Ombudsman Mərakeş səfirini qəbul edib

16:49 19.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeşin ölkəmizdəki səfiri Adil Embarçla görüşüb.

Ombudsman Aparatından hafta.az-a verilən məlumata görə, görüş zamanı ölkələr arasında ikitərəfli münasibətlərin inkişafıbarədə danışılıb.

S.Əliyeva Mərakeşin Rabat şəhərinə rəsmi səfəri, İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin iclasında iştirakı, Mərakeşin ədliyyə naziri, ombudsmanı və parlament nümayəndələri ilə görüşləri barədə danışıb. O, həmçinin iki ölkənin ombudsman institutları arasında anlaşma memorandumunun imzalanmasının planlaşdırıldığını əlavə edib. Ombudsman görüşdə Mərakeşin Milli İnsan Hüquqları Şurası ilə əməkdaşlıq perspektivlərinə də toxunub.

Daha sonra Ermənistanın Azərbaycana qarşı yürütdüyü terror siyasəti, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalaraq talanması, flora və faunaya vurulmuş ziyan və ərazilərin minalanması barədə məlumat verilib. Ombudsman İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın törətdiyi çoxsaylı müharibə cinayətləri ilə bağlı faktları özündə əks etdirən hesabatların hazırlanması və müvafiq beynəlxalq təşkilatlara ünvanlaması haqqında da söz açıb.

Yekunda iki ölkənin əlaqədar qurumları arasında müsbət təcrübələrin paylaşılmasının önəmi vurğulanıb.