Özbəkistan daha xammal deyil, hazır sənaye məhsulları ixrac edəcək

15:15 24.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türk dünyasının Türkiyədən sonra ən iri dövləti olan qardaş Özbəkistanda, hökumətin həyata keçirdiyi iqtisadi islahatlar öz bəhrəsini verməkdədir.

Hafta.az-ın yazdığına görə, hələ Sovetlər dövründə SSRİ-nin pambıq tarlası rolunu oynayan bu qədim və zəngin ölkə Şavkat Mirziyoyev hakimiyyətə gələndən sonra xammal satıcısından hazır sənaye məhsullarının istehsalçısı və ixracatçısına çevrilməyi qarşısına məqsəd qoyub. Xüsusilə də, Özbəkistanda hələ qədimdən mövcud olan gön-dəri istehsalında nəzərə çarpacaq artım var.

Prezident Şavkat Mirziyoyev son müşavirədə məhz dəri və ayaqqabı sənayesinin prioritetlərini müzakirə edib. Dövlət başçısı bildirib ki, istehlak mallarının istehsalında sənaye mühüm rol oynayır. Şəbəkə son illər texnoloji yeniliklər və lokallaşdırma nəticəsində xeyli böyüyüb. “Məsələn, 2017-ci ildə 760 milyard somluq dəri və ayaqqabı məmulatları istehsal edildiyi halda, 2021-ci ildə bu rəqəm 4 trilyon 415 milyard som təşkil edib. Eyni dövrdə ixrac 105 milyon dollardan 421 milyon dollara yüksəlib. Yəni istehsal 6 dəfəyə yaxın, ixrac isə 4 dəfə artıb. Hazır məhsulların xüsusi çəkisi də 32 faizdən 78 faizə yüksəlib” deyən prezident əlavə edib ki, bununla belə, bu şəbəkədə istifadə olunmamış imkanlar hələ lap çoxdur. Amma istehsalçılar üçün müəyyən problemlər mövcuddur. Xüsusilə, xammalın hesablanma sistemi yoxdur, avtomatlaşdırılmış sallaqxanaların olmaması dərinin keyfiyyətinə təsir göstərir. Konstruktorlar, texnoloqlar və bacarıqlı tikişçilər, müasir avadanlıqlar, kimyəvi maddələr və komponentlər çatışmazlığı var və sair.

Dövlət başçısı bildirib ki, regionlar üzrə Buxara və Xorəzmin illik ehtiyatı 2 milyon dəri olsa da, onların sənayedə toplanması və emalı sistemi qurulmayıb. Kaşkədəryada ildə 1,8 milyon dəri, Nəvaidə 700 min və Daşkənd vilayətində 500 min xırda buynuzlu heyvanın dərisi ümumiyyətlə emal olunmur. Bütün bunlar isə o deməkdir ki, dövlət böyük həcmdə sərvət itirir.

Bəs sənayenin sistemli inkişafı üçün nə edilməldir? Prezident çıxış yolunu göstərib - ilk növbədə, məhəllələrdə mal-qaranın kəsilməsi və dərisinin soyulması üçün kiçik səyyar xidmətlər yaradılmalı, bunun üçün güzəştli kreditlər ayrılmalıdır.

“Məlumat verdilər ki, 2021-ci ildə ümumi dəyəri 421 milyon dollar olan 248 layihə həyata keçirilib. Hesab edirəm həmin müəssisələr vaxtında işə salınmalı, eləcə də yeni perspektivli layihələrin işlənib hazırlanması, yerliləşdirmə və müasir modellərin hazırlanmasına diqqət artırılmalıdır. Nukus, Altınkul, Şəhrixan, Condor, Namanqan, Urqut, Səmərqənd, Anqor, Ahanqaron və Həzarəsp rayonlarında, Namanqan, Margilan, Kokand, Cizzəx, Qarşi və Nurəfşanda bu sektorda ixtisaslaşmış 16 kiçik sənaye zonası yaradılacaq. Bu ərazilərdə infrastrukturun qurulması üçün büdcədən 90 milyard som vəsait ayrılacaq. Sahibkarlara avadanlıqların alınması üçün 3 il güzəştlə 7 il müddətinə kreditlər veriləcək. Ümumilikdə bu il sənayenin dəstəklənməsi üçün 60 milyon dollar güzəştli kredit ayrılacaq”, - deyib Ş.Mirziyoyev.

Dövlət başçııs əlavə edib ki, plana əsasən regionlarda, xüsusilə də Kokand və Margilanda adət-ənənələrə uyğun olaraq, sənətkarlıq inkişaf etmiş məhəllələr seçilərək oradakı sənətkarlar dəstəklənəcək. Onlara ailə biznesi və mənzil proqramları çərçivəsində güzəştli kreditlər veriləcək və vergi güzəştləri şamil olunacaq. “Dəri və ayaqqabı məmulatları ixracının bu il 500 milyon dollara, yaxın üç ildə isə 1,2 milyard dollara çatacağı gözlənilir. Bu, böyük nailiyyətdir. Bu məqsədə çatmaq üçün bazar, böyük miqdarda xammal və ona uyğun tələbat var. Yalnız bunun üçün sahibkarlara hər cür şərait yaratmaq lazımdır. Bu məqsədlə əvvəllər verilmiş vergi və gömrük güzəştlərinin müddəti 2026-cı ilə qədər uzadılacaq. Xarici ekspertlərin cəlb edilməsi ilə bağlı xərclərin bir hissəsi də ödəniləcək. Xaricdə topdansatış anbarları və ticarət evləri yaradılacaq, bunun üçün 3 il müddətinə xarici valyutada 4 faizlik kredit veriləcək”, - deyən prezident əlavə edib ki, bu gün Özbəkistanda istehsal olunan dəri məmulatlarından istifadə etməklə qadın ayaqqabılarının 23, uşaq ayaqqabıları isə 8 faizi istehsal olunur.

Oxunma sayı 441