Ola bilər, 15 dəqiqə sonra Krım körpüsü vurulsun - Hərbi ekspert

19:38 30.08.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar Ukrayna Silahlı Qüvvələrinin Kursk ərazilərini nəzarətdə saxlamaqla yanaşı, ABŞ-dəki prezident seçkilərinədək daha bir üstünlük qazanmaq üçün Krım körpüsünü də vurub sıradan çıxaracağı haqda versiyalar səslənir. Bəs görəsən, Ukrayna hərbi-siyasi komandanlığının doğrudan da belə bir planı varmı?

Mövzu ilə bağlı Hafta.az-a açıqlamasında Ukrayna Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, hərbi-siyasi ekspert, polkovnik Elxan Nuriyev bunları söyləyib:

“Hər halda belə səylər olacaq. Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat İdarəsinin sözçüsü yaxından tanıdığımız dostumuz Andrey Yusov da bir neçə gün öncə, konkret olaraq 24 avqust-  Ukraynanın Müstəqillik Günündə açıq mətnlə bildirdi ki, Krım körpüsünün vurulması ola bilər, 15 dəqiqə sonra olsun, ola bilər, bir neçə həftə sonra olsun, amma artıq bununla bağlı ali hərbi-siyasi komandanlığının siyasi qərarı var. Və ümumiyyətlə, Krımın azad edilməsi Ukraynanın gündəliyindədir. O cümlədən sözügedən körpünün məhv edilməsi də planımızda var. Krım körpüsü, yəqin ki, məlumatınız var, bəzən böyük fasilələrlə işlənir. Son vaxtlar Ukrayna ordusunun ərazidə apardığı əməliyyatlar nəticəsində mütəmadi olaraq orada hərəkət dayandırılır. Bundan əlavə, artıq Ukraynanın zərbələri nəticəsində Kerçdə 3 bərə də sıradan çıxarılıb. Onlardan biri tamamilə yanıb.Nəticədə Krımda yanacaq problemi yaranıb”.

Hərbi-siyasi ekspert Krım regionu barədə əlavə məlumatlar da çatdırıb.

“Ümumiyyətlə, Krım yarımadası özünün çox məhdud təbii və texnoloji resursları olan bir regiondur. Nə içməli suyu, nə elektrik enerjisi istehsal edən müəssisəsi, nə də hansısa faydalı qazıntıları var. Sözsüz ki, Krımın cənub – Qara dəniz sahilləri ən yaxşı kurort zonasıdır. Amma yarımadanın ən azı 70 faizi yovşanlıq və şoran torpaqlardır. Yəni Krım bu mənada özünü təmin edə bilməyən bir regiondur. Ona görə də 1954-cü ildə Kreml məcburiyyət qarşısında 29 min kv.km ərazini Ukraynaya verməklə əvəzində hazırda Kursk, Bryansk, Belqorod, Voronej vilayətləri və Krasnodar diyarlarına aid olan ərazilərdən 35 min kv.km-lik məhsuldar torpaqları Rusiyaya verib. Və bu da əsas səbəblərdən biridir ki, II Dünya savaşında ən güclü partizan hərəkatının olduğu ərazilərdən olan Kursk vilayətinə hücum zamanı bir nəfər də olsun, yerli sakin Ukrayna Silahlı Qüvvələrinə müqavimət göstərmir. Və ümumiyyətlə, yerli əhali Ukrayna hərbçiləriylə çox yaxşı dil tapır, eyni dildə danışırlar, çox mehribandırlar. Hətta Kursk sakinlərindən bəzilərinin Ukrayna hərbçilərinin avtomobilləri ilə Sumı şəhərinə müayinə və müalicə olunmaq üçün gedib-gəldiklərini də bildirirlər. Bununla bağlı onların Rusiya tərəfinə müraciətləri də var ki, Ukrayna əsgərləri bizimlə yaxşı davranırlar, bu barədə heç bir problemimiz yoxdur”- deyə Elxan Nuriyev əlavə edib.