Nəticəsi ikinci turda bilinən seçkilər - ARAŞDIRMA

11:51 18.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qardaş ölkə Türkiyədə mayın 14-də keçirilmiş seçkilərdə millət vəkili mandatlarının sahibləri bəlli olsa da, Prezident kürsüsü hələlik boş qalıb. Bu səbəbdən də iki həftə aradan sonra - mayın 28-də ikinci tur seçkiləri olacaq və türk xalqı öz Prezidentini müəyyənləşdirəcək.

Bu yerdə qeyd edək ki, Türkiyənin siyasi tarixində heç vaxt indiki kimi ikinci tur prezident seçkisi keçirilməyib. Avropanın və Amerikanın uzun illərdir zədələməyə çalışdığı, şər-böhtanla gözdən salmaq üçün hər şeyi etdiyi türk demokratiyası qarşısında hələlik susqunluq nümayiş etdirən Qərbin cavabını? əlbəttə, Türkiyə vətəndaşları 28 may tarixində layiqincə verəcək, buna söz ola bilməz. Amma maraqlıdır, seçkinin ikinci tura qalması təsadüfdür, yoxsa zərurət? Axı bu turu tamamlamaq üçün rəqiblərdən birinin çox cüzi sayda səsə ehtiyacı vardı...

Əslində, qardaş ölkədə səsvermənin ikinci tura qalması narahatverici deyil, çünki bunun dünya tarixində analoqları istənilən qədərdir. Bu turlarda, əsasən, ilk mərhələdə ən çox səs yığan namizəd qələbə çalsa da, növbəti turda ikinci yerin sahiblərinin hamını təəccübləndirərək rəqibini üstələdiyi hallar da az olmayıb.

Beləliklə, maraqlı olar deyə, son 5 il ərzində dünya ölkələrində keçirilmiş ikinci tur seçkilər haqqında məlumatı oxucularla bölüşək.

İlk olaraq Türkiyədən bəhs edək. Qardaş ölkədə Prezidentin ümumxalq səsverməsi ilə seçilməyə başladığı 2014-cü ildə etibarlı səslərin 51,79 faizini, 2018-ci ildə isə 52,54 faizini toplayan Rəcəb Tayyib Ərdoğan ilk turda prezident seçilməyi bacarıb. Amma 2023-cü ilin məlum 14 may seçkilərində prezidentliyə namizədlərdən heç biri lazımi səsi toplaya bilməyib. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan etibarlı səslərin 49,5 faizini ala bildiyi halda, müxalifətin təmsilçisi Kamal Kılıçdaroğlu 44,89 faiz səs yığıb. Cümhuriyyət tarixində ilk dəfə təkrar seçkiyə doğru irəliləyən qardaş ölkədə Ərdoğanla Kılıçdaroğlu arasındakı rəqabətə məhz ikinci turda son qoyulacağı şübhəsizdir.

Dünyanın əksər dövlətlərində 50 faiz, Cənubi Amerikada isə 40 faiz baryerin tətbiq olunduğu birinci tur seçkilərdən sonra bir çox ölkədə ikinci tur seçkilərdə fəallığın artdığı görülür. Ümumi tendensiya ilk turda ən çox səs toplayan namizədin ikinci mərhələdə qalib gəlməsi ilə bağlı olsa da, Uruqvay, Monteneqro və Ekvador kimi bəzi Güney Amerika ölkələrində birinci turu ikinci yerdə tamamlayan namizədlər ikinci turda seçkini qazana biliblər. Braziliya və Polşa kimi bəzi inkişaf etmiş ölkələrdə isə ilk turda ikinci sırada olan namizədlər ikinci turda fərqi böyük ölçüdə daraltsalar da, nəticə etibarı ilə qalib gələ bilməyiblər.

