Məlum olduğu kimi, Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Qeyd edək ki, Həcc ziyarəti İslam dininin 5 şərtindən biridir. Müsəlmanlar Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbəni ziyarət edir və öz dini ayinlərini icra edirlər. Hər il milyonlarla insan Kəbəni ziyarət edir. Ölkəmizdə Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.
Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5 850 dollar müəyyənləşib. Yəni, qiymət, təxminən, 10 min manatdır. Bu isə ötən illə müqayisədə 100 dollar artıqdır. Qiymətlərin bu qədər baha olması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bir çoxları ziyarət qiymətinin çox baha, yalnız imkanlı möminlər üçün əlçatan olmasından şikayətləniblər.
Mövzu ilə bağlı ilahiyyatçı Elşad Miri bildirir ki, bugünkü Həcc Allahın buyurduğu Həcc deyil: “Azərbaycanın nefti var, imkanı var, ona görə də 10 min ödəyib gedirik. Ora gedən insanlar bilirlər ki, kasıb getmir, hamısı imkanlı şəxslərdir. Ona görə də onların 10 min manatını almağı özlərinə halal bilirlər. Xərc təkcə bununla bitmir. Oraya gedəndə qurban kəsilir, digər qidalanma məsələləri var. Orada qaldığınız müddəti nəzərə alsaq, görün, neçə min edir? Əslində, İslamın Həcclə bağlı anlayışı bugünkü görüşdən fərqlidir. İslamda bildirilən Həcc anlayışı Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan, o dövlətlərin, orada yaşayan insanların, yaxud immiqrant olanların məsələlərinin müzakirə edilməsi üçün beynəlxalq konfrans yeridir. Biz isə bunu sadəcə Kəbənin ətrafında fırlanmaqdan, Səfa-Mərvə arasında gedib-gəlməkdən ibarət olan bir hala gətirmişik. Bunun yanlış olduğunu düşünürəm. Bu gün kim getmək istəyirsə, təbii ki, özü bilər, pul da, can da onundur”.
İlahiyyatçının sözlərinə görə, bəzi iddialar var ki, insanlar Bodruma, Havay adalarına, Maldivlərə gedir, onlara səs çıxarılmır, niyə Həcc ərəfəsində səs-küy qaldırılır? “Bir şeyi unutmayaq ki, Maldivlərə gedən Allahın əmri olaraq din adı altında getmir. Həcc anlayışını isə elə ediblər ki, konkret Allahın əmri olduğu üçün gedirlər. Bu, indiyə qədər insanların demədiyi ifadədir. Bugünkü Həcc Allahın istədiyi Həcc deyil, insanların uydurduğu Həcc anlayışıdır".
Mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov isə qəzetimizə açıqlamasında deyib ki, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı qiymətin yüksək olmasının səbəbi barədə cəmiyyəti məlumatlandırmalıdır: “Hər il ölkəmizdə Həcc ziyarətinin qiyməti açıqlanan zaman qiymətin yüksək olması ilə bağlı geniş müzakirələr aparılır. Əksəriyyət qiymətin baha olmasından şikayətlənir. Əvvəllər də qeyd etdiyim kimi, düşünürəm ki, Qafqaz Müsəlmanları İdarəsi qiymətin yüksək olmasının səbəbi barədə cəmiyyəti məlumatlandırmalıdır. Ola bilsin ki, qiymətin bu qədər qalxması bilavasitə idarədən qaynaqlanmır. Ortada başqa səbəblər də ola bilər. Bütün hallarda məsələyə aydınlıq gətirilməlidir. Sosial mediada Həcclə bağlı gedən müzakirələrə gəldikdə isə, hər kəs bilməlidir ki, imkanı olan hər bir müsəlman ömründə bir dəfə mütləq Həcc ibadətini yerinə yetirməlidir. Bu, İslamın vacib şərtlərindən biridir. Həccə verilən pulun sədəqə kimi istifadə olunması məsələsinə gəldikdə isə söhbət ikinci dəfə Həccdən gedirsə, bəli, həmin pulun sədəqə kimi istifadə olunması məqsədəuyğundur və bunun savabı daha böyükdür. Bununla yanaşı, hesab edirəm, cəmiyyətdə hər kəs bir-birinin inancına, etiqadına və düşüncə tərzinə hörmət etməyi bacarmalı, dini ibadət və ayinləri aşağılamaqdan, ələ salmaqdan çəkinməlidir. Hərənin öz etiqadı, düşüncəsi və toxunulmazlıqları var. Necə ki, hər birimiz düşüncələrimizə hər kəsin hörmətlə yanaşmasını istəyirik, eləcə də eyni münasibəti başqalarına qarşı da göstərməliyik. Əlavə “əllaməlik” etməyə ehtiyac yoxdur, çünki hesab o dünyada çox ağır olacaq”.