Yaxın Şərqdə gərginlik artdıqca, İsrail hökuməti Nazirlər Şurasının işləyəcəyi “Qiyamət çuxuru” kimi tanınan bunkeri yenidən işə salıb.
Hafta.az-ın “War Zone” saytına istinadən yazdığına görə, Milli Böhran İdarəetmə Mərkəzi kimi də tanınan bu yeraltı bunker Qüds təpələrində, Knessetin, Xarici İşlər Nazirliyinin, Baş nazirlik binası, Konstitusiya Məhkəməsi və digər əsas hökumət binaları yerləşir.
Bu sığınacaq İsrail Təhlükəsizlik Agentliyi (Şin Bet) tərəfindən 2006-cı ildə Livan Müharibəsindən sonra İsrailin şimalına düşən raket hücumlarına qarşı ehtiyat tədbiri olaraq tikilib.
Bunker hökumətə yüksək dərəcədə qorunan və xarici dünya ilə, xüsusən də İsrail ordusu ilə əlaqəli olan obyektə sürətlə geri çəkilməyə imkan verir.
Milyardlarla dollara başa gələn “Qiyamət çuxuru”nun planlaşdırılması bir neçə il çəkib. Sığınacaq nazirlər və əsas məmurlar da daxil olmaqla yüzlərlə insanı yerləşdirməyə qadirdir və uzunmüddətli yaşamaq üçün yataq otaqları, qida və su çənləri ilə təchiz olunub.
Sığınacaq zəlzələlərə, nüvə, kimyəvi, bioloji və konvensional təhlükələrə tab gətirmək üçün nəzərdə tutulub və bütün növ silahlardan qorunur.
Obyekt digər bunkerlərə, Kirya bazasına, ordu qərargahına, Tel-Əviv ərazisindəki hökumət qərargahına və digər müdafiə mərkəzlərinə bağlıdır. Bu vəziyyət İsrailin siyasi və təhlükəsizlik elitası tərəfindən müharibənin idarə olunması üçün ideal mühit yaradır.
“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, bunkerin 95 faizi yerin altındadır və onun yeganə girişi liftlədir. Mənbələr liftlərin sərnişinlərə "elmi fantastika filmində olmaq" hissi verdiyini və sığınacaqda dünya ilə əlaqəsi tamamilə kəsilmiş bir mühit təqdim etdiyini bildirir.
Kompleks, ilk növbədə, böhran vəziyyətlərində hökumətin fəaliyyətini təmin etmək üçün nəzərdə tutulsa da, son illər çox məxfi görüşlər üçün də istifadə olunur.
Təhlükəsizlik Kabineti bu imkandan ilk dəfə 2011-ci ildə milli böhran ssenarilərini simulyasiya etmək üçün istifadə edib.
Rəsmilərdən biri bu sığınacaqdan koronavirus böhranını idarə etmək, izləmək və nəzarət etmək üçün istifadə edildiyini, böhranın uzun müddət davametmə ehtimalına qarşı belə bir addım atıldığını bildirib.
İsrailin Milli İnzibati Mərkəzinin dəqiq ölçüləri məlum olmasa da, bu bunkerin görünən hissəsinin aysberqin sadəcə görünən hissəsi olduğu dəqiqdir.