Gəlin son 5 ildə ikinci tura keçən 20 seçkinin nəticələrinə dair təfərrüatlara nəzər yetirək:

2022-ci ildə Braziliyada keçirilmiş seçkilərdə izlədiyi ifrat sağçı siyasətləri ilə diqqət çəkən hazırkı prezident Jair Bolsonaro solçu rəqibi Lula da Silva ilə yarışıb. Gərgin atmosferdə keçən ikinci tur seçkilərində nəticələr dəyişmədiyi halda birinci turda Lula da Silva 48 faiz, Bolsonaro isə 43 faiz səs toplayıb. Bolsonaro rəqibi ilə arasındakı 6 milyondan çox səs fərqini 2 milyondan aşağı azaltsa da, ikinci turda etibarlı səslərin 49,1 faizini toplayaraq prezident kreslosunu itirib.

Seçkidə iştirak nisbəti 79 faiz səviyyəsində sabit qalıb.

2023-cü ildə Çexiyada keçirilmiş seçkilərin ilk turunda səslərin 35,4 faizini Petr Pavel, 35 faizini isə Andrej Babis alıb. Odur ki, seçkinin ikinci turu keçirilib. Yanvarın 27-28-də keçirilən ikinci tur seçkilərdə ilk turda cəmi 23 min səs fərqini təxminən 1 milyona çatdıran Avropayönlü və NATO tərəfdarı Pavel etibarlı səslərin 58 faizini alaraq prezident seçilib.

Birinci turda 68 faiz olan seçici fəallığı ikinci turda yüzdə 70 olaraq ölçülüb.

2021-ci il fevralın 7-də Ekvadorda keçirilən birinci tur seçkilərdə 32,7 faiz səs toplayan Andres Arauz ən yaxın rəqibini qabaqlasa da, 40 faizlik baryeri keçə bilmədiyi üçün seçki ikinci turda mübarizə aparmalı olub. Yarışı cəmi 32 min səslə üçüncü rəqibi Yaku Peresi qabaqlayaraq ikinci olan Gilermo Lasso etibarlı səslərin 19,74 faizini qazanaraq ikinci turda Arauzun rəqibi olub. İkinci tur seçkilər isə birinci tura tamamilə əks nəticələr verib. İkinci tura keçə bilməyən rəqiblərinin səsini almağı bacaran Lasso rəqibi ilə fərqi aradan qaldıraraq səslərin 52 faizinə çatıb və Ekvadorun yeni dövlət başçısı seçilib.

İlk turda 81 faiz olan iştirak nisbəti ikinci turda yüzdə 84 olaraq qeyd edilib.

2022-ci il aprelin 24-də Fransada keçriilən seçkilərdə hazırkı prezident Emmanuel Makron yüzdə 27,9 səslə birinci turu tamamlayarkən, ifrat sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen də 23 faizlə ikinci tura keçə bilib. İkinci tur seçkilərində rəqibi ilə 1,6 milyon səs fərqini 5,5 milyona yüksəldən Emmanuel Makron 58,5 faiz səslə yenidən Fransa prezidenti seçilib.

Maraqlıdır ki, birinci turda 73,6 faiz olan seçici fəallığı ikinci turda 72 faizə enib.

2019-cu il iyunun 16-da Qvatemalada keçirilmiş seçkilərdə ilk turunda 25 faiz səs toplayan Sandra Torres və 13,8 faiz səs alan Alexandro Giammattei ikinci tura vəsiqə qazanıblar. Avqustun 11-də keçirilən səsvermənin ikinci turunda arxadan gələn Giammattei səslərin 58 faizini toplayaraq önə keçib və qalib gəlib.

Birinci turda səs verən 1,5 milyon insan ikinci turda seçkiyə getməyib və seçici fəallığı kəskin şəkildə aşağı düşüb.

2023-cü il fevralın 5-də Kiprdə (Cənubi Kipr – V.T.) keçirilmiş prezident seçkilərinin ilk turunda 32 faiz səs toplayan Nikos Hristodulidis və 29,5 faiz səs toplayan Andreas Mavroyiannis ikinci tura vəsiqə qazana bilib. Seçkilərdə iştirakın yarım bal artdığı ikinci turda rəqibi ilə fərqi qorumağı bacaran Hristodulidis etibarlı səslərin 52 faizini alaraq Kiprin yeni lideri olub.

