İsveçin Göteborq şəhərindən 150 kilometr uzaqlıqda yerləşən kiçik Götene qəsəbəsi həyata keçirdiyi qeyri-adi layihə ilə adından söz etdirib. Son zamanlar Avropada populyarlıq qazanan “ucuz ev” tendensiyası kimi, Götene Bələdiyyəsi də torpaqlarını inanılmaz qiymətlərlə satışa çıxarıb.
Hafta.az-ın yazdığına görə, 1 İsveç kronuna torpaq sahibi olmaq fürsəti böyük maraqla qarşılanıb. İtaliya, Fransa və Xorvatiya kimi ölkələrdə 1 avroya ev satışı xəbərləri daha əvvəl gündəmə gəlmişdi. İndi İsveç də bu ölkələrin izi ilə gedir və ucuz daşınmaz əmlak hücumuna qoşulur. Bununla belə, İsveç mənzil əvəzinə 30 torpaq sahəsini satışa çıxararaq fərqli yol izləyir. Əhalisi 10 mindən az olan Götene qəsəbəsində satışa çıxarılan torpaqların ölçüləri 850 kvadratmetrlə 1200 kvadratmetr arasında dəyişir.
Gotene şəhərinin meri Yohan Mansson bildirib ki, şəhər uzun müddətdir aşağı doğum nisbətləri və qocalmış əhali ilə mübarizə aparır. Bölgəyə daha çox insan cəlb etmək və qəsəbənin demoqrafik quruluşunu canlandırmaq üçün bu layihəyə başladıqlarını bildirən Månsson, maraqdan çox məmnun olduqlarını söyləyib.
Layihə elan edildikdən sonra minlərlə müraciət edildiyini bildirən səlahiyyətlilər, tələbatın çox olması səbəbindən müraciətləri avqustun əvvəlinə qədər dayandırmağa qərar verib. Bələdiyyə bu proses zamanı müraciət şərtlərini və torpaq satışı prosedurlarını nəzərdən keçirəcək və daha sonra satışı davam etdirməyi planlaşdırır.
Götene qəsəbəsində cəlbedici qiymətlərlə torpaq sahəsinə sahib olmaq üçün bəzi şərtləri yerinə yetirmək lazımdır. Satışa çıxarılan torpaq sahəsinə təklif vermək üçün ilk növbədə İsveç bankında hesabın olması mütləqdir. Bundan əlavə, torpaq sahəsini alan şəxslər 2 il ərzində daimi yaşayış və ya tətil üçün ev tikməlidirlər. 24 ay ərzində tamamlanmayan evlər üçün satınalma ləğv ediləcək və alıcı 100 min İsveç kronu məbləğində cərimələnəcək.
Torpaq alqı-satqısı əsnasında təxminən 170 min kron su və kanalizasiya bağlantısı ödənişləri və təxminən 30 min kron tikinti lisenziyası ödənişləri də alıcı tərəfindən qarşılanacaq.
Götene Bələdiyyəsi rəsmiləri İsveçin ən böyük gölü olan Vänern gölünün sahilindəki bu torpaqların təqdim etdikləri imkanları nəzərə alaraq kifayət qədər sərfəli olduğunu vurğulayır. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Platåbergens Geoparkı, Vänern gölü arxipelaqı və Kinnekulle dağı kimi ərazilərə yaxınlığı da torpağın dəyərini artıran mühüm amil kimi önə çıxır.
Bələdiyyə sədri Månsson bildirib ki, layihənin uğurundan sonra daha çox torpaq və hətta bir neçə ev də gündəmdədir. Götenenin kənd və dinc həyat axtaranlar üçün əla seçim olduğunu vurğulayan Månsson, bu layihənin şəhərə yeni nəfəs gətirəcəyinə inanır.