Neftin qiyməti artır

16:39 12.08.2023
Yazını böyüt
Yazını kiçilt

Son günlər dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Hazırda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 89,45 ABŞ dolları təşkil edir. Son hərracların nəticələrinə görə, “Brent” markalı neftin oktyabr fyuçersləri 85,98 ABŞ dollarına satılıb.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. İlin əvvəlindən dünyada baş verən müxtəlif proseslərə əsasən proqnoz edilirdi ki, 2023-cü il ərzində neftin qiyməti kəskin şəkildə ucuzlaşmağa doğru gedəcək. Amma bu baş vermədi və hazırda dünya bazarlarında neft 90 dollar ətrafında təklif edilir. 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Bu ilin 6 ayı ərzində ölkədə hasil edilmiş 15,2 milyon neft-kondensatın 9,1 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının, 2,2 milyon tonu “Şahdəniz” yatağının payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasilat 3,9 milyon ton təşkil edib. Hesabat dövründə ixrac edilmiş 12,7 milyon ton neft-kondensatın 11,3 milyon tonu konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşüb. AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2023-cü il tarixinə qədər 618,4 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. O cümlədən AÇG-dən 576 milyon ton neft, “Şahdəniz”dən isə təqribən 42,4 milyon ton kondensat çıxarılıb. Bunun da 616,5 milyon tonu ixrac edilib.

Maraqlıdır, görəsən neft bazarında sabitlik ilin sonunadək davam edəcəkmi? Neftin Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulan qiymətdən baha satılması ölkəmizə nə qədər qazandırır?

Məsələni qəzetimizə şərh edən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, neft bazarında sabitliyin davam edib-etməyəcəyi barədə əvvəlcədən proqnoz vermək mümkün deyil: “Neftin qiyməti dəyişkən olduğundan bununla bağlı proqnoz vermək bir qədər çətindir. Bir həftə sonra neft bazarında vəziyyətin necə olacağını proqnoz etmək çətindir. Bir məsələni əminliklə vurğulaya bilərəm ki, cari ildə dünya bazarlarında neftin qiyməti ilə bağlı Azərbaycanın dövlət büdcəsi, gəlirləri üçün heç bir təhlükə mövcud olmayacaq. Əksinə, Azərbaycan indiyədək olduğu kimi ilin sonunadək də neftin dövlət büdcəsində nəzərdə tutulduğu qiymətindən də artıq gəlir əldə etməkdə davam edəcək. Növbəti və ondansonrakı illər üçünsə proqnoz irəli sürmək mümkün deyil. Biz bir məqamı da unutmamalıyıq ki, neftin qiymətinə güvənmək olmaz. Qeyd etdiyim kimi, neft qiyməti dəyişkəndir. Xatırlayırsınızsa, 2020-ci ildə pandemiya zamanı neft dünya bazarında 20 dollara qədər ucuzlaşmışdı. Bu proses 2 aya qədər davam etsəydi, Azərbaycanda adi əməkhaqqının verilməsi məsələsində problemlər ortaya çıxacaqdı. Düzdür, bu gün ölkəmizin kifayət qədər valyuta ehtiyatı mövcuddur. Cəmi bir ay kifayətdir ki, neftin qiyməti büdcədə nəzərdə tutulduğundan aşağı olsun və sən sosial ödənişləri ödəməkdə çətinlik çəkəsən. Təbii ki, bu təhlükəlidir. Bu il arxayın olmağa dəyər, hansısa təhlükə gözlənilmir. Digər tərəfdən, bir məsələni də nəzərə almalıyıq ki, neftin qiyməti büdcədə nəzərdə tutulduğundan yüksək olsa da, hasilat ildən-ilə azalır. Məsələn, 2010-cu ildə bizdə maksimal nəticə əldə olunub və ümumilikdə 50 milyon ton neft hasil edilib. Sonrakı illərdə bu rəqəm 41-42 milyon tona düşdü. Keçən il isə bu göstərici 32,6 milyon ton həcmində olub. İndi hələlik ümidimiz qazadır”.

Siyasət rubrikasından digər xəbərlər