2018-ci il oktyabrın 28-də Gürcüstanda keçirilmiş seçkilərdə heç bir namizəd 50 faizlik baryeri keçməyincə ikinci turda 38,6 faiz səslə Salome Zurabişvili və 37,7 faiz səs toplayan Qriqol Vaşadze yenidən yarışıb. İlk turu 1 xaldan az qabaqlayan Zurabişvili ikinci turda fərqi artıraraq 59 faizlə prezident seçilib.

Gürcüstanda seçkilərin birinci turunda 46 faiz olan seçici fəallığı ikinci turda 56 faizə yüksəlib.

2019-cu il dekabrın 22-də Xorvatiyada keçirilmiş seçkilərdə keçmiş baş nazir Zoran Milanoviç 29,5 faiz, hazırkı prezident Kolinda Qrabar-Kitaroviç isə 26,65 faiz səs toplayaraq ikinci tura keçiblər. 2020-ci il yanvarın 5-də keçirilən ikinci turda seçicilərin səsvermədə iştirak nisbəti 51 faizdən 55 faizə yüksəlsə də, nəticələr dəyişməyib. İlk turu qabaqlayan Milanoviç ikinci turda 52 faiz səs toplayaraq Xorvatiyanın yeni prezidenti olub.

2022-ci ildə Kosta Rikada keçirilmiş prezident seçkilərində 40 faizlik baryeri sosial-demokrat Rodriqo Çaves və keçmiş prezident Xose Mariya Fiqeres keçə bilib. Birinci turda Figueres 27 faiz, Çaves isə 16 faiz səs toplayıb və ikinci turda yarışmaq şansı əldə edib. İkinci turda rəqibini geridə qoyan Çaves 52 faiz səs toplayıb və Kosta Rikanın yeni prezidenti olub.

2019-cu il aprelin 21-də Şimali Makedoniyada keçirilmiş seçkilərdə Stevo Pendarovski və Qordona Silyanovska-Davkova hər biri 44 faiz səs toplayıb və ikinci tura vəsiqə qazanıb. İlk turda rəqibindən 4 min çox səs toplayan Pendarovski ikinci turda fərqi genişləndirərək 53 faizlə prezident seçilməyi bacarıb.

Birinci tur seçkilərdə 41 faiz olan fəallıq isə ikinci turda 46 faizə yüksəlib.

2019-cu il iyunun 12-də Litvada keçirilmiş seçkilərin birinci turu nəfəs kəsən rəqabətə şahidlik edib. Ümumilikdə 2,5 milyon seçicisi olan ölkədə ilk turda rəqibindən cəmi 5 min çox səs toplayan İnqrida Simonyte öndə, Gitanas Nauseda isə ikinci yerdə qalıb. İştirak nisbətinin 57 faizdən 53 faizə düşdüyü ikinci turda külək tamamilə Nauseda istiqamətində əsdi. Nauseda 66 faiz səslə Litvanın yeni prezidenti olub, Simonyte isə ikinci turda 3500 səs geriləyib və 33 faizdə qalıb.

2020-ci il noyabrın 1-də Moldovada keçirilən seçkilərdə Avropa İttifaqının tərəfdarı Maya Sandu 36 faiz, Rusiyayönlü İqor Dodon isə 32,6 faiz səs toplayıb. 50 faiz limiti aşılmadığı üçün ikinci tura gedilməli olub. Seçkilərdə iştirakın 45 faizdən 55 faizə yüksəldiyi ikinci turda Sandu 57,7 faiz səs toplayaraq rəqibi ilə fərqi genişləndirib və Moldovanın ilk qadın prezidenti olub.

2021-ci il aprelin 11-də Peruda keçirilən seçkilərdə 18,9 faiz səs toplayan Pedro Kastilyo və 13,4 faiz səs toplayan Keiko Fuximori ikinci tura vəsiqə qazanan adlar olub. İkinci tur seçkiləri isə ölkə tarixində ən qızğın yarışlardan biri kimi yadda qalıb. 17,5 milyondan çox seçicinin qatıldığı seçkilərdə rəqibindən cəmi 44 min səs çox olan Kastilyo 50,1 faizlə Perunun yeni prezidenti olub.

