Rusiya hökuməti siyasətlərinin bu ölkənin ənənəvi mənəvi-əxlaqi dəyərlərinə zidd olduğunu bildirən 47 ölkənin siyahısını təsdiqləyib. Siyahıya Avstriya, Belçika, İngiltərə, Almaniya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Polşa, ABŞ, Ukrayna, İsveç, Estoniya və Yaponiya kimi ölkələr daxil edilib. Türkiyə “dost ölkələr” arasında qalmağa davam edir.
Hafta.az-ın yazdığına görə, hökumət bu ölkələrin “dağıdıcı neoliberal ideologiyalar tətbiq etdiyini” və Rusiyanın ənənəvi dəyərlərinə zidd getdiyini bəyanlayıb.
Siyahı prezident Vladimir Putinin ənənəvi rus dəyərlərini bölüşən insanlara humanitar yardım göstərmək üçün avqustun 19-da imzaladığı fərman əsasında yaradılıb.
Rusiya ilə mənəvi, mədəni və hüquqi əlaqələr qurmaq istəyən əcnəbi vətəndaşlara dəstək məqsədi daşıyan fərman sentyabrın 1-dən qüvvəyə minib. Bu fərmanla Rusiyanın “dağıdıcı və neoliberal” olaraq təyin etdiyi ideologiyalara qarşı çıxan və ideoloji cəhətdən Rusiyaya uyğun gələn əcnəbilər dil və tarix imtahanı tələb etmədən Rusiyada müvəqqəti yaşamaq icazəsi üçün müraciət edə biləcəklər. Bu şəxslərə Rusiya Xarici İşlər Nazirliyi tərəfindən birdəfəlik üç aylıq vizalar veriləcək. Bu təcrübə Rusiya dəyərlərini qəbul edən insanların immiqrasiya prosesini asanlaşdırmaq üçün tətbiq edilib.
Putinin fərmanında deyilir ki, rus dəyərləri 2022-ci ilin payızında qəbul edilmiş ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin qorunması və möhkəmləndirilməsi üzrə dövlət siyasətinin əsaslarında müəyyən edilir. Bu dəyərlərə insan həyatı, ləyaqəti, hüquq və azadlıqları, vətənpərvərlik, vətəndaşlıq, vətənə xidmət və öz taleyi qarşısında məsuliyyət, yüksək mənəvi ideallar, möhkəm ailə, quruculuq, mənəviyyatın maddiyyatdan üstünlüyü, humanizm, mərhəmət daxildir.