Rusiyada anti-Kreml çıxışları ilə tanınan, sülh fəalı Olqa Nazarenko "yüksəkdən yıxılaraq" ölüb.
Hafta.az-ın yazdığına görə, Rusiya mətbuatının qəza kimi qələmə verdiyi hadisənin iki həftə əvvəl İvanovo şəhərində baş verdiyi və Nazarenkonun müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.
Müharibə əleyhinə nümayişləri ilə tanınan və tez-tez Kreml əleyhinə mətbuatda çıxış edən Nazarenkonun ölümü bəzi dairələr tərəfindən şübhə ilə qarşılanıb.
Rusiyalı fəalın ölümündən sonra “Facebook”da yazılan şərhlərdə “Nazarenkonun düşmənləri” ittiham olunarkən, bir istifadəçi “Bizim boyun əyməyən Olqa, səni öldürdülər?” sualını verib.
Rusiyalı fəalın dostları Nazarenkonun ağacdan yıxıldığını iddia ediblər.
Hər həftə bir nəfərlik müharibə əleyhinə nümayişlər təşkil edən Olqa Nazarenko hər dəfə polis tərəfindən saxlanılsa da, hərəkətlərini davam etdirib.
Nazarenko əvvəllər də küçədə hücuma məruz qalıb və tibb fakültəsinin dosenti vəzifəsindən qovulub.
Evli və iki uşaq anası olan rusiyalı fəal keçən il ABŞ-ın maliyyələşdirdiyi Azad Avropa Radiosuna verdiyi müsahibədə "Rusiya təkcə hakimiyyətdəkilərin və onların tərəfdarlarının deyil, həm də mənim ölkəmdir” demişdi.
Böyük Britaniyada nəşr olunan “The Telegraf” qəzeti Kremlin bəzi müxaliflərinin daha əvvəl şübhəli şəkildə hündürlükdən yıxılma hallarında həyatını itirdiyini, Rostovda həbsdə ölən sülh fəalı ilə bağlı işgəncə iddialarının olduğunu xatırladıb.