Bu günlər dünyanın hər yerində Milad günü qeyd olunur. Yüzillər ərzində bayram olaraq qeyd edilən bu gün, həm də 30 il əvvəl Rumıniyada xalqın əzmi nəticəsində, heç vaxt unudulmayacaq bir hadisə ilə tarixə yazılıb. Bəli, uzun illər kommunist Rumıniyasını istədiyi kimi idarə edən diktator Nikolay Çauşevski məhz bu gün məhkəməyə çıxarılıb və haqqında edam cəzası hökmü verilib. Əlbəttə ki, diktator xanımı Yelena Çauşevski ilə birlikdə güllələnərək edam olunub.
Qeyd edək ki. Çauşevskiyə qarşı xalq üsyanı 1989-cu il dekabrın ortalarında baş qaldırıb. İlk çıxışlar Timişoara şəhərində başlayıb, amma diktatorun əmri ilə sərt şəkildə yatırılıb. Buna baxmayaraq, müxalifət ölkənin bütün şəhərlərində xalqla birləşib, mövcud rejimi devirmək üçün zəmin yetişdirib.

Dekabrın 21-də hakimiyyət tərəfindən xüsusi olaraq hazırlanmış proqrama uyğun olaraq yüz minlərlə insan Buxarestin mərkəzində toplaşıb. Diktator Çauşevski düşünürdü ki, xalqa xitab etməklə hər kəsin gözündə adil lider olaraq yüksələcək. O, təbii ki, kütlənin psixoloji durumunu anlamırdı və hətta çıxışı zamanı Timişoarada üsyana qalxmış xalqı “faşistlərin əlaltıları” adlandırmaqdan belə çəkinməyib. Buna cavab olaraq qəzəblənmiş xalq “Timişoara, Timişoara” deyə qarşılıq verir. Bunu görən Çauşevski xalqı sakitləşdirmək üçün yalandan maaşları artıracağına söz verir, ancaq insanların hiddəti coşub-daşırdı. Vəziyyətin qəlizləşdiyini görən hökumət, telekanallarda gedən canlı yayımları qəfil dayandırır.
Artıq kommunist rejimini devirəcək və heç bir qüvvənin dayandıra bilməyəcəyi inqilab başlamışdı. Duruş gətirə bilməyəcəyini anlayan Çauşevski cütlüyü ertəsi gün Kommunist Partiyası Mərkəzi Komitəsinin binasından helikopterlə paytaxtdan qaçır. Amma uzağa gedə bilmirlər, Buxarestin 50 kilometrliyində yerləşən Tarqovistedə saxlanılırlar. Məlumata görə, 1100 günahsız insanın qanı bahasına reallaşan inqilabdan sonra - dekabrın 25-də canlı yayımlanan məhkəmədə mühakimə olunan Nikolay və Yelena Çauşevski cütlüyü, yuxarıda da qeyd etdiyimiz kimi, ertəsi gün güllənələrək edam edilir.
Məlumat üçün deyək ki, xalqı Çauşevskidən narazı salan bir çox hallar vardı. Ölkə artıq xarici borcları qaytarmaq iqtidarında deyildi. Əhalinin maaşı, pensiya və təqaüdləri vaxtlı-vaxtında verilmirdi, üstəlik, ödənişlər sürətlə yüksələn bazar qiymətləri ilə ayaqlaşmırdı. Bunun qarşısında isə, Çauşevski o dövrdə dünyada ən böyük inzibati binalardan sayılan Xalq sarayı kimi meqalayihəni reallaşdırır.

Xalq səfalət içində inlədiyi zaman Çauşevski ailəsinin cah-cəlalda yaşaması vətəndaşları daha da qəzəbləndirir. Məsələn, onun “Bahar sarayı”ndakı yemək otağının qab-qacağı təmiz qızıldan düzəldilibmiş. Saraydakı qapalı üzgüçülük hovuzunda dincələn, çoxsaylı xidmətçilərin qulluq göstərdiyi Çauşevski ailəsinin xalqın pulu hesabına sadəcə özləri üçün yaşadığı üzə çıxıb...
Çauşevskinin edamından keçən 30 il ərzində Rumıniya tədricən böyüyən iqtisadiyyata sahibidir. Ən əsası isə bu gün Rumıniya çoxlu iş yerləri açılan, təhsil alan savadlı, dünyagörüşlü xalqı olan dövlətə çevrilib. Rumıniya Avropa İttifaqının, NATO-nun üzvüdür. Bu gün Rumıniya müstəqil şəkildə dünyanın bir çox ölkəsi ilə, o cümlədən, Azərbaycanla sıx əməkdaşlıq edir. Nəhayət, bu gün rumınlar azaddırlar və istədikləri kimi yaşamaq haqqına sahibdirlər.