Birinci turda yüzdə 70 olan seçici fəallığı ikinci turda 74 faizə yüksəlib.

2020-ci il iyunun 29-də Polşada keçirilmiş seçkilərin birinci turunda hakim Hüquq və Ədalət Partiyasının namizədi, hazırkı prezident Anjey Duda 43,5 faiz, Varşava meri Rafal Trzaskovski isə 30 faiz səs toplayıb və ikinci tura vəsiqə qazanıb. İkinci turda gərgin rəqabət olsa da, 51 faiz səs toplayan Duda növbəti dəfə prezident seçilib.

Birinci turda 64 faiz olan seçici fəallığı ikinci turda 68 faizə yüksəlib.

2019-cu il noyabrın 10-da Rumıniyada keçirilmiş seçkilərin ilk turunda səslərin 37,8 faizini toplayan Klaus Yohannis və səslərin 22 faizinə çatan Vayorika Dancila ikinci turda adlarının yazılmasına nail olublar. Noyabrın 24-də keçirilən səsvermənin ikinci turunda Yohannis rəqibi ilə fərqi artıraraq 66 faiz səslə prezident seçilib.

İlk turda 51 faiz olan seçicilərin iştirak nisbəti ikinci turda 55 faizə yüksəlib.

2019-cu il martın 16-da Slovakiyada keçirilən seçkilərdə 40,5 faiz səs toplayan Zuzana Çaputova 18 faiz səs toplayan rəqibi Maros Şefçoviçlə ikinci tura keçib. Seçkilərdə iştirak nisbətinin 48 faizdən 41 faizə düşdüyü ikinci seçkidə də rəqibi ilə fərqi qorumağı bacaran Çaputova 58 faiz səslə prezident seçilib.

2022-ci il oktyabrın 23-də Sloveniyada keçirilən birinci tur seçkilərdə 33 faiz səs toplayan Anze Loqar və səslərin yüzdə 26,8 faizini əldə edən Natasa Musar ikinci turda yarışmaq imkanı qazanıblar. Noyabrın 13-də keçirilən ikinci tur seçkilər Musarın qələbəsi ilə nəticələnib. İlk turda uduzan namizədlərin əksəriyyətinin səsini toplamağı bacaran Musar 53 faiz səslə rəqibini məğlub edərək Sloveniyanın yeni prezidenti olub.

2019-cu ildə Ukraynada müharibədən əvvəlki son prezident seçkilərinin ilk turunda səslərin 30 faizini toplayan Vladimir Zelenski və 15 faiz səs toplayan o vaxtkı prezident Petro Poroşenko ikinci tura vəsiqə qazanıblar. İki həftə sonra keçirilən seçkilərin ikinci turunda Zelenski 73,2 faiz səs toplayaraq Ukraynanın yeni prezidenti olub.

2019-cu il oktyabrın 27-də Uruqvayda keçirilən ilk tur seçkilərdə səslərin 40 faizini toplayan Daniel Martinez və yüzdə 29 səs toplayan Luis Lakalle Pou ikinci tura keçən namizədlər olub. İkinci turda ölkə tarixinin ən baş-başa seçki yarışlarından biri reallaşıb. İlk turu geridə bağlayan Pou ikinci turda rəqibindən 40 min çox səs toplayıb və səslərin 50,7 faizini alaraq prezident seçilməyi bacarıb.

Seçkilərdə fəallıq isə hər iki turda 90 faiz olub.

Göründüyü kimi, seçkinin nəticələri ikinci turda bəlli olan ölkələrin əksəriyyəti öz demokratiyası ilə tanınırlar. O ki qaldı daha adil nəticənin əldə olunmasına, bu seçkinin keçirildiyi ölkənin xalqından, o cümlədən Türkiyə vətəndaşlarından asılıdır. Sağlıq olsun, 28 maya sayılı günlər qalır, əminik ki, türk xalqı öz ədalətli qərarını verərək dostunu sevindirib, düşmənini məyus edəcək...

Oxunma sayı 1195
Siyasət rubrikasından digər xəbərlər