“Jozef Şulte” adlı konteyner gəmisi Ukraynanın Odessa limanından yola düşərək İstanbul Boğazına çatıb.
Hafta.az-ın yazdığına görə, gəminin Ambarlı limanına yanaşacağı bildirilir.
Məlum olduğu kimi, İstanbulda baş tutan Türkiyə, Rusiya, Ukrayna və BMT arasında dördtərəfli razılaşma taxıl dəhlizini hədəf almışdı. Lakin Rusiyanın müqavilədən çıxması ilə iki dəfə uzadılan bu müqavilənin keçərliliyi iyulun 17-də başa çatıb.
Rusiya tərəfi elan edib ki, Qara dənizdə Ukraynaya istiqamət almış bütün gəmiləri hərbi təhlükə kimi qiymətləndirib atəş açacaqlar. Buna baxmayaraq, rəsmi Kiyev dənizdən himanitar məqsədli gəmilərin, xüsusilə də taxıl daşıyan gəmilərin təhlükəsiz hərəkəti üçün hər cür vasitədən istifadə edəcək.
Türkiyənin Milli Müdafiə Nazirliyi də Qara dənizdə artan gərginliyi diqqətlə izlədiyini bəyan edib. Nazirlik bildirib ki, ticarət gəmilərinin Türkiyə boğazlarına təhlükəsiz çatmasında heç bir problem yoxdur.