qərbin müştərək maraqları görünmür. Məsələn, NATO Baş katibi Yens Stoltenberqin İlham Əliyevə zəngi təsadüfi deyildi...
Beləliklə, geosiyasi mübarizənin bu mərhələsində hesab “sıfır-sıfır” oldu. Birinci raundda hesab 1:0 Qərbin xeyrinə idi. Rusiya ölü nöqtədən tərpənə bilmədi. Onun əldə etdiyi yalnız Qazaxıstanı qismən təsir altına salmağı oldu. Ola bilsin, Mərkəzi Asiyada proses davam edəcək. Burada Kreml kiminlə üz-üzə gələcək? Təbii ki, Çinlə... Yəni gəldiyim son nəticə bundan ibarətdir ki, Qərb Ukrayna oyunu ilə Rusiyanı provakasiyaya çəkdi və son nəticədə, onu Çinlə üz-üzə qoydu... Mən belə görürəm...”, – deyə Ərəstun Oruclu vurğulayıb.