Müharibədə 30 min rus paraşütçünün ən azı yarısı öldürülüb və ya yaralanıb

12:15 08.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiyanın müharibədə elit paraşütçülərinin ən azı yarısını itirdiyini irəli sürüb.

Hafta.az-ın "Al Arabiyya"ya istinadən yazdığına görə, nazirliyin dərc etdiyi hesabatda Rusiya Hava Desant Qoşunlarının rəisi general-polkovnik Mixail Teplinskinin avqustun 2-də verdiyi açıqlamaya diqqət çəkilib. Sözügedən açıqlamada Teplinski bildirib ki, müharibə başlayandan bəri yaralanıb cəbhəyə qayıdan və ya yaralanmasına baxmayaraq cəbhəni tərk etməyən paraşütçülərin sayı 8500 nəfərdir.

Rus komandir neçə paraşütçünün öldürüldüyünə və ya cəbhəyə qayıtmaq üçün çox ağır yaralandığına dair məlumat paylaşmayıb.

Teplinskinin açıqlamasının Kremldə narahatlıq yaratdığını əsas gətirən Britaniya rəsmiləri onun Rusiya Müdafiə Nazirliyinin internet saytından “Zvezda” televiziya kanalı və Telegram kanallarından qısa vaxtda silinməsinə də diqqət çəkib.

Rusiya komandirinin paylaşdığı məlumatlara əsasən, Böyük Britaniya Müdafiə Nazirliyi ötən il Ukrayna cəbhəsinə göndərilən 30 min paraşütçünün ən azı yarısının öldürüldüyünü və ya yaralandığını iddia edib. 

İddialarla bağlı Kremldən heç bir açıqlama verilməyib.

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun avqustun 5-də dərc etdiyi hesabatda xüsusilə Baxmut ətrafında rus elit paraşütçülərin yerləşdirildiyi bildirilib.

Təhlildə Rusiyanın muzdlu şirkəti "Vaqner"ə bağlı döyüşçülərin bölgədən çəkilməsi ilə yaranan müdafiə boşluğunun elit paraşütçülərlə doldurulmağa çalışıldığı qiymətləndirilib.

Siyasət rubrikasından digər xəbərlər