“Müstəqillik bu gün ukraynalılar üçün çox şey deməkdir, bizim varlığımızın mənasını yaradır. Rusiya cəbhədə hücumlarını davam etdirir, şəhərlərimizi vurur, mülki vətəndaşlarımızı öldürür. Təxminən min gündür ki, uşaq xəstəxanalarının, reabilitasiya mərkəzlərinin, elektrik stansiyalarının, elektrik şəbəkələrinin davamlı olaraq bombalanmasının şahidi oluruq”.
Hafta.az-ın yazdığına görə, bu sözləri Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Müstəqillik Günü münasibətilə keçirilmiş tədbirdə çıxışı zamanı deyib. Diplomat bildirib ki, Rusiya sistemli şəkildə ukraynalıları qaranlığa sürükləməyə və daimi hava hücumu xəbərdarlığına çalışır. 2022-ci ilin fevralından bəri minlərlə təhsil obyekti yararsız hala salınıb və ya dağıdılıb. “6 mindən çox mülki struktura hücum edilib. Rusiya 600 ukraynalı uşağı öldürüb, 1600 nəfəri yaralayıb, 19 min uşaq qaçırılıb. Hər rus hücumundan sonra minlərlə şəhər və qəsəbəmizdə elektrik enerjisi ciddi şəkildə kəsilir. Biz hər şeyə rəğmən yaşayırıq və döyüşürük, işğala qarşı mübarizə aparırıq! Biz baş əymirik, əksinə, həmişəkindən daha güclü oluruq! Ukraynanın müqaviməti və köməyiniz işığı geri qaytardı! Biz Ukraynaya həsr olunmuş hər cür köməyə, töhfəyə, dəstəyə və həmrəyliyə görə son dərəcə minnətdarıq. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm!”, - Vasil Bodnar deyib.
"Keçən il biz sizdən Ukraynanın birinci xanımı Yelena Zelenskanın İzyumda ruslar tərəfindən dağıdılmış uşaq xəstəxanasının bərpası təşəbbüsünü dəstəkləməyinizi xahiş etmişdik. Sizin və çoxlu yaxşı insanların sayəsində xəstəxana indi işləyir" deyən diplomat, Ukraynalı uşaqlar üçün hər səviyyədə köməklərin davam etməsini istəyib.
Türkiyənin Ukraynaya dəstəyini bir daha vurğulayan Ukrayna səfiri deyib ki, hazırda Ankara və Antalyada 250 ukraynalı yetim uşağa bütün lazımi qayğı və yardımlar göstərilir.
“Prezident Ərdoğan bir neçə gün əvvəl 4-cü Beynəlxalq Krım Platforması Sammitində çıxış edərək Krımın Ukraynaya məxsus olduğunu və beynəlxalq qanunların Krımın Ukraynaya qaytarılmasını tələb etdiyini açıq şəkildə bildirib. Birinci xanım Əminə Ərdoğan uşaqlara təhlükəsiz gələcəyin təmin edilməsi məqsədilə təşkil edilən Birinci Xanımlar Sammitində iştirak edib. Biz bu prinsipial mövqeyi, aydın və qəti mövqeyini yüksək qiymətləndirir və əhəmiyyət veririk. Biz artıq Ukraynada olan “Onur” və “Baykar” kimi türk şirkətlərinin işini yüksək qiymətləndirir, başqalarını da onlara qoşulmağa və Ukrayna bazarını özləri üçün kəşf etməyə çağırırıq. Azad Ticarət Sazişi yaxınlaşır, bu, yeni şərait, yeni layihələr, yeni imkanlar deməkdir, şansınızı qaçırmayın! Türkiyənin aparıcı müdafiə şirkətləri ilə əməkdaşlığımızı davam etdiririk və tərəfdaşlığımızı yüksək qiymətləndiririk”, - deyib Ukraynanın Ankaradakı səfiri cənab Bodnar.