Qafan-Gorus yolunun bir neçə günlüyə bağlanmasının mahiyyəti ondan ibarət oldu ki, Azərbaycan humanist addımlar atmaqla yanaşı, lazım gələrsə, belə addım da ata biləcəyini göstərdi. Bura Azərbaycan torpağıdır və bizim yurisdiksiyamız altındadır. Və biz həmin yolu istədiyimiz vaxt aça, istədiyimiz vaxt bağlaya bilərik.
Bu fikirləri hafta.az-a politoloq Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, yəni Azərbaycan öz siyasi iradəsini ortalığa qoydu:
"Mən bunu müsbət qiymətləndirirəm. Amma qarşı tərəfin bunu necə anlayacağı sual altındadır. Deyəsən, İran bunu anlayır və artıq rəsmi Tehran İrəvana alternativ yolların çəkilməsi haqda müraciət edib. Indi, bilmirəm, Rusiyanın belə bir müraciəti var, ya yox. Amma Rusiyanı bu maraqlandırmır. Çünki Moskva münaqişənin qalmasında maraqlıdır.
Münaqişə qaldıqca Rusiya da hakim, arbitr kimi burada, yəni Azərbaycan torpağında qalacaq və hər iki tərəfə təzyiq rıçaqlarını əlində saxlayacaq. Ona görə də məsələnin həllində maraqlı deyil. Belə problemləri meydana çıxarmaqda Moskvanın əsas məqsədi ondan ibarətdir ki, üçtərəfli razılaşma yerinə yetirilməsin və buna görə də Rusiyanın dırnaqarası sülhməramlı kontingentinə ehtiyac qalsın. Bu səbəbdən də Moskva burada 5 ildən sonra daha bir 5 il, onun ardınca daha bir 5 il qalsın…
Yerdə qalanlar artıq detallardır. Bu gün bu problem çıxarır, sabah o birisini və s. və i.a. Amma o da var ki, bu, əslində artıq Rusiyanın passivliyinin də göstəricisidir. Yəni Moskvanın Azərbaycana təzyiq vasitələri getdikcə tükənir. Çünki belə addımlarla Rusiya nə Azərbaycanı çəkindirə bilir, nə də Türkiyə ilə yaxınlığın dərinləşməsinin qarşısını ala bilir. Sadəcə olaraq bir qədər zamana ehtiyac var. Düşünürəm ki, bu kritik zaman ehtiyacı da gələn – 2022-ci ilin sonuna qədərdir. Azərbaycanın Türkiyə ilə birgə lazımi strateji müqavimət potensialını yaratmaq üçün məhz o vaxtadək bu kritik zamana ehtiyacı